Dünya şöhrətli politoloq, neorealizm nəzəriyyəsinin banisi və Çikaqo Universitetinin professoru Con Merşeymer ABŞ-ın Yaxın Şərq siyasəti, Trampın NATO planları və İranla hərbi gərginliyin pərdəarxası məqamları barədə sensasiyalı bəyanatlarla çıxış edib.
AzPost xəbər verir ki, məşhur analitik Vaşinqtonun hazırkı kursunu kəskin tənqid edərək, Amerikanın hərbi və diplomatik baxımdan çıxılmaz vəziyyətə düşdüyünü vurğulayıb.
“Trampın NATO planı tam bir dəlilikdir”
Professor Merşeymer Donald Trampın NATO müttəfiqlərini Hörmüz boğazındakı gərginliyə cəlb etmək cəhdlərini strateji baxımdan savadsız bir yanaşma adlandırıb.
O qeyd edib ki, bu, bir qələbə planı deyil, sadəcə uğursuzluğu ört-basdır etmək cəhdidir: “Trampın məntiqi müttəfiqlərin gəlişi ilə boğazın açılacağı və qələbə qazanılacağı fərziyyəsinə söykənir. Bu, açıq şəkildə “dəlilikdir”. Avropalıların bu müharibəyə girib-girməməsindən asılı olmayaraq nəticə dəyişməyəcək. Çünki Hörmüz boğazını nə Amerika, nə də Avropa dəniz qüvvələri ilə açmaq artıq mümkün görünmür”.
Dəniz strategiyasında yeni reallıq: Böyük gəmilərin sonu?
Merşeymerin fikrincə, İran və Ukraynadakı münaqişələr qlobal dəniz müharibəsi qaydalarını kökündən dəyişib.
Artıq nəhəng gəmilər və bahalı hərbi dəniz donanmaları asan hədəfə çevrilir:
Fəaliyyətsiz donanma: “Məsələ artıq gəmilər deyil. Böyük gəmilər getdikcə fəaliyyətsiz və müdafiəsiz hala gəlir”.
Asimmetrik zərbə: “İran sistemli, planlı və olduqca soyuqqanlı uğurlu asimmetrik mübarizəni davam etdirir. Bu müharibəni klassik savaş məntiqi ilə qiymətləndirmək böyük səhvdir”.
“İran raketləri müdafiəni 80% yararaq hədəfə dəyib”
ABŞ-ın regiondakı çəkindirmə gücünün ciddi zərbə aldığını deyən professor, gizli qalan bəzi hərbi detalları da açıqlayıb. O bildirib ki, İranın hərbi texnologiyası Qərbin müdafiə sistemlərini effektiv şəkildə keçə bilir:
Texniki itkilər: “Çox bahalı və vacib təyyarələrimiz, radar sistemlərimiz zədələnib. Bir çox faktlar isə hələ də ictimaiyyətə açıqlanmır”.
İsrailin etirafı: “İsraillilər artıq İran raketlərinin 80%-nin müdafiə səddini yararaq hədəflərinə dəydiyini bildirirlər. Onlara ciddi ziyan dəyib”.
Çin faktoru: “Burada məsələ təkcə İran deyil. Çin bizim hərbi sənayemizdəki bu acizliyi diqqətlə izləyir”.
“Dərin bataqlıqdayıq”
Professor sonda xəbərdarlıq edib ki, İranın beynəlxalq iqtisadiyyata və Körfəz ölkələrinə zərbə vurmaq gücü hələ də tam qiymətləndirilməyib. Onun sözlərinə görə, ABŞ hazırda çox dərin bir bataqlıqdadır və bu hərbi-siyasi səhvi düzəltmək son dərəcə çətin olacaq.