EN

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb

Bakı 3 aprel, AZƏRTAC

Çempionat oyunları zamanı hakim qərarlarında səhvlər olur.

AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

O, hakimlərin inkişafı üçün proqramlar hazırlandığını bildirib: "Səhvləri minimum səviyyəyə endirmək üçün əlimizdən gələni edirik".

R.Nəcəfin sözlərinə görə, futbolla bağlı ən böyük arzusu Azərbaycan millisinin dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasıdır. Bir azarkeş kimi də bunu çox istəyirəm".

AFFA prezidenti infrastrukturun inkişafı üçün sponsorların cəlb edilməli olduğunu söyləyib: "Məsələn, bunlardan biri stadionlara sponsor şirkətlərin adlarını verməkdir. Tez bir zamanda infrastrukturu bərpa etmək olmur. Bunun üçün əlimizdən gələni edirik. Bizim əsas məqsədlərimizdən biri də regionlarda futbolu inkişaf etdirmək, uşaq futbolunun səviyyəsini yüksəltmək və stadionları yaxşı vəziyyətə gətirməkdir".

O, yerli mütəxəssislər üçün zəruri şəraitin yaradıldığını vurğulayıb: "İstərdik ki, karyerasını bitirən bütün futbolçulara iş verək. Amma bu real deyil".

"Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb. Artıq yerli futbolçular əcnəbilərlə başabaş mübarizə aparırlar", - deyə qurum rəsmisi fikirlərini tamamlayıb.

Müxbir - Cavid Əliyev
Foto – Azər İbrahimov
Chosen
41
6
azertag.az

8Sources