EN

Sayalı Sadıqova: Dildəki bütün alınma sözləri süni şəkildə azərbaycanlaşdırmaq qeyri-mümkündür - MÜSAHİBƏ

Sayalı

Mətbuat Şurasının Dil məsələləri üzrə Komissiyası ilə APA-nın birgə layihəsi çərçivəsində ikinci müsahibə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri və Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın APA-ya müsahibəsi

Bakıda ictimai iaşə obyektlərinin adlarının əksəriyyəti ingilis dilində yazılıb

– Bəzən reklam lövhələrində əcnəbi sözlərdən istifadə olunur. Ümumiyyətlə, əcnəbi dildə adlandırılan iaşə obyektlərinin adının yanında tərcüməsi də yazılmalıdırmı?

– Reklamlar və iaşə müəssisələrinin əksəriyyətinin adı alınma sözlərlə verilir. Azərbaycan Respublikasının dövlət dili haqqında Qanunda qəbul edilib ki, ölkə daxilində küçə adlarının yazılışı, restoran adları və s. birinci növbədə Azərbaycan dilində yazılmalıdır. Sonra isə ikinci dildə, yəni ingilis dilində verilə bilər. Qeyd olunduğu kimi “rek­lam qur­ğu­la­rın­da yerləş­di­ri­lən rek­la­mın mət­nin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət dili ilə ya­na­şı di­gər dil­lər­dən is­ti­fa­də olu­na bi­lər. Bu hal­da xa­ri­ci dil­də olan mətn döv­lət di­lin­də olan mətn­dən son­ra yer­ləş­di­ril­mə­li, döv­lət di­lin­də olan mət­nin tut­du­ğu sa­hə­dən bö­yük­ ol­ma­ma­lı­dır”. Qanuna görə, bütün müəssisələrin adları Azərbaycan dilində böyük şriftlərlə verilməli, sonra ikinci dildə verilməlidir. Təəssüf ki, Bakı şəhərində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin adlarının əksəriyyəti ingilis dilində yazılıb. Ümumiyyətlə, Azərbaycanın milli yeməklərinin satıldığı müəssisənin adı nəyə görə ancaq ingilis dilində yazılmalıdır? Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də başqa qurumlar tərəfindən Dil haqqında qanuna əməl edilməlidir. Lakin hazırda bu qanun pozulub. Məsələ birbaşa dövlət tərəfindən nəzarətə götürülməlidir.

Dilin qorunmasında, inkişaf etməsində ən çox diqqəti cəlb edən, yaralı yerimiz olan məsələlərdən biri də reklamların dilidir. Reklamlar sadə, aydın şəkildə yazılmalıdır ki, hər bir şəxs reklamı oxuyub dərk edə bilsin. Təəssüf ki, reklamlarda daha çox alınma sözlərdən istifadə olunur, ədəbi dil normaları qorunmur və bu alınmaların əksəriyyəti demək olar ki, kütlə tərəfindən dərk edilmir. Dövlət Reklam Agentliyi bu məsələlərə xüsusi fikir verməlidir. Dövlət Reklam Agentliyi tərəfindən verilən reklamlara əvvəlcə ya Nəsimi adına Dilçilik İnstitutunda, yaxud da müəyyən bir qurum yanında dilçilər tərəfindən nəzarət edilməlidir. Tam aydın dildə yazılması təmin edildikdən sonra reklamlar yayımlanmalıdır. Buna görə də yeni mexanizm hazırlanmalıdır.

– Bəs beynəlxalq brendlərin adları necə olmalıdır?

– Onlar olduğu kimi saxlanılmalıdır. Çünki brend kimi bütün dünyada məşhurlaşıb, o cür qəbul edilib.

Türk dili dilimizi zənginləşdirən əsas mənbələrdən biridir

– Ölkədə dilçilərin bir qrupu Türkiyə türkcəsindən sözlərin dilimizə keçməsinin lehinədir, digər qrup isə əleyhinədir. Lehinə olanlar deyir ki, sözlər eyni kökdəndir, bununla dil zənginləşəcək. Əleyhinə olanlar isə deyir ki, keçməməlidir, dilin saflığı qorunmalıdır. Siz bu barədə nə fikirləşirsiniz?

