ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məryəm Bağırova
Psixologiyada emosional dözümlülüyün təməlini təşkil edən ən fundamental həqiqət odur ki, heç bir vəziyyət, hiss və çətinlik daimi deyil. Həyatın hər anı dəyişkəndir və hər bir emosional dalğa – istər sevinc, istər ağrı, istər uğur, istər məğlubiyyət olsun – müvəqqətidir. Paradoksal səslənsə də, hər şeyin keçici olması həm narahatlıq yaradan, həm də insana güc verən bir reallıqdır. Bu fikir müasir psixologiyada emosional müvəqqətilik prinsipi kimi izah olunur. Araşdırmalar göstərir ki, insan yaşadığı hisslərin dəyişəcəyini qəbul etdikdə, stressə qarşı daha davamlı olur. Bəlkə də həyatın ən böyük təsəllisi budur, heç nə sonsuzadək davam etmir. Yaxşı günlərdə insan çox vaxt bunun bitməyəcəyini düşünür. Halbuki həyatın səssiz qanunu fərqlidir, ən gözəl anlar belə xatirəyə çevrilmək üçün yaşanır. Ən qaranlıq günlərdə isə zaman sanki dayanıb qalır. Ağrı keçməyəcəkmiş kimi görünür. Halbuki insan beyni sonsuz ağrıya proqramlanmayıb. Emosiyalar dalğa kimidir, qalxır, zirvəyə çatır və sonra mütləq enir. Bu səbəbdən həyatın ən realist tövsiyəsi belədir – yaxşı günlərin dadını çıxar, çətin günlərin isə mütləq bitəcəyini bil.
Albert Eynşteinin dediyi kimi: “Həyat velosiped sürmək kimidir. Müvazinəti qorumaq üçün hərəkət etməyə davam etməlisən”. Bəlkə də bu fikir həyatın keçicilik qanununu ən sadə formada izah edir. Çünki insan dayandığı zaman ağrının içində ilişib qalır, amma davam etdikcə anlayır ki, heç bir hiss daimi deyil. Hərəkət etdikcə yaralar sağalır, düşüncələr dəyişir və bir vaxtlar çox ağır görünən problemlər belə zamanla arxada qalır. Çünki həyat gözləyənləri yox, davam edənləri dəyişdirir.
Zaman keçdikcə bir çox narahatlıq öz mənasını itirir. Bəzən insan illərlə onu narahat edən şeylərin əslində keçici emosional reaksiyalar olduğunu sonradan anlayır. Bu dünyada heç nə insanı onun öz düşüncələri qədər yaralaya və sağalda bilməz. Düşüncə insanın daxili dialoqudur və bu dialoq ya tənqidçi, ya da dəstəkçi ola bilər. Sizin reaksiyanız isə artıq sizin psixoloji sərhədlərinizin göstəricisidir. İnsan yalnız bir şeyi – öz baxış bucağını idarə edə bilər. Psixologiyada “fərdiləşdirmə” adlanan bir koqnitiv təhrif mövcuddur, insan neytral hadisələri belə özünə aid edir və zehni onu bir hekayəyə çevirir. Çox vaxt isə ortada sadəcə bir davranış olur. Xüsusilə ortada qeyri-müəyyənlik olduqda, zehn boşluqları saxta “ssenari” və qorxulu fərziyyələr doldurur. Münasibətlərdə psixoloji sərhədlər anlayışı burada önəm qazanır. Özünü itirmədən var olmaq, bir dəfə izah etmək, bir dəfə soruşmaq və qarşı tərəfin məsuliyyətini öz üzərinə götürməmək deməkdir. Daim izah etməyə və ya kimisə dəyişdirməyə çalışmaq isə artıq nəzarət edə bilmədiyimiz sahəyə müdaxilədir. Yetkinlik faktla şərhi ayırd edə bildiyin anda başlayır. Emosiyalar idarəolunan hala gəlir və qərarlar ani reaksiyalar yox, şüurlu seçimlər olur. Ən böyük azadlıq isə bunu anladığımız gün başlayır, hər şey bizə görə baş vermir. İnsan bunu dərk edəndə başqa bir həqiqəti də anlayır, həyatda çox az şeyi idarə edə bilirik. Başqalarının nə düşündüyünü, necə davranacağını və bizi nə qədər anlayacağını idarə edə bilmərik.
Frans Kafkanın dediyi kimi: “Sən qapının önündə dayanıb açar gözləyirsən, halbuki qapı heç vaxt kilidli olmayıb. Sadəcə onu itələmək cəsarəti lazımdır”. Bəlkə də həyat da çox vaxt belədir. Bizi saxlayan həmişə şərtlər deyil, bəzən sadəcə öz qorxularımız, öz şübhələrimiz və zehnimizdə qurduğumuz görünməz maneələrdir. Halbuki dəyişən çox vaxt həyatın özü deyil, bizim ona baxışımız olur. İnsan baxış bucağını dəyişəndə, bəzən illərlə bağlı qaldığını düşündüyü qapıların əslində heç vaxt kilidli olmadığını anlayır. Və nəhayət, unutmaq olmaz ki, hər şey keçicidir. Həyatın ən böyük paradoksu da elə buradadır, heç nə tam olaraq bizim əlimizdə deyil, amma eyni zamanda hər şey bizim necə baxdığımızdan asılıdır. Məşhur xalq deyimində də deyildiyi kimi: "Dünya bir pəncərədir, hər gələn baxar keçər".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.