EN

Bu qəsəbədən göndərilən məktub ölkədə rezonans doğurmuşdu - REPORTAJ

Udilər Şərqi Qafqazın ən qədim xalqlarından biri hesab olunur. Ehtimallara görə, onların adı qədim mənbələrdə çəkilən utilərlə əlaqəlidir. Bu etnos hazırda dünyanın etnik xəritəsində yalnız Azərbaycan ərazisində, Qəbələ rayonunun Nic qəsəbəsində yaşayır. Tarixən Günəşə və Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul edib və əsrlər boyu öz dini kimliklərini qoruyub saxlayıblar.

“Yeni Sabah”ın əməkdaşı Nic qəsəbəsindən reportaj hazırlayıb.

Hazırda qəsəbədə udilərin üç kilsəsi fəaliyyət göstərir. Onların ən məşhuru Müqəddəs Yelisey adına Cotari kilsəsidir. Yerli daşlardan dördkünc planda inşa edilmiş məbədin kiçik zəng qülləsi var. Kilsə 2006-cı ildə əsaslı şəkildə bərpa olunaraq Alban-Udi Xristian İcmasının istifadəsinə verilib.

Darvazadan içəri daxil olan kimi sol tərəfdə balaca bir mağaza diqqəti cəlb edir. Burada xaç formalı aksesuarlar, əl işləri və şamlar satılır. Şamlar müxtəlif rənglərdədir və hər birinin öz mənası var. Həyətdə ucalan çinar ağacları və yazın müjdəçisi nərgizlər isə məkanı sanki başqa bir aləmə çevirir. Elə bil Günəş işığında sarı ləçəklər yüngül mehə qoşularaq rəqs edir.

Kilsənin girişində müxtəlif rəngli şallar düzülüb. Nəzarətçilər qadınlara başlarını örtməyin vacibliyini xatırladır. İçəri daxil olanda sərinlik adamı bürüyür, yanan şamların ağır, amma mistik qoxusu duyulur. Müxtəlif guşələrdə şam yandırmaq üçün yerlər ayrılıb. Divarlarda İsa Məsihin, Məryəmin, həmçinin İsanın çarmıxa çəkilmə və dirilmə səhnələrinin təsvirləri var. Pasxa bayramını əks etdirən rəsmlər isə onların dini inancının əsrlərdən süzülüb gələn işığını xatırladır. Burada “Bibliya” və müxtəlif dini kitablar da var.

Nicdə udi məktəbi də fəaliyyət göstərir. Burada həftədə üç dəfə udi dili tədris olunur. Dediklərinə görə dərslərdə sadəcə dil öyrədilmir, bu, həm də xalqın dilini qoruyub saxlamağa xidmət edir.

Zeynəb Xanlarovanı Niclə nə birləşdirir?

Qəsəbədə yerləşən “Azərbaycan Udi Ocağı” muzey-parkı isə udilərin məişətini, adət-ənənələrini və həyat tərzini yaşadan bir məkandır. İçəri daxil olanda sağ tərəfdə məktublar və fotolarla zəngin bir guşə var. Bu guşə Qanqalovlar ailəsinin üzvü Esmira Qanqalovaya həsr olunub. O, Zeynəb Xanlarovanın ifasında məşhurlaşan “Esmira” mahnısının ünvanlandığı qadındır.

Bələdçilərin sözlərinə görə, Esmira fiziki məhdudiyyətli olub və ömrünün 20 ildən çoxunu dəmir çarpayıda keçirib. O, 1974-cü ildə “Azərbaycan gəncləri” qəzetinə yazdığı həssas məktubu ilə tanınıb. Məktub dərc ediləndən sonra ölkənin müxtəlif bölgələrindən, o cümlədən Ağdam, Laçın, Xankəndi, Xocalıdan ona cavablar göndərilib.

Onun məktubu həmin ilin noyabrın 14-də sözügedən qəzetdə “Dəmir çarpayıdan məktub” başlığı ilə dərc olunub.

Esmira Qanqalovanın məşhur məktubu

“Hörmətli redaksiya! 20 ilə yaxındır ki, dəmir çarpayının dustağıyam. Bəli, qıçım tutulub, xəstəyəm. Mən bunun üçün kimsədən şikayətlənmirəm. Xeyirxah, bacarıqlı həkimlər məni müalicə etmək üçün çox əziyyət çəkiblər, ancaq mümkün olmayıb, vəssalam!..

