Gununsesi saytına istinadən ain.az xəbər verir.
“Əslində, ikitərəfli təhdidlər ortadadır və Avropa ölkələrinin liderlərinin böyük əksəriyyəti qlobalist baxışlara malikdir”.
Gununsesi.info bildirir ki, bu fikirləri deputat Arzuxan Əlizadə deyib:
“Onlar daha çox Bayden administrasiyası ilə yaxınlıqları ilə gündəmdə olublar. Trampın yürütdüyü siyasət isə təbii ki, geniş mənada Avropa ölkələrinin maraqlarına xidmət etmir.
Biz bunu Ukrayna–Rusiya müharibəsinin gedişində də gördük. Tramp prezidentlik dönəminə başladığı ilk gündən etibarən Avropa ölkələrini hədəfə götürdü və müharibənin uzanmasında, bu dərəcədə geniş miqyas almasının səbəblərindən biri kimi onları ciddi şəkildə qınadı. Xüsusilə də hesab edirəm ki, o, kifayət qədər əsaslı mövqe ortaya qoyaraq bildirdi ki, Avropa ölkələri Rusiyaya və müharibə zonasına daha yaxın coğrafiyadadır, ABŞ isə okeanın o tayındadır.
Eyni zamanda o, Bayden administrasiyasını ittiham edərək qeyd edirdi ki, müharibə dövründə Ukraynaya dəstək üçün ABŞ tərəfindən 350 milyard vəsait xərcləndiyi halda, Avropa ölkələri birlikdə təxminən 100 milyarda yaxın vəsait ayırıblar. Bu kontekstdə Tramp Avropa ölkələrinin öz təhlükəsizliklərini təmin etmək üçün müdafiə xərclərini artırmalı olduqlarını vurğulayırdı.
O bildirirdi ki, Avropa ölkələri Ukraynaya daha çox maliyyə və hərbi yardım göstərməlidirlər. ABŞ uzaqdadır və birbaşa ciddi təhlükə altında deyil. Bu səbəbdən o, Avropa ölkələrini kəskin şəkildə ittiham edirdi.
Təbii ki, bu ittihamlar fonunda Avropa liderlərinin Trampa simpatiya bəsləməsi mümkün deyildi. Xüsusilə də indiki mərhələdə onlar artıq açıq şəkildə mövqelərini ortaya qoyublar. Hesab edirəm ki, Tramp Avropa liderlərinin ona qarşı bu səviyyədə faktiki müqavimət göstərəcəyini əvvəlcədən proqnozlaşdıra bilməmişdi”.
Şəbnəm
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.