EN

Sayalı Sadıqova: "Dildəki bütün alınma sözləri azərbaycanlaşdırmaq qeyri-mümkündür"

"Dildə olan bütün alınmaları çıxarmaq və ya onları süni şəkildə azərbaycanlaşdırmaq qeyri-mümkündür".

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri və Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib:

"Terminlərin yaranmasında müxtəlif prinsiplərdən istifadə olunur. 1922-ci ildə isə Terminologiya Komissiyasında dili saflaşdırmaq, dildə olan bütün ərəb-fars sözlərini çıxardıb Azərbaycan sözləri ilə əvəzləmək qarşıya məqsəd kimi qoyulmuşdu. Həmin dövrdə məktəblərin ehtiyaclarını ödəmək məqsədilə dərsliklər yazılmış, müxtəlif elm sahələri ilə bağlı bir sıra terminoloji lüğətlər nəşr olunmuşdu.

Elm sahələrində işlənən ərəb və fars terminlərini dilimizdən çıxarıb, əvəzində mənası aydın olmayan qondarma uydurma terminlər yaradırdılar. Məsələn: maddə-nəsnək, mənfi-tərs, müsbət-avand, məcmu-topal, həll-çürüş, düstur-çeşni, rəqəm-sayac, nöqtə-bənək, məsələ-sorğu, dairə-firdoqa, nisbət-tutuş, hədd-çit, xətti mail-yatıqça, kəmiyyət-buyur köçür, işarə-cızıq. Ancaq bu prinsip özünü doğrultmadı.

Müasir dövrdə dilin saflığı qorunur, dilin daxili imkanları hesabına yeni terminlər yaradılır. Dildə olan bütün alınmaları çıxarmaq və ya onları süni şəkildə azərbaycanlaşdırmaq qeyri-mümkündür. Süni şəkildə dili yükləmək olmaz. Terminlərin mühüm bir hissəsi dilin öz daxili imkanları, eləcə də alınmalar hesabına yaradılır".

Chosen
20
far.az

1Sources