EN

Azərbaycan adından İrana edilən humanitar yardımın arxasında sadəcə dövlət siyasəti dayanmır Deputat

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.

Milli Məclisin deputatı Sahib Alıyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan həm İrana qarşı aparılan, həm də İranın apardığı müharibənin əleyhinədir:

"Dövlətimiz ən yüksək səviyyədə tərəflər arasındakı qarşıdurmanın məhz danışıqlar yolu ilə aradan qaldırılmasını istədiyini bildirib. İranda xalqın seçdiyi legitim hakimiyyətin başında duran şəxsin – yəni sözügedən ölkənin Prezidenti Məsud Pezeşkianın dünən Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə telefon zəngi zamanı da məhz belə bir istək dilə gətirilib. Mənə elə gəlir ki, cənab Pezeşkianın bu zənginin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının Vitse-prezidentinin Bakı toplantıları keçirildiyi günə təsadüf etməsində, hər hansı məqsəd yox idisə belə, mütləq bir rəmzi məna vardı. Heç bir türk dövləti, ilk növbədə də Azərbaycan İranda baş verənlərə biganə qala bilməz və qalmır".

Millət vəkili vurğuladı ki, bu müharibədə öldürülən yüksək vəzifəlilərin və rütbəlilərin arasında xeyli azərbaycanlı var:

"O azərbaycanlıların bir hissəsi də illərdir dövlətimizə qarşı düşməncəsinə davranan SEPAH-ın təmsilçiləridir. Hətta onların çoxu, əslində, SEPAH-dakı fars şovinistlərindən daha böyük fars şovinistidilər. Amma buna baxmayaraq, endirilən zərbə nəticəsində həmin adamların təkcə özlərinin deyil, ailə üzvlərinin, özəlliklə də körpələrinin öldürülməsi qəlbimizi sızladır. Çünki o körpələr günahsızdırlar və üstəlik də bizdəndirlər. Gen elə bir şeydir ki, ideoloji virus onun daşıyıcısı olan bütün nəsillərə eyni dərəcədə təsir etmək gücündə deyil. Hansı ailədə doğulmasından asılı olmayaraq, o qətlə yetirilən körpələrin arasından milli kimliyini hər şeydən üstün tutanlar yetişə bilərdi. Ona görə də Azərbaycan adından İranda bu müharibədə həyatını itirənlərlə bağlı verilən başsağlığında dərin bir hüzn və ürək ağrısı gizlənir.

Oradakı dağıntılar da bizi son dərəcə kədərləndirir. Evləri, obyektləri dağılanlar arasında azərbaycanlıların sayı minlərlə, bəlkə də on minlərlədir. Hazırda İranda baş verənlər, təəssüf ki, oradakı bütün soydaşlarımız üçün bu və ya digər dərəcədə təsirsiz ötüşmür və ötüşməyəcək. Ona görə də Azərbaycan adından edilən humanitar yardımın arxasında sadəcə dövlət siyasəti dayanmır. Bu, sıradan can yanğısı da deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, biz öz imkanımız çərçivəsində bu yardımları davam etdirəcəyik. İstisna etmirəm ki, İranda müharibə bitdikdən, ehtiyaclar tam bəlli olduqdan sonra təkcə dövlətimiz yox, vətəndaşlarımız da bacardığı köməyi orada çarəsiz duruma düşən soydaşlarımızdan əsirgəməyəcəklər".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
redaktor.az

2Sources