EN

QHT-lərin Milli Fəaliyyət Planlarında iştirakı mühüm rol oynayır — Mirəli Hüseynov

Müxtəlif sahələr üzrə milli fəaliyyət planlarının qəbul olunması və icrası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Bu prosesdə vətəndaş cəmiyyətinin mühüm institutları olan qeyri-hökumət təşkilatlarının (QHT) iştirakı xüsusi əhəmiyyət daşıyır.

Qeyri-hökumət təşkilatlarının (QHT) müxtəlif sahələr üzrə Milli Fəaliyyət Planlarının (MFP) hazırlanması, icrası və monitorinqində iştirakı üzrə müəyyən praktika formalaşıb. Bu sözləri Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov QHT.az-a açıqlanasında bildirib və əlavə edib ki, xüsusilə insan alveri, məişət zorakılığı, korrupsiyaya qarşı mübarizə və gender bərabərliyinin təmin olunması sahələrində bu iştirak daha geniş yayılıb.

M.Hüseynovun sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə qəbul edilmiş dövlət proqramlarında QHT-lərin iştirakı kifayət qədər nəzərdə tutulub. O vurğulayıb ki, bu iştirak yalnız icra mərhələsi ilə məhdudlaşmır, həmçinin proqramların hazırlanması və monitorinqi proseslərini də əhatə edir.

Sədr qeyd edib ki, təmsil etdiyi təşkilat əvvəllər dəfələrlə korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsinin müzakirəsinə dəvət olunub. Onun sözlərinə görə, bu cür müzakirələr QHT-lərə öz mövqelərini və təkliflərini birbaşa təqdim etmək imkanı yaradır.

“QHT-lərin iştirakı yalnız icra mərhələsini deyil, bu proqramların hazırlanması və onların monitorinqi prosesini də əhatə edir” — deyə Mirəli Hüseynov bildirib.

Mirəli Hüseynov mövcud praktikanı yüksək qiymətləndirdiklərini diqqətə çatdıraraq qeyd edib ki, bu iştirakçılıq mexanizminin daha da gücləndirilməsi vacibdir.

“Mövcud praktikanın daha da gücləndirilməsi problemlərin müəyyən edilməsi, ehtiyacların obyektiv qiymətləndirilməsi, resurslardan səmərəli istifadə və şəffaflığın təmin olunmasına QHT-lərin töhfəsini artıracaq” — deyə sədr vurğulayıb.

Onun fikrincə, QHT-lərin proseslərə daha fəal cəlb olunması dövlət proqramlarının effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Fatimə Nəbiyeva

Chosen
38
2
qht.az

3Sources