– Azərbaycan dilinin zənginləşməsi həm dilin öz daxili imkanları, həm Türk dilləri əsasında, həm də alınmalar hesabına inkişaf edir. Məsələn, SSRİ dövründə alınmalar birbaşa rus dilindən keçirdisə, indi daha çox ingilis dilindən alınır. Bir çox elm sahələri – kimya, fizika, riyaziyyat, biologiya, texnikanın inkişafı ilə bağlı olan sahələrdə yeni anlayışlar yarananda ilk növbədə Azərbaycan dilinin daxili imkanları hesabına yaradılır. Sonra isə türk dillərinə müraciət olunur. Müasir dövrdə Türkiyə türkcəsindən dilimizə çox söz daxil olub. Bunların əksəriyyəti Türk mənşəlidir və dilimizi daha çox zənginləşdirir. Ona görə də Türk dili dilimizi zənginləşdirən əsas mənbələrdən biridir. Proses mütəmadi davam edir və buna qarşı çıxmaq qeyri-mümkündür. Başqa dillərdən söz almaqdansa, Türk dilindən söz almaq bütün türk dilləri arasında vahid terminoloji bazanın yaranmasına səbəb olur. Amma hər bir dilin öz fonetik xüsusiyyətləri, ədəbi dil normaları var. Ona görə də alınan söz hər bir dildə ədəbi dilin normalarına uyğunlaşdırılmalıdır. Dilimizə başqa dildən söz daxil olursa, dil normalarımıza uyğun şəkildə tələffüz olunmalı və yazılmalıdır.

– Sizcə, alınma sözlərdən imtina edib hamısını yerli sözlərlə əvəzləmək lazımdırmı? Lazımdırsa, proses necə olmalıdır? Mürəkkəb söz düzəltməklə, yoxsa, tamamilə yeni sadə bir söz yaratmaqla? Bu prosesdə Türkiyə türkcəsindən kömək almaq olarmı?

– Alınma sözlərin mənimsənilməsi çoxmərhələli prosesdir. Bütün dövrlərdə Azərbaycan dilinə alınmalar daxil olub. Əvvəl ərəb-fars, sonra rus, müstəqillik dövründə isə daha çox ingilis dilindən dilimizə alınma termin və sözlər daxil olur. Dilin daxili imkanları hesabında söz varsa, onu yad kəlmələrlə vermək, alınma qarşılığını işlətmək doğru deyil. Alınma sözlər ictimai-siyasi-sosial həyatda baş verən yeni anlayışlarla bağlı dillərə daxil olan davamlı bir prosesdir. Bu prosesdən irəli gələrək yaranan anlayışı dilin daxili imkanları hesabına ifadə etmək mümkündürsə, ilk növbədə dilin daxili imkanları əsas götürülməli, bundan sonra alınmalara müraciət olunmalıdır. Müasir dövrümüzdə Terminologiya Komissiyası tərəfindən dilimizdə daha çox ümumişlək olan, məsələn, ağıllı, düymə, süzgəc və s. sözlər hesabına bir çox yeni terminlər yaradılıb. Məsələn, ağıllı telefon, ağıllı kənd, ağıllı şəhər, kompüter düyməsi, yayım mərkəzi və s. Eləcə də dialekt və şivələr hesabına yeni terminlər yaradılır. Yəni yeni terminlərin mühüm hissəsi dilin daxili imkanları hesabına yaradılır. Ancaq elə alınmalar da var ki, onların işlədilməsi zəruridir. Çünki bu gün elmlərin dili, onun terminologiyası dünyəvi istiqamətdə inkişaf edir. Yaranan yeni anlayış ilk növbədə yarandığı yerdə adlanır və onun başqa dillərə keçməsi təbii prosesdir. Məsələn, koronavirus, koronofobiya və s. terminlər dilimizə olduğu kimi daxil olur. Terminlər elmi dilin vahidləridir. Beynəlxalq terminlər elmi dilin vahidləri olduğuna görə dünya dillərinə daxil olunur. Ona görə də bu terminlərin işlədilməsi təbii prosesdir. Dildə ümumişlək məişət sözlərinin alınma sözlərlə işlənməsi isə ayrı-ayrı fərdlərə məxsusdur. Yazı dilində isə bunların qarşısı alınıb. Yazı dilində ədəbi dilin normaları qorunduğuna görə, dilimizin daxili imkanları hesabına olan sözlərdən daha çox istifadə olunur.

