EN

İran böhranına qarşı ANKARA PLANI: Yeni logistika dəhlizləri neftin qiymətini necə dəyişəcək?

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

İran ətrafında gərginlik fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb. Bildirilir ki, Ankara alternativ logistika marşrutlarının işə salınması üçün fəal addımlar atır ki, bu da xüsusilə böhran dövründə həm enerji istehsalçıları, həm də istehlakçılar üçün vacib həll yolu ola bilər. Qeyd olunur ki, Fars körfəzi bölgəsindən bir neçə enerji nəqli marşrutu nəzərdən keçirilir. Bunlara İraq və Suriya üzərindən quru yolu ilə çatdırılmalar, Süveyş kanalı, Qırmızı dəniz, İordaniya və Səudiyyə Ərəbistanı vasitəsilə birləşdirilