Abutalıb Səmədov: "İsrailin ABŞ-ın razılığı olmadan belə addım atması mümkün deyil"
Kamal Xərrəzi ilə bağlı vurulma və ya öldürülmə xəbərləri rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Bununla yanaşı, bəzi qeyri-rəsmi iddialara görə, Kamal Xarrazi İranın ABŞ-la mümkün danışıqlar aparan komandasında yer alıb və onun guya İsrael tərəfindən öldürülməsi bu danışıqları pozmaq məqsədi daşıyıb. Digər tərəfdən, Abbas Əraqçı bildirib ki, İran Donald Trump ilə birbaşa danışıqlar aparmır və yalnız dolayı mesajlar mövcuddur.
Bu fonda sual yaranır: Kamal Xərrəzinin guya İsrail tərəfindən öldürülməsi ilə bağlı iddialar nə dərəcədə real və məntiqli hesab oluna bilər?
Məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə danışan politoloq Abutalıb Səmədov bildirib ki, keçmiş xarici işlər naziri və bir müddət İranın ali lideri Əli Xameneinin müşaviri olmuş, indi isə beynəlxalq məsələlər üzrə şuraya rəhbərlik edən Kamal Xərrazinin yaralanması barədə məlumatı İranın “Mehr” agentliyi yayıb. O əlavə edib ki, bu, kifayət qədər hakimiyyət dairələrinə yaxın mətbu orqandır: “İnformasiyada göstərilir ki, keçmiş xarici işlər naziri yaralanıb, lakin onun həyat yoldaşı həlak olub. Bu hadisə İsrail/ABŞ hərbçilərinin İranın hərbi obyektlərini bombalaması zamanı baş verib. Kamal Xərrazi xarici işlər naziri işlədiyi dövrdə kifayət qədər mötədil siyasətçilərdən hesab edilirdi və Məhəmməd Hatəminin komandasında yer alırdı. O, ABŞ-a qarşı kifayət qədər səbirli mövqe tuturdu və münasibətlərin yaxşılaşması üçün ciddi cəhdlər göstərirdi, eyni zamanda islahatçı qanada məxsus siyasətçi sayılırdı.
Amma o da məlumdur ki, artıq Kamal Xərrazinin 81 yaşı var, onun baxışlarında fərqlərin yaranması mümkündür və belə bir iddia da var ki, o, ABŞ ilə danışıqlar aparılmasının tərəfdarı olmayıb - açıq şəkildə bəyan edib ki, amerikalılarla danışıq aparmağın heç bir mənası yoxdur.
Onu da qeyd etmək lazımdır ki, İranın hansısa yüksək rütbəli şəxsin öldürülməsi ilə bağlı qərarın ABŞ-ın iştirakı olmadan verilməsi mümkün deyil. İsrailin müstəqillik nümayiş etdirərək ABŞ-la razılaşdırmadan İranın çox nüfuzlu dövlət xadimini öldürməyə cəhd göstərməsi mümkün görünmür. Tamamilə mümkündür ki, danışıqlara mane olduğu güman edilən Kamal Xərrazinin öldürülməsi barədə qərar birgə qəbul edilib, ancaq icra zamanı müəyyən gözlənilməz hallar ortaya çıxıb və o, sağ qalıb.
Əgər İranın hakimiyyət iyerarxiyasında yüksək mövqe tutan bir şəxsin öldürülməsi barədə qərar qəbul edilibsə və ona qarşı sui-qəsd olunubsa, burada İsrailin təkbaşına qərar verməsi mümkün deyil. Ümumiyyətlə, kimlərin qorunması və ya aradan götürülməsi ilə bağlı qərarlar da ABŞ və İsrailin birgə qərarıdır və burada həlledici söz sahibi Vaşinqtondur.
Bu gün Amerika-İran danışıqları gedirmi? Prezident Tramp iddia edir ki, belə danışıqlar gedir və bu prosesdə İran müəyyən müddəaları qəbul edib, bəzi xahişlər irəli sürüb. İran isə bunu inkar edir. Bu vəziyyətdə kimə inanmaq olar?
Çox güman ki, birbaşa olmasa da, dolayı danışıqlar gedir. Müəyyən vasitəçilər tərəflərin tələblərini və təkliflərini çatdırırlar. ABŞ-ın İrana göndərdiyi təkliflərin çatdırılması ilə bağlı İran rəsmiləri də məlumat veriblər, yəni əlaqə mövcuddur. Pakistan və Türkiyə bu danışıqların intensivləşməsini və nəticə verməsini istəyir.
Tərəflər də yorulub və vəziyyətdən “qələbə görüntüsü” ilə çıxmağa çalışırlar. Hər iki tərəf qalib gəldiyini iddia edir, amma bu qələbələrin nədən ibarət olduğu hələ də aydın deyil. ABŞ İran qarşısında qoyduğu tələblərin demək olar ki, heç birinə nail ola bilməyib. Nə nüvə proqramı ilə bağlı güzəştlər əldə olunub, nə də ballistik raketlərlə bağlı irəliləyiş var. Proksi qüvvələr isə ABŞ və İsrailə qarşı fəaliyyətlərini davam etdirirlər.
ABŞ uzun müddətdir İranın bu qüvvələrə dəstəyini dayandırmasını tələb edir. İnsan hüquqları məsələsində də ciddi dəyişiklik yoxdur. Belə bir vəziyyətdə ABŞ özünü necə qalib elan edə bilər?
İran da ciddi nəticələr əldə edə bilmir. İsrailə qarşı raket hücumları həyata keçirilir, ABŞ-ın bəzi bazaları vurulur, amma bunları qələbə kimi təqdim etmək çətindir. Bu səbəbdən yaxın günlərdə hərbi əməliyyatların davam etməsi və tərəflərin əlavə “qələbələr” qazanmağa çalışması mümkündür. Daha sonra isə hansısa razılaşma ehtimalı yarana bilər.
Bu şəraitdə Kamal Xərrazi səviyyəsində bir siyasətçinin danışıqlara mane olması o qədər də real görünmür. Əgər danışıqlar gedirsə, daha yüksək səviyyədə aparılır. Qarşılıqlı güzəştlər olarsa, razılıq əldə etmək mümkündür.
Belə bir vəziyyətdə Kamal Xərraziyə qarşı sui-qəsd edilibsə, bu o deməkdir ki, ABŞ və İsrail rəhbərliyi onun danışıqlara maneə ola biləcəyini düşünür. Ya da bu hadisə təsadüfi baş verib və o, sadəcə bombardman nəticəsində zərər çəkənlərdən biri olub.
Hazırda onun yaralanması müxtəlif şəkildə şərh olunur və şişirdilir. Bu məsələdə İsrail günahlandırılır, lakin İsrail ABŞ-ın razılığı olmadan ciddi addım ata bilməz. Trampın narazı qaldığı şəraitdə isə ən çox uduzan İsrailin baş naziri Netanyahu olar.”
Akif NƏSİRLİ