Sözlərin qarşılığı süni şəkildə yaradılmayıbsa, onlar işləklik qazanır

– Azərbaycanda bəzi sahələrdə terminlər hələ də rus və ya ingilis dilində işlədilir. Niyə terminlərin və ümumişlək sözlərin dilimizdəki qarşılıqları cəmiyyətə daha gec yayılır?

– Dildə yeni anlayışların adlandırılmasında, terminologiyanın inkişafında xalq dili tükənməz məxəzdir. Ümumxalq danışıq dili və onun müxtəlif sözdüzəltmə vasitələri istər dilimizin tarixi inkişafı prosesində, istərsə də müasir dilimizdə yeni sözlərin yaranmasında əsas və tükənməz bir mənbədir. Terminlər müxtəlif elm sahələrində mütəxəssislər tərəfindən dar çərçivədə işlənir. Ümumişləklik qazanan terminlər isə xalq arasında geniş şəkildə işlənir. Müəyyən alınma terminlərin Azərbaycan dilində qarşılığı yaradılır. Bu sözlərin işləklik qazanması xalq dilində geniş şəkildə işlənməsindən asılıdır. Ümumiyyətlə, sözlərin qarşılığı süni şəkildə yaradılmayıbsa, onlar işləklik qazanır. XX əsrin 20-ci illərində Terminologiya Komissiyası tərəfindən ilkin dövrlərdə lüğətlərin tərtibində süni terminlər yaradıldı. Məsələn, nöqtə-bənək, sənaye-törədiş, coğrafiya-yer­bil, hid­ro­lo­gi­ya-su­bil, ast­ro­lo­gi­ya-göy­bil, riyaziyyat-saybil və s. Bu terminlər anlayışın əsas əlamətlərini ifadə etmədiyinə görə heç biri işləklik qazanmadı. Termin o vaxt işləklik qazanır ki, anlayışı tam şəkildə ifadə edə bilsin. Terminlər mütəxəssislər tərəfindən yaradılır. Dilçilər söz kimi onu təhlil edir, müxtəlif xüsusiyyətlərini müəyyənləşdirir. Düzgün proses aparıldıqda, anlayış dəqiq adlandırılırsa, dildə özünə yer tapa bilir. Yeni yaradılan sözlərin işləklik qazanması üçün onlar ilk növbədə müəyyən kanallarda, kütləvi informasiya vasitələrində yayımlanmalıdır. Televiziyada yeni sözlərdən istifadə olunmalıdır ki, cəmiyyət içində işlənsin. Aparıcılar nitqində həmin sözləri işlətməli, mətbuatda dərc edilən məqalələrdə bu sözlər əksini tapmalıdır. Bu baxımdan KİV-in üzərinə böyük vəzifə düşür.

– XX əsrin əvvəllərində süni terminlərin yaradılmasına hansı səbəblər zəmin yaratmışdı?

