Aprelin 12-də Dövlət İmtahanı Mərkəzi (DİM) patent müvəkkili statusu almaq istəyən namizədlər üçün attestasiyanın birinci mərhələsi üzrə test imtahanı keçirəcək. İmtahan saat 11:00-da başlanacaq.
Publika.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agnetliyindən bildirilib.
Namizədlər buraxılış vərəqəsini əvvəlcədən DİM-in rəsmi internet səhifəsindən əldə edə bilərlər. Buraxılış vərəqəsi və imtahanla bağlı digər zəruri məlumatlar, o cümlədən “Yaddaş kitabçası”nın tam mətni DİM-in internet saytında yerləşdirilib.
Xatırladaq ki, patent müvəkkili statusu almaq istəyən şəxslərin attestasiyasının keçirilməsi üçün Əqli Mülkiyyət Agentliyinin Attestasiya Komissiyası tərəfindən fevralın 18-də sənəd qəbulu elan edilib. Sənəd qəbulu martın 11-də başa çatıb. Patent müvəkkili olmaq üçün 40 nəfərin namizədliyi təsdiq olunub.