Bakı bəzən dəniz kimi sakit görünsə də, hər bir daşının altında döyünən bir qəlbi, hər bir küçəsində pıçıldayan bir tarixi var. Paytaxtın mərkəzində ucalan Nizami Kino Mərkəzi isə sadəcə bir bina deyil, şəhərimizin memarlıq incisi, kollektiv estetik yaddaşımızın bir parçasıdır. Təəssüf ki, aprelin 1-dən 2-nə keçən gecə bu möhtəşəm abidənin fasadı vandallıq aktına məruz qalıb. 20 yaşlı A.S., həmçinin yetkinlik yaşına çatmayan 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Hazırda valideynlərinin iştirakı ilə Polis İdarəsində onlarla ciddi profilaktik söhbətlər aparılır.
Bu hadisəni sadəcə bir neçə gəncin divara nəsə çəkməsi kimi qələmə vermək, həm şəhərə, həm də mədəniyyətimizə qarşı böyük ədalətsizlik olardı. Bu, paytaxtın qəlbində, dövlət tərəfindən qorunan tarixi-mədəni irsə qarşı törədilmiş açıq bir vandalizm aktıdır. Gənclərin Qərb subkulturalarına kor-koranə meyli və sosial media trendləri naminə özünü "ifadə etmək" istəyi, əslində, dərin bir estetik savadsızlıqdan xəbər verir.
Qraffiti bəzi Qərb paytaxtlarında "küçə sənəti" adı altında romantikləşdirilsə də, reallıqda şəhər mühitini eybəcərləşdirən, tarixi fasadları yararsız hala salan və ictimai məkanları anarxiyaya təslim edən bir vizual çirklənmədir. Dünyanın bir çox inkişaf etmiş şəhərlərində qraffiti artıq "sənət" deyil, bərpa büdcələrini udan bir problem kimi qəbul olunur. Bakı isə öz nizamı, cilalanmış daş memarlığı və vizual harmoniyası ilə seçilən bir şəhərdir. Bizim şəhər mədəniyyətimizdə divarları qışqıran boyalarla ləkələmək deyil, binaların susaraq danışan əzəmətini qorumaq əsasdır.
Bu gün söhbət sadəcə bir binanın təmizlənməsindən getmir, söhbət Bakının estetik təhlükəsizliyindən və milli şəhər düşüncəmizdən gedir. Əgər biz bu gün tarixi abidənin divarına vurulan o rəngli ləkəyə "uşaq işidir" deyib biganə qalsaq, sabah daha böyük dəyərlərimizin itirilməsi ilə üz-üzə qalarıq. Bakını qorumaq - onun təkcə daşlarını deyil, ruhunu və xatirələrini qorumaqdır. Unutmayaq ki, ruhunu itirən şəhər nə qədər işıqlı olsa da, daxilən qaranlığa məhkumdur.
Nizami Kino Mərkəzinin divarına atılan boya, təkcə daş üzərinə çəkilmiş cızma-qara deyil; bu, Bakının estetik simasına, onun tarixi ləyaqətinə və mədəniyyət paytaxtı statusuna atılan zərbədir.
Bakı bəzən dəniz kimi sakit görünsə də, hər bir küçəsinin, hər bir binasının öz daxili ritmi, öz nəfəsi və döyünən qəlbi var. O qəlb əsrlərin yadigarı olan daşların sükutunda, memarlıq xətlərinin riyazi intizamında və fasadların vizual əzəmətində döyünür. Şəhərin yaddaşı məhz bu divarlardır! O divarların hər biri sadəcə tikinti materialı deyil, zamanın özündən yonulmuş birer tarix vərəqidir. Ona görə də Nizami Kino Mərkəzi kimi simvolik bir binanın divarına çəkilən qraffitiyə "bir neçə gənc divara nəsə yazıb" deyib keçmək, həm bu şəhərə, həm də onun minillik mədəniyyət qatına qarşı edilən ən böyük ədalətsizlikdir.
Bu hadisəni "gənclik enerjisi" və ya "incəsənət sınağı" kimi qələmə vermək tamamilə yanlışdır. Paytaxtın mərkəzində, Bülbül prospektində ucalan və dövlət tərəfindən qorunan ölkə əhəmiyyətli bu memarlıq abidəsi bizim ortaq mirasımızdır. Aprelin 1-dən 2-nə keçən gecə baş verən bu insident zamanı binanın fasadı müxtəlif rəngli boyalarla korlanmış, üzərində heç bir estetik dəyəri olmayan ifadələr yazılmışdı. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və ARKA bu aktı tarixi abidəyə kobud müdaxilə kimi kəskin pisləyib. Hüquq-mühafizə orqanları artıq hərəkətə keçmiş və günahkarların müəyyən edilməsi istiqamətində ciddi addımlar atılmaqdadır.
Burada fundamental bir sual ortaya çıxır: Biz Bakını nə hesab edirik? Əgər bu şəhər bizim üçün yalnız asfalt yollar, beton yığınları və reklam lövhələrindən ibarətdirsə, onda hər divar yazmaq üçün boş bir kətan kimi görünə bilər. Fəqət Bakı bizim milli kimliyimizin, estetik zövqümüzün aynasıdırsa, onda hər bir tarixi bina toxunulmaz bir əmanətdir. Nizami Kino Mərkəzi adi bir tikili deyil, o, Bakının kollektiv yaddaşının bir parçasıdır. Orada icazəsiz çəkilən hər xətt, vurulan hər boya ləkəsi təkcə binanın daşına deyil, bütövlükdə paytaxtın vizual harmoniyasına və şəhər mədəniyyətinə vurulan ağır zərbədir.