– Terminlərin yaranmasında müxtəlif prinsiplərdən istifadə olunur. 1922-ci ildə isə Terminologiya Komissiyasında dili saflaşdırmaq, dildə olan bütün ərəb-fars sözlərini çıxardıb Azərbaycan sözləri ilə əvəzləmək qarşıya məqsəd kimi qoyulmuşdu. Hə­­­min dövr­­­də mək­­­təb­­­lə­­­rin ehtiyaclarını ödə­­­mək məq­­­sə­­­di­­­lə dərsliklər yazılır, müxtəlif elm sahələri ilə bağlı bir sı­­­ra ter­­­mi­­­no­­­lo­­­ji lü­­­ğət­­­lər nəşr olunmuşdu. Elm sa­hə­lə­rin­də işlənən ərəb və fars ter­­­min­­­ləri di­­­li­­­miz­­­dən çı­­­xa­­­rı­­­b, əvə­­­zin­­­də mə­na­sı ay­dın ol­ma­yan qondarma uydurma ter­min­lər ya­­­ra­­­dır­­­dı­­­lar. Mə­­­­sə­­­lən: mad­­­də-nəs­­­nək, mən­­­fi-tərs, müs­­­bət-ovand, məc­­­mu-to­­­pal, həll-çü­­­rüş, düs­­­tur-çeşni, rə­­­qəm-sa­­­yac, nöq­­­tə-bə­­­nək, mə­­­sə­­­lə-sor­­­ğu, da­­i­­­rə-fir­­­do­­­qa, nis­­­bət-tu­­­tuş, hədd-çit, xət­­­ti ma­­­il-ya­­­tıq­­­ça, kə­­­miy­­­yət-bu­­­yur kö­­­çür, işa­­­rə-cı­­­zıq. Ancaq bu prinsip özünü doğrultmadı. Müasir dövrdə dilin saflığı qorunur, dilin daxili imkanları hesabına yeni terminlər yaradılır. Dildə olan bütün alınmaları çıxarmaq və ya onları süni şəkildə azərbaycanlaşdırmaq qeyri-mümkündür. Süni şəkildə dili yükləmək olmaz. Terminlərin mühüm bir hissəsi dilin öz daxili imkanları, eləcə də alınmalar hesabına yaradılır.

Qanunların yazılmasında dilçilər iştirak etməlidir

– Sayalı xanım, qanunların dili çox mürəkkəbdir. İnsanlar qanunu anlamaq üçün dəfələrlə oxumalı olur. Sizcə, qanunların yazılmasında dilçi alimlər iştirak etməlidirmi?

– Qanunların dili ədəbi dil normalarına uyğun olmalıdır. Rəsmi üslubda olduğuna görə fikirlər konkret, dəqiq və birmənalı verilir. Ona görə də qanunların yazılmasında hüquqşünaslarla yanaşı, dilçilər də iştirak etməlidir. Çünki qanun ali, hüquqi dövlətin əsas prinsipidir. Bu prinsipin başa düşülməsi, aydın dildə yazılması vacib şərtlərdən biridir.

Əksər internet televiziyalarında ədəbi dilin normaları pozulur

– Kütləvi informasiya vasitələrinin, xüsusən də televiziyaların dilini necə dəyərləndirirsiniz? Mövcud problemlərin həlli üçün hansı təklifləriniz var? Sizcə, dilin qaydalarını pozan ictimai şəxslər - yazıçılar, aparıcılar, və s. cərimə edilməlidir?

– Hazırda televiziyaların dili qənaətbəxş deyil. Təsadüfi insanların efirə çıxarılması və onların nitqlərinin qüsurlu olması cəmiyyətə, gənc nəslə mənfi təsir edir. Televiziyanın dili ədəbi dili təmsil edir. Ədəbi dil normaları televiziyada qorunmalıdır. Aparıcının söz ehtiyatından başqa, o, sözün işlənmə mexanizmini bilməlidir. Ona görə də televiziyaya çıxan aparıcılar üçün treninqlər şəklində maarifləndirmə işləri aparılmalıdır. Çünki onların nitqi cəmiyyət üçün etalondur. Televiziyalarda artıq Audiovizual Şura tərəfindən təlimlər aparılır və aparıcıların nitqinə xüsusi diqqət verilir. Ancaq internet televiziyalarında bunu etmək çətindir. Çünki istənilən şəxs öz televiziyasını, saytını aça bilir. Əksər internet televiziyalarında ədəbi dilin normaları pozulur, əzəli kəlmələr əvəzinə alınmalar daha çox işlənilir. Dövlət dili haqqında Qanunda göstərilir ki, ədəbi dil normaları pozulduğu halda, onun haqqında müəyyən məsuliyyət cəzaları tətbiq olunsun. Ancaq bu Qanun indiyə qədər icra edilməyib. Televiziyalarda, KİV-də maarifləndirmə işləri genişləndirilməlidir. Müəyyən sözlərin deyilişi və yazılışı xüsusi auditoriyalarda öyrənilməli, maarifləndirmə işləri aparılmalıdır. Orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisinə verilən saatların miqdarı artırılmalıdır. Bu, ədəbi dil normalarının qorunmasına geniş istiqamət verəcək. Yazıçılar, aparıcılar isə dili inkişaf etdirənlərdir. Bütün dövrlərdə ədəbi dilin inkişafı ziyalıların yazdıqları əsərlər əsasında təhlil olunur. Cərimə isə yeganə çıxış yolu deyil.

