EN

"Futbol oynamaq üçün kifayət qədər meydançamız yoxdur" - Dünya çempionatına neçə çıxaq?

"Azərbaycan yığma komandasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanması üçün genişmiqyaslı tədbirlər silsiləsi həyata keçirilməli, böyük işlər görülməlidir. Bu, bir günün, bir ayın və ya bir ilin işi deyil. Azərbaycan futbolunun hələ də həllini tapmamış çox ciddi problemləri mövcuddur. Məsələ təkcə hər hansı bir futbolçunun fərdi keyfiyyəti, yaxud konkret bir komandanın gücü ilə məhdudlaşmır. Səbəblər daha dərindir".

Bu fikirləri Redaktor.az-a idman eksperti Kənan Məstəliyev futbol üzrə Azərbaycan millisinin dünya çempionatına vəsiqə qazanması üçün atılmalı olan addımlardan danışarkən səsləndirdi. 

Tanınmış

Həmsöhbətimiz hesab edir ki, Azərbaycan futbolunda infrastruktur, kadr hazırlığı və xüsusilə uşaq futbolu ilə bağlı problemlər kompleks şəkildə həll olunmalıdır:

"Ölkədə istedadlı uşaqların yetişdirilməsi üçün yetərincə şərait yoxdur. Ən sadə ehtiyacları götürsək, futbol oynamaq üçün kifayət qədər meydançalarımız belə mövcud deyil. Keyfiyyətli futbol akademiyalarının sayı azdır, mövcud olanlarda isə şərait lazımi səviyyədə deyil. Bu da istedadlı futbolçuların seçilib peşəkar kimi yetişdirilməsinə mane olur. Bundan əlavə, peşəkarlıq çatışmazlığı, məşqçilərin savadlılıq dərəcəsi və klubların daxili strukturundakı boşluqlar yeniyetmə futbolçuların böyük futbola keçidində ciddi çətinliklər yaradır. Onlarla oxşar problem həll edilməyincə, Türkiyənin qazandığı uğurları təkrarlamağımız qeyri-mümkündür. Bu gündən etibarən hər şeyi ideal səviyyədə qurmağa başlasaq belə, yeni və istedadlı bir nəsil yetişdirmək və uğur qazanmaq üçün bizə ən azı səkkiz-on il vaxt lazımdır".

Ekspertin sözlərinə görə, Azərbaycan futbolunun Türkiyə modelindəki kimi uğur qazanması üçün köklü və irimiqyaslı islahatlar həyata keçirilməlidir. 

"Bu işlər fasiləsiz və ardıcıl şəkildə uzun illər boyu davam etdirilməlidir. Yalnız bundan sonra hansısa ciddi nəticələrdən danışmaq olar. Azərbaycan əslində futbol ölkəsidir.Tarixən burada həmişə yaxşı futbolçular yetişib və xalqımız bu idman növünü çox sevir. Sadəcə olaraq, idarəetmə lazımi səviyyədə olmadığı üçün istədiyimiz nəticələrə nail ola bilməmişik. Bu problemlər dərindən araşdırılıb həll edilərsə, böyük uğurlar haqqında danışmağa əsasımız olacaq", - deyə K.Məstəliyev yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

Chosen
29
1
redaktor.az

2Sources