Qraffiti bəzi Qərb ölkələrində "küçə sənəti" kimi romantikləşdirilsə də, bu pərdənin arxasında çox vaxt acı reallıq dayanır: eybəcərləşmiş tarixi binalar, korlanmış keçidlər, milyonlarla manatlıq restavrasiya xərcləri və şəhər mühitinin anarxiyaya təslim edilməsi. Dünyanın bir çox inkişaf etmiş paytaxtlarında qraffiti artıq "ifadə azadlığı" deyil, şəhər idarəçiliyinin ən böyük problemi və tarixi mühitin qənimi kimi qəbul olunur. Bunu "müasirlik" adı altında müdafiə etmək, əslində, şəhər estetikasına qarşı edilən təcavüzü rəngli boya ilə ört-basdır etmək cəhdidir.
Bakıya belə bir özbaşınalıq yaddır. Bu şəhər özünü dünyaya nizamsız divar cızıqları ilə deyil, möhtəşəm daş memarlığı, ritmik prospektləri və hər bir daşı cilalanmış fasadları ilə tanıdıb. İçərişəhərdən Sahilə, Nizami küçəsindən Dənizkənarı bulvara qədər Bakının ruhu onun təmizliyində, intizamında və məkan duyumunda gizlənib. Bakı qışqıran, zövqsüz divar yazıları ilə deyil, susaraq öz əzəmətini nümayiş etdirən binaları ilə böyükdür.
Bu gün söhbət tək bir binadan getmir, Bakının estetik təhlükəsizliyindən gedir. Vandalizm heç vaxt bir nöqtədə dayanmır. Bu gün bir tarixi bina hədəf alınırsa, sabah başqa bir fasad, o biri gün park inventarı və ya avtobus dayanacağı eyni aqibəti yaşayacaq. Əgər cəmiyyət bu cür halları "uşaq səhvidir" deyib yüngül qarşılayarsa, növbəti addım daha kobud və dağıdıcı olacaqdır. Şəhər əvvəlcə boya ilə çirklənir, sonra isə insanların düşüncəsi ilə.
Son illər Bakının simasının yenilənməsi, tarixi binaların bərpası və küçələrin abadlaşdırılması üçün nəhəng işlər görülüb. Məzkur gözəlliyin arxasında dövlət büdcəsi, peşəkar memarların zəhməti və minlərlə insanın gündəlik əməyi dayanır. Bir neçə məsuliyyətsiz şəxsin bir neçə dəqiqə ərzində bu zəhməti təhqir etməsi sadəcə qanun pozuntusu deyil, ictimai vicdana qarşı hörmətsizlikdir. Bu, paytaxtın hər bir sakininin haqqına girməkdir.
Gənclik axtarış və enerji deməkdir, amma yaradıcılıqla dağıdıcılıq arasında keçilməz bir sərhəd var. Öz fikrini ifadə etmək istəyən gənc üçün bu gün rəqəmsal platformalar, sərgi salonları, açıq müsabiqələr və qanuni incəsənət sahələri son dərəcə genişdir. Tarixi binanın divarına gizlicə rəng çəkmək sənət deyil, bu, estetik savadsızlığın və tərbiyə boşluğunun ən acınacaqlı təzahürüdür.
Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideyn yalnız övladının fiziki ehtiyaclarını təmin edən şəxs deyil, o, həm də zövq tərbiyəsi verən ilk müəllimdir. Övladına "özününkü" ilə "hamınınkı" olan arasındakı fərqi, ictimai əmlaka hörməti aşılamayan ailə, əslində, cəmiyyətə qarşı borclu qalır. Eyni zamanda məktəb də yalnız dərs keçilən bina deyil, davranış mədəniyyətinin formalaşdığı mərkəz olmalıdır. Şagirdlərə tarixi abidənin niyə toxunulmaz olduğunu, estetikanın niyə milli sərvət sayıldığını dərindən anlatmaq lazımdır.
Bu olay kriminal xronikanın bir parçası kimi unudulmamalıdır. Memarlar, psixoloqlar, şəhərsalma mütəxəssisləri bu problemi geniş ictimai müstəviyə çıxarmalıdırlar. Vətəndaşlar özləri bu məsələdə ayıq-sayıq olmalı, şəhərin hər bir guşəsini öz evi kimi qorumalıdırlar.
Nizami Kino Mərkəzinin divarına vurulan boya gec-tez silinəcək, lakin bu hadisəyə qarşı biganəlik ləkəsi qalsa, onu silmək mümkün olmayacaq.
Bakını qorumaq - onun daşlarını deyil, ruhunu, xatirələrini və memarlıq şərəfini qorumaqdır. Biz Bakını hansı əllərə buraxırıq?
Gəlin unutmayaq ki, ruhunu itirən şəhər zahirən nə qədər işıqlı olsa da, batinən məşum qaranlığa məhkumdur.
Bakını sevmək, onu hər bir rəngli təcavüzdən qorumaq hər birimizin mənəvi borcudur!
Elçin Alıoğlu
TREND