– Sosial şəbəkələrdə yaranan yeni sözlər və ifadələr terminologiyaya təsir göstərirmi?

– Sosial şəbəkələrdə fərdi şəxslər tərəfindən yaradılan sözlər qəbul edilmir. Terminologiya Kommisiyası tərəfindən sosial şəbəkələrdə yaradılan sözlərin əksəriyyəti təkzib edilir. Çünki termin yaranması bir prosesdir və bu proses mütəxəssislər tərəfindən həyata keçirilir. Terminologiya Komissiyasında elmin müxtəlif sahələri ilə bağlı 14 bölmə fəaliyyət göstərir. Bu bölmələrdə dilə daxil olan alınmalar, yaranan yeni terminlər müzakirə olunur və terminoloji lüğətlər nəşr olunur. Müstəqillik illərində Terminologiya Komissiyasının qərarı ilə 200-ə yaxın terminoloji lüğət nəşr olunub.

– Sosial şəbəkələrdə istifadə edilən “qarışıq dil” – Azərbaycan, rus və ingilis sözlərinin birlikdə işlədilməsi dilin gələcəyinə necə təsir edə bilər?

– Sosial şəbəkələrdə müəyyən fikirlərə münasibət bildirən zaman fərdlər arasında danışıq prosesində əsas mənfi cəhətlərdən biri ingilis-rus-türk sözlərinin qarışıq işlənməsidir. Ədəbi dildə danışmaq ailədən başlayır, bağçada, məktəbdə inkişaf etdirilir. Ona görə də bu proses, yəni qarışıq sözlərdən istifadə ədəbi dilin inkişafına mənfi təsir göstərir. Biz ədəbi dili qorumaq istəyiriksə, birinci növbədə dilimizin bütün imkanlarından istifadə edərək öz nitqimizi səlis qurmalıyıq. Bağça dövründən başlanan nitq daim təkmilləşən prosesdir. Təəssüf ki, sosial şəbəkələrdə qarışıq nitqdən istifadə edilir və bu nitq daha çox ingilis və Azərbaycan sözlərindən ibarət olur. Proses müəyyən fərdlərə məxsus olsa da, qarışıq şəkildə dildə işlədilməsi dilin normalarına ziddir. Ədəbi dil normalarının qorunmaması ədəbi dilin şəffaflığının pozulmasına səbəb olur. Dilimizi bütün dövrlərdə qorumuşuq və müasir dövrdə də onu qorumaq ən mühüm vəzifələrdəndir.

Tələbələr akademik səviyyədə danışmalıdır

– Gənclərin dilinin qarışması ilə yanaşı, nitq qüsurları da müşahidə edilir. Tələbələrin dilindəki qüsurların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

– Dilimizin zənginləşməsində danışıq dilinin böyük rolu var. Danışıq dilinin qorunması, tənzimlənməsi istiqamətində mühüm işlər aparılır. Əvvəllər nitqin inkişaf etdirilməsi üçün “Nitq mədəniyyəti” fənni tədris edilirdi. Ancaq indi bu fənn “Azərbaycan dilində işgüzar akademik kommunikasiya” fənni ilə əvəz olunub. Nitqə verilən tələblər və normalar tələbələrə tədris olunur. Çünki tələbələr akademik səviyyədə danışmalıdır. Bu baxımdan, həmin fənnin əsas məqsədi tələbələrin nitqini inkişaf etdirməkdir.

– Ortaq türk dilinin gündəmdə olduğu zamanda ölkəmizdə müəyyən türk, eləcə də əcnəbi adların istifadəsinə məhdudiyyətlər tətbiq edilir. Bunun səbəbi nədir? Ümumiyyətlə, adların verilməsində hansı nüanslar əsas götürülür?

