EN

"İlham Əliyevin verdiyi mesaj TDT-nin gələcək fəaliyyətinə yönəlmiş strateji mesajdır" -Millət vəkili

"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bu təşkilatın yeni formalaşan beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da gücləndirilməsi ilə əlaqədardır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi:

"Dövlət başçımız bildirdi ki, bu təşkilatın fəaliyyəti ilə bağlı bizim həmişə planlarımız olub və bundan sonra da planlarımız var. Mənə elə gəlir ki, bu baxış bir qədər strateji baxışdır. Nəticə etibarilə, bu gün dünyada baş verən dərin strateji hərbi-siyasi proseslər kontekstində regional müttəfiqliklər önə çıxır və onların zəruri koordinasiyalı fəaliyyəti aktuallaşır. Bu mənada Azərbaycan Prezidentinin verdiyi mesaj Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə yönəlmiş strateji bir mesajdır və hazırda heç bir dövlət təkbaşına öz təhlükəsizliyini təmin edə bilmədiyi üçün kollektiv, sinxron hərəkət və təhlükəsizliyin ortaq təminatı məsələləri zəruridir ki, atılan addımlar da məhz buna xidmət edir".

Millət vəkilinin fikrincə, bu görüşdən sonra biz Türk Dövlətləri Təşkilatının daha sıx koordinasiya edilmiş ortaq qərarlarını görəcəyik və bunların həyata keçirilməsinə şahidlik edəcəyik, eyni zamanda bu, hər bir üzv dövlətin təhlükəsizliyi, qarşılıqlı inteqrasiyası və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Aytəkin TOFİQQIZI

Chosen
27
1
redaktor.az

2Sources