EN

Pik vaxtlarda xətlərdə daha çox qatar hərəkət edəcək − günorta saatlarında da qatar sayı artırıldı

BAKI,TurkicWorld

AZCON Holding şirkətlərindən olan Bakı Metropolitenində qatarların hərəkət qrafikinin optimallaşdırılması istiqamətində növbəti yenilik tətbiq edilib.

TurkicWorld xəbər verir ki, sərnişindaşıma ilə bağlı son statistik göstəricilər metropolitendə sərnişin sayının artdığını göstərir. Belə ki, fevral ayının statistik nəticələri son 5 ilin eyni dövrü ilə müqayisədə yüksək olub və bu artım intervalların azaldılması istiqamətində həyata keçirilən tədbirlərin sərnişin etimadını daha da gücləndirdiyini göstərir.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında pik saatlarda qatarların sayı saatda 32 cütə çatdırılaraq intervallar 1 dəqiqə 52 saniyəyədək azaldılmışdı. Sentyabrın 15-də bu göstərici saatda 34 cüt olmaqla, interval 1 dəqiqə 45 saniyəyə endirildi, dekabr ayında isə qatar cütlərinin sayı 35-ə çatdırıldı.

Texniki sistemlərdə həyata keçirilən yeniliklər və rəqəmsal idarəetmələrin imkanları sayəsində artıq cari ilin mart ayından günün pik vaxtlarında “28 May–Əhmədli” sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir.
Günorta saatlarında sərnişin axını nəzərə alınaraq, saat 12:30–14:30 və 16:00–17:00 aralıqlarında interval 30 saniyə azaldılaraq, “28 May–Əhmədli” sahəsində 2 dəqiqlik hərəkət qrafiki tətbiq olunur.

Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00–09:00 aralığında “Koroğlu”, 13:00–14:00 aralığında “28 May”, “Gənclik” və “Elmlər Akademiyası”, 18:00–19:00 aralığında isə “Elmlər Akademiyası” və “28 May” stansiyalarına qədər xəttə sərnişinsiz qatarlar verilir.

Bir qatarın təxminən 1600 sərnişin tutumunu nəzərə alsaq, bu tədbir həmin vaxtlarda sərnişin sayının daha çox müşahidə olunduğu stansiyalarda sıxlığın tənzimlənməsinə müsbət təsir göstərir.

Edilən bütün dəyişikliklər dayanıqlı şəhər nəqliyyatı sisteminin inkişafı və idarəetmədə rəqəmsal həllərin geniş tətbiqi istiqamətində görülən tədbirlərin tərkib hissəsidir. Bununla da xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mövcud infrastruktur şəraitində qatarların hərəkəti üçün ən optimal qrafik tətbiq olunur.

Chosen
16
10
turkic.world

10Sources