– Adlar xalqın milli kimliyidir. Müasir dövrdə türk mənşəli adların verilməsi bütün lüğətlərdə öz əksini tapıb və qeydiyyat idarələrində verilən adların mühüm bir hissəsi türk mənşəli adlardır. Məsələn, son dövrlərdə dilimizə daha çox daxil olan Barış, Dəniz, Damla, Yağmur tipli adların əksəriyyəti türk mənşəlidir. Müasir dövrdə yeni doğulan uşaqlara türk mənşəli adlar daha çox verilir. Alınma adlar isə tarixən verilib, indi də verilir. Bu daha çox dünyada məşhurlaşan insanlar – müğənnilər, aktyorlar, müəyyən sahədə xüsusi fəaliyyəti olan insanların adları ilə bağlıdır. Ad veriləndə adın mənşəyi, mənası müəyyənləşdirilir, Azərbaycan dilinə, səs sisteminə uyğunlaşdırılması nəzərə alınır. Sözlərin mənşəyi, mənası əsas götürülərək tənzimlənir və uşaqlara verilir. Dilimizdə ərəb və fars mənşəli adlar çoxdur. Qurandan uşaqlara ad verilirdi. Bu ənənə uzun müddət davam etdiyinə görə, müasir dövrdə də o adlar nəsildən-nəslə ötürülərək yaşadılır. Ancaq hazırda daha çox türk mənşəli adlar verilir.

1700-ə yaxın adın verilməsinə qadağa qoyulub

– Sayalı xanım, ümumiyyətlə, qadağan edilən adlar siyahısı varmı?

– Terminologiya Komissiyasında 2014-cü ildə müəyyən adlar vardı ki, verilməsinə qadağa qoyuldu. O dövrlərdə ad dəyişimi ilə bağlı qeydiyyat idarələrinə çox müraciət olunurdu. Bu adlar əsasən SSRİ dövrünə aid, qeyri-adi adlar idi. Məsələn, Sovet, Kolxoz, Sovxoz, Traktor, Ansambl, Şura tipli adların dəyişdirilməsi üçün çox müraciət olunurdu. Ona görə də belə adlar qeydiyyat idarələrindən toplanaraq 1700-ə yaxın adın verilməsinə qadağa qoyuldu. Müasir dövrümüzdə bu adların heç biri verilmir. Valideynləri daha çox lakonik, gözəl səslənən və gözəl mənası olan adlar maraqlandırır. Bu da maarifləndirmə əsasında həyata keçirilib.

– Son illərdə dini adların verilməsi ilə bağlı vəziyyət necədir?

– Müasir dövrümüzdə “Dədə Qorqud” dastanından, eləcə də abidələrdə işlənən türk mənşəli adlar daha çox verilir. Beyrək, Qantural, Selcan, Tural, Arslan, Alpaslan, Alpər kimi adlara daha çox meyl artıb. Müəyyən dini adlar var ki, Zəhra, Fatimə, Xədicə və s. tarixən verilib, indi də verilir. Azərbaycan dilində sadə, düzəltmə və mürəkkəb adlar var. Əvvəllər daha çox ikili adlar haqqında müraciət edilirdi. Məsələn, Əkbər İmran, Həcər Zəhra və s. bu tipli ayrı yazılan adlarla bağlı müraciət olunurdu. Bunların qarşısı alınıb. Adlar tarixən necə verilibsə, o şəkildə də ədəbi dil normalarına uyğun olaraq yazılış qaydaları müəyyənləşdirilir və ona uyğun da adlar yazılır.

– İkili ad demişkən, Azərbaycanda qədimdən ikili ad ənənəsi olub. Məsələn, Əbdülqadir, Əbdülhüseyn, Məhəmmədəli və s. Bu ənənə getdikcə tövsiyə edilmir. Bu da qədimdən gələn ənənələrin itirilməsi ilə nəticələnir.

– Əbdülqadir, Əbdülhüseyn, Məhəmmədəli kimi mürəkkəb adlar elə indi də ənənəvi şəkildə verilir. O adlar şəcərə adı, nənə-baba adıdır. Bu ənənə müasir dövrdə də davam etdirilir. Bu adlar forması və səslənməsinə görə yox, ənənəyə uyğun olaraq verilir. Əlihəsən, Əliyusif kimi mürəkkəb adlar dilimizdə var. Bu adlar Azərbaycan dilinin sistemində oturuşub. Ancaq ayrı yazılan hər iki adın ayrılıqda böyük hərflə yazılması ənənəsi yoxdur. Körpələrə mənalı adlar qoyulmalıdır. Ona görə də maarifləndirmə işləri aparılır ki, daha lakonik, müasir adlar verilsin. Məsələn, Ucal, Uğur, Barış, Aysun adları daha çox verilir. 2025-ci ildə ən çox qoyulan adlar bu qəbildəndir.

