EN

18 yaşı tamam olan əlillər niyə pensiya ala bilmir

“18 yaşı tamam olan birinci qrup əlillər bir müddət pensiya ala bilmir. Söhbət əqli geriliyi olan, özünü idarə edə bilməyənlərdən gedir. Qanuna görə, 18 yaşı tamam olmayana kimi valideyn qəyyumluqla bağlı məhkəməyə müraciət verə bilmir. 18 yaşı tamam olduqda isə elə həmin gün pensiya verilməsi dayandırılır ki, qəyyum təyin olunsun və şəxsin yeni pensiya kartını aparsın. Bu proses təxminən 6-7 ay çəkir”.

Bu sözləri Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək Müstəqil Həmkarlar Birliyinin sədr müavini, sosioloq Əhməd Rəhmanov “Cebheinfo.az”-a müraciətində bildirib.

“Əlilliyi və əqli geriliyi olan şəxslərin valideynləri tərəfindən Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək Müstəqil Həmkarlar Birliyinə müraciət daxil olub. Birlik öz növbəsində məsələ ilə bağlı Ombudsman və Milli Məclisə müraciət edib.

Bu gün məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunda oldum. DSMF-dən cavab olaraq dedilər ki, qanunları onlar yazmır. Daha bir problem də həmin əlilə görə verilən baxım puludur. Bu məhkəmələrdən sonra əlilin pensiyası verilsə də, bu 7-8 ay ərzində olan boşluq dövründə olan baxım pulu verilmir.

İki gün əvvəl mövzu ilə bağlı “Facebook”-da “Əngəlsiz Həyat” qrupunda da paylaşım edib narazılığımı bildirdim və paylaşımın şərh hissəsində mənimlə birgə çox insan da öz narazılığını bildirdi. Məsələ orasındadır ki, bu problemlə qarşılaşan bir çox insan var.

Bununla bağlı bu gün Ombudsman Aparatında oldum və aparata məktub ünvanladıq”.

Mövzu ilə bağlı Autizmlə Mübarizə İctimai Birliyinin sədri Çiçək Məmmədli də “Cebheinfo.az”-a bildirib ki, onun iki autizmli övladı var və qəyyumluq təyinatında arada çox fasilələr verilir.

“Burada məhkəmələrin də günahı var. Belə ki, qəyyumluq təyinatı üçün məhkəmədə iş bir neçə ay davam edir.

Bu istiqamətdə qanunda böyük boşluqlar var. Baxmayaraq ki, mən qızımın 18 yaşına çatmamışdan əlavə vaxt getməsin deyə qəyyumluq təyinatı üçün müraciət etmişdim, amma yenə də gecikmə oldu”.

Çiçək Məmmədli bildirir ki, 1-ci qrup əlilliyin təyin olunmasında da müəyyən boşluqlar var:

"Belə ki, bütün sənədləri yığıb lazım olan müəssisəyə verirsən və oradan imtina gəlir, nəticədə bir neçə ay da buradan ləngimə olur.

Digər məsələ isə qəyyumluq pulunu almaqla bağlıdır. Müraciət edirsən ki, qəyyumluq pulunu almağa gəlmişəm və sənədi təqdim edirsən. Burada qəyyumluğu alanadək arada olan bir neçə ayın pulu verilmir, səbəb olaraq isə DOST xidməti bildirir ki, sənəddə qəyyumluğu aldığın gün hansı tarixdirsə, o tarixdən hesablanır. Mən bu boşluqla bağlı məhkəməyə şikayət etmək istəyirəm.

Mən oğluma qəyyumluğu alan zaman bu istiqamətdə səlahiyyətli orqanlar çox operativ işləyirdilər. Amma indi isə qəyyumluğu almaq aylarla çəkir.

Bu məsələ ilə bağlı çoxsaylı valideynlər millət vəkilinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya müraciət etdilər və İctimai Şuranın rəsmiləri, sədr müavini valideynlərlə görüş keçirdilər. Orada məlum oldu ki, bir çox valideynlər bu boşluqlardan əziyyət çəkirlər və qəyyumluq pulunu ala bilmirlər”.

Çiçək Məmmədli onu da qeyd edir ki, hazırda çox insan qəyyumluqdan şikayətçidir.

Qeyd edək ki, deputat Razi Nurullayevin məsələ ilə bağlı Milli Məclisdə çıxışı da olub. Deputat bildirib ki, praktikada əlilliyin təyin edilməsi prosesi bir çox hallarda vətəndaşlar üçün çətinliklər yaradır.

“İlk növbədə, əlillik təyinatı prosedurları daha sadə və vətəndaş yönümlü olmalıdır. İnsanları tibbi sənədlərin toplanması və sistemə daxil edilməsi zamanı uzun və yorucu proseslərdən xilas etmək lazımdır”, – deyə deputat qeyd edib.

“Əlillik məsələsinə təkcə texniki prosedur kimi deyil, həm də sosial ədalət və insan ləyaqəti məsələsi kimi yanaşılmalıdır. Dövlətin sosial siyasətinin əsas məqsədi ən çox ehtiyacı olan insanların qorunmasıdır.”

“Cebheinfo.az”

Chosen
4
1
cebheinfo.az

2Sources