Mən bunları yazmaqla ruhdan düşdüyümü bildirmirəm, kimisə kövrəltmək, kimdənsə imdad diləmək fikrində deyiləm. Sadəcə olaraq, yazı vasitəsi ilə redaksiya ilə, oxucularla, necə deyərlər, dərdləşmək, söhbət etmək niyyətindəyəm. Axı, əsas həmdəmim kitabdır, mətbuatdır. Mən dəmir çarpayıda ancaq bunlar vasitəsi ilə qiyabi səyahətə çıxıram, müxtəlif xarakterli adamlarla görüşürəm, yeniliklərlə tanış oluram. Bu yaxınlarda “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş “Mərdlik dərsi” adlı məqalə məni çox sevindirdi. Orada yazılmışdı ki, köməyə ehtiyacı olan adamlara qayğı göstərmək gənclərimizin borcudur. Deyirəm, bəlkə bunu nəzərə alıb qəzetdə ünvanımı verəsiniz. Gənclər mənə məktub yazalar, kitab göndərələr. Belə olsa, mən hamıya minnətdarlığımı bildirərəm”.

Həmin məktubdan sonra sözləri Rüfət Əhmədzadəyə, musiqisi dahi bəstəkar Emin Sabitoğluna məxsus, Xalq artisti Zeynəb Xanlarovanın ifası ilə məşhurlaşan “Esmira” mahnısı təqdim olunub. Hətta həmin məktubdan sonra ona əlil arabası da alınıb.

Möcüzəli ev

Esmiranın da üzvü olduğu Qanqalovlar ailəsinə məxsus olan ev hazırda “Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik muzeyinin həyətindədir.

Deyilənə görə, həmin ev 17-ci əsrin sonlarında inşa edilib. Qapıdan girəndə sol tərəfdə ailə üzvlərinin mum fiqurlarından hazırlanmış bərbər və qoca kişi təsvir olunub.

Dəhlizdə ailəyə məxsus somovar, kitablar, güzgü, köhnə sandıq və s. əşyalar var.

Uzun dəhliz evi üç otağa bölür. Qonaq, yataq və dua otağı. Yataq otağındakı qədim beşikdə ailənin bütün körpələrinin yatdığı deyilir. Divarda asılmış tüfəng, xalçalar, əl işi yastıq və yorğanlar keçmiş zamanların nəfəsini daşıyır.

Qonaq otağında tikiş maşını arxasında əyləşmiş nənənin mum fiquru o qədər realdır ki, insan toxumaqdan çəkinir.

Deyilənə görə evin sahibi keşiş David Qanqalov olub. Evin hər küncündə, hər köşəsində bir tarix, hər əşyasında bir xatirə yatır.

Burada sanki zaman dayanır

Pilləkənlə yuxarı qalxanda köhnə qablar, qazanlar, taxta vannalar, nehrə, cəhrə və digər məişət əşyaları düzülüb. Aşağıda isə su səhəngi və dəmir ütülər var.

Burada gəzdikcə məni düşüncələr bürüyür. Elə bilirəm ki, bu evə daxil olanda zaman dayanır. Sanki divarların da yaddaşı insana nələrsə deməyə çalışır. Taxta döşəmənin hər xışıltısı keçmişin pıçıltısına çevrilir. Elə bil bu ev məni tanıyırır. Addımlarımı, baxışlarımı, hətta nəfəsimi də. Sanki haçansa bu evdə olmuşam. Yəni o tanıdığı qədər mən də onu tanıyıram. 

Bəlkə də insanı təsirləndirən təkcə burada olan qədim əşyalar deyil. Bütün bunların ötüb keçən zamanın içəriindən gəlib bizə toxunmasıdır. Həmin yataq örtüklərində, naxışlı pərdələrdə, beşikdə yatan körpələrin nəfəsində sanki öz taleyimizin bir parçasını görürəm.

Düşünürəm ki, bəzən tarix daş divarların kölgəsində, şam qoxulu kilsələrdə, dəmir çarpayıdan yazılan məktublarda yaşayır...

Aydan Hacı

Fotolar müəllifindir. 


Telegram kanalımız
Chosen
5
yenisabah.az

1Sources