Adların dəyişdirilməsi ilə bağlı ən çox müraciət 2000-2013-cü illərdə olub

– Ad, soyad dəyişimi ilə bağlı bir tendensiya yaranıb. İnsanlar astroloqa, numeroloqa və s. müraciət edərək öz ad və soyadlarının uğurlu olub-olmamasını yoxladırlar. Uğurlu olmadığı təqdirdə, xüsusi hesablama ilə ad və soyadlarını dəyişdirirlər. Son zamanlarda ad, soyad dəyişimində artım müşahidə edilirmi? Bu tendensiyanı necə dəyərləndirirsiniz?

– Adı ucaltmaq hər bir insanın fəaliyyəti ilə bağlıdır. Elə adlar var ki, valideyn onu qoysa da, övlad onu doğrultmayıb. Ancaq elə adlar var ki, işlənmə dairəsi əvvəlkinə nisbətən daha genişdir. Ad ahəngdardırsa, gözəl səslənirsə, qoyulur. Buna görə astroloqa, numeroloqa müraciət etmək mənasızdır. Onların ad ilə bağlı diaqnozları uydurmadır. Adı yüksəldən şəxsin özüdür. Ad seç­mə pro­se­sin­də onun milliliyi, mənası, mənşəyi nə­zə­rə alın­ma­lı­dır. Adın se­çil­mə­sin­də kim­lə­rin iş­ti­rak et­mə­si­nə bax­ma­ya­raq, əsas mə­su­liy­yət ata və ana üzə­ri­nə dü­şür. Buna görə də ad seç­mə va­li­deyn­lə­rin mə­su­liy­yə­ti­ni da­ha da ar­tı­rır. Çün­ki va­li­deyn­lər tərəfin­dən düşünülməmiş qo­yu­lan ad­lar son­ra­dan öv­lad­lar tə­rə­fin­dən də­yiş­di­ril­mə­si­nə sə­bəb olur. Bu­nun mən­fi nə­ti­cə­si uşaq bo­ya-ba­şa çatandan son­ra da­ha çox diq­qə­ti cəlb edir. Ad­seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir. Tə­əs­süf ki, bir sı­ra valideyn­lər müqəddəs və­zi­fə­lə­ri­ni, borclarını unu­da­raq aşa­ğı­da­kı ad­la­rı öv­lad­la­rı­na ve­rir­lər: Stə­kan, Şü­şə­bənd, Tür­mə, Ci­na­yət­kar, Samovar, Kəniz, Kün­də, Di­lən­çi, Kü­lək, Mə­lu­mat, Mey­xoş, Qaç­maz, Bü­töv, Rə­zil, Şi­ka­yət. Hər ümumişlək söz ada çevrilə bilməz. Mənası dəqiq, səslənməsi gözəl olan sözlər ada çevrilə bilər. Adların dəyişdirilməsi ilə bağlı ən çox müraciət isə 2000-2013-cü illərdə olub. Həmin adların mənası, səslənməsi düzgün olmadığına görə müraciətlər çox idi.

Bütün terminlərin qarşılığı yaradılıb və bu proses daim davam edir

– Azərbaycan dilində yeni terminlərin yaradılması prosesi necə aparılır? Bu prosesdə hansı meyarlar əsas götürülür?

– Yeni terminlərin yaradılması ictimai-siyasi həyatda baş verən hadisələrlə bağlı çox sürətlə gedir. Terminlər yaradılarkən ilk növbədə dilin daxili imkanları əsas götürülür, əgər dildə qarşılığı yoxdursa, alınma sözlərdən istifadə edilir. Terminologiya Komissiyasında fəaliyyət göstərən mütəxəssislər tərəfindən alınma sözlərin qarşılıqları müəyyənləşdirilir. Sözün qarşılığının verilməsi mümkün deyilsə, beynəlxalq termindirsə, olduğu kimi lüğətə daxil edilir. Terminologiya məsələləri toplusunda dilə yeni daxil olmuş terminlərin siyahısı verilir. Hər bir topluda 25 termin öz əksini tapıb. O toplu ildə iki dəfə nəşr edilir. Bununla yanaşı, Azərbaycan dilinə daxil olan yeni terminlərin 3 cildlik izahlı lüğəti hazırlanıb. Birinci cilddə 2800 termin, ikinci cilddə 1750, üçüncü cilddə isə 2200 termin öz əksini tapıb. Hazırda da terminlərin toplanması prosesi davam edir. Bu lüğətlər sayt vasitəsilə hər bir mütəxəssisə çatdırılır.

– Bəzi mütəxəssislər deyir ki, Azərbaycan dili elmi terminlər baxımından hələ də kasaddır. Siz bu fikirlə razısınızmı?

– Xeyr. Bütün mütəxəssislər ən mürəkkəb fikirləri Azərbaycan dilində ifadə edir. Bütün terminlərin qarşılığı yaradılır və bu proses daim davam edir.

Terminologiyanın inkişafında süni intellektdən istifadə edilməlidir

– Süni intellekt və rəqəmsal texnologiyaların inkişafı Azərbaycan dilinin terminologiyasına necə təsir edir?

– Bütün elm sahələrində olduğu kimi terminologiyanın da inkişafında süni intellektdən istifadə edilir. Birinci növbədə dilimizə daxil olan və dilimizdə formalaşan bütün elm sahələri ilə bağlı lüğətlərin elektron bazaları yaradılmalıdır. Bu elektron bazalar süni intellekt vasitəsilə bütün mütəxəssislərə çatdırılmalıdır. Elektron bazaların yaradılması təkcə Respublika daxilində deyil, eyni zamanda, türk dilli ölkələrin Terminologiya Komissiyaları arasında əlaqələrin yaradılmasına təsir göstərir. Komissiyalar arasındakı əlaqələrin genişlənməsi və terminoloji bazaların yaradılması ortaq terminoloji lüğətlərin yaradılması üçün bir istiqamətdir. Hazırda Qazaxıstanda Türk Akademiyasının və Terminologiya Komissiyalarının təklifi əsasında dilçilik, tibb, iqtisadiyyat, hərbi terminlər lüğəti hazırlanıb. Bu lüğətlər ortaq terminoloji lüğətlərin yaradılması üçün bazadır. Bu lüğətlər Türk dövlətləri arasında terminoloji bazanın möhkəmləndirilməsinə və elmi dilin sürətli inkişafına təkan verir.

– Gələcəkdə Azərbaycan dilində terminoloji bazanın tam rəqəmsallaşdırılması planlaşdırılırmı?

– Bəli, Akademiyanın Prezidenti, Terminologiya Komissiyasının sədri akademik İsa Həbibbəyli bu sahədə işlərin görülməsi ilə bağlı mühüm tapşırıqlar verib. Azərbaycan dilində elmin, texnikanın müxtəlif sahələri ilə bağlı tərtib edilmiş terminoloji lüğətlər bu bazada yerləşdiriləcək. Bu lüğətlərin hər birinin rəqəmsal terminoloji bazaya daxil edilməsi qərarlaşdırılıb.

– Sizcə, bu gün Azərbaycan dilinin ən böyük problemi nədir? Termin çatışmazlığı, dilin düzgün istifadə olunmaması, yoxsa qloballaşmanın təsiri?

– Müasir dövrümüzdə qloballaşma bütün dillərə təsir edir. Qloballaşma şəraitində dillər arasında əlaqələrin artması dillərin lüğət tərkibinə, eləcə də terminoloji bazasına müsbət təsirlə yanaşı, müəyyən mənfi təsirlər də göstərir. Bu daha çox alınmaların qarşısını almaq, dili inkişaf etdirməyi qarşıya bir məqsəd kimi qoyur. Dilin qorunması və inkişaf etdirilməsi üçün dildən düzgün istifadə olunmalıdır. Ona görə də qloballaşma şəraitində zamanın tələblərinə uyğun olaraq terminlər yaradılmalı və istifadə edilməlidir.

Chosen
3
3
xalqcebhesi.az

4Sources