EN

Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...



İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq Hörmüz boğazını bağlaması böyük neft böhranına səbəb olub. Böhran, xüsusilə Yaxın Şərq neftindən asılı ölkələr üçün daha kəskin şəkil alıb. Yəməndəki İran tərəfindən dəstəklənən Husi üsyançıları da xəbərdarlıq ediblər ki, əgər Körfəz ölkələri ABŞ və İsraillə birlikdə müharibəyə qoşularsa, Bab əl-Məndəb boğazını bağlaya bilərlər. Bu, vəziyyətdə ikinci vacib ticarət yolu da başlanmış olacaq.

"Baş verənlər qarşısında susmağımıza mane olan dini, mənəvi və humanitar məsuliyyətimiz var. İran və Livana qarşı təcavüz vəhşicəsinə şiddətlənərsə və ya hər hansı bir Körfəz ölkəsi İsrail və ya ABŞ-ı dəstəkləmək üçün birbaşa hərbi əməliyyatlara qoşularsa, Bab əl-Məndəb boğazını bağlamaq tətbiq edə biləcəyimiz bir variantdır" – deyə Husi administrasiyasının informasiya nazirinin müavini Məhəmməd Mənsur bildirib.

ABŞ və İsrailin 28 fevralda başlayan hücumlarından sonra İran dünyanın ən işlək neft daşıma marşrutlarından biri olan Hörmüz boğazını faktiki olaraq bağlayıb. Bu, qlobal iqtisadiyyata ciddi təsir göstərib və dünya neft ticarəti üçün çox vacib olan Bab əl-Məndəb boğazının da bağlanması halında böhranın daha da ağırlaşacağı gözlənilir.

Bab əl-Məndəb boğazının Ərəbistan yarımadası tərəfində Yəmən, Afrika tərəfində isə Cibuti və Eritreya yerləşir. Hind okeanından və Ədən körfəzindən gələn gəmilər Süveyş kanalına çatmaq üçün bu boğazdan keçməlidirlər.

115 km uzunluğunda və 36 km enində olan boğaz, 1869-cu ildə Süveyş kanalının açılması ilə beynəlxalq dəniz ticarəti üçün vacib tranzit nöqtələrindən birinə çevrilib. Avropa ilə Asiya arasında ən qısa dəniz yolu Süveyş kanalından keçir.

Qırmızı dəniz dəhlizi qlobal dəniz nəqliyyatı üçün ən işlək nöqtələrdən biridir. Dünyadakı bütün dəniz ticarətinin dörddə biri bu marşrutdan istifadə edir.

Qlobal neft ticarətinin 20%-i hazırda faktiki olaraq bağlı olan Hörmüz boğazından həyata keçirilirdi. Bab əl-Məndəb boğazı da bağlanarsa, dəniz yolu ilə qlobal neft ticarətinin daha 12%-i məhdudlaşmış olacaq. Digər tərəfdən, Bab əl-Məndəb kanalının bağlanması, Avropa ilə Asiya arasında ən qısa dəniz yolu olan Süveyş kanalına çıxışı da bağlayacaq.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, Yaxın Şərq və Asiyadan Qərbə doğru hər gün təxminən 5 milyon barel neft bu boğazdan keçir. Bundan əlavə, qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 8%-i də Bab əl-Məndəb boğazından keçir.

Bütün bunlar boğazın qlobal enerji təchizatının əsas xətlərindən biri olduğunu göstərir. Hörmüz boğazının faktiki bağlanması ilə Qırmızı dənizin qlobal ticarətdəki rolu daha da artıb.

Səudiyyə Ərəbistanı Yanbu limanından neft nəqli üçün Bab əl-Məndəb boğazından tranzit nöqtəsi kimi istifadə etməyə başlayıb. Ər-Riyad hər gün şərqdəki neft yataqlarından buraya boru kəməri vasitəsilə milyonlarla barel neft göndərir.

Xam neft və qazdan əlavə, Şərq və Qərb arasında əsas ticarət yolunda yerləşən Bab əl-Məndəb boğazından hər gün onlarla yük gəmisi keçir.

Bab əl-Məndəb boğazının bağlanması beş il əvvəl baş verən dəniz qəzasına bənzər təsir göstərə bilər. 2021-ci ilin mart ayında Panama bayrağı altında üzən "Ever Given" konteyner gəmisi Süveyş kanalında ilişərək nəqliyyatın hərəkətini dayandırmışdı. Həmin vaxt dünyanın ən işlək ticarət yollarından birinin təxminən bir həftə bağlanması qlobal təchizat zəncirlərini pozdu və qiymət artımlarına səbəb oldu.

Tahir TAĞIYEV

Chosen
17
baki-xeber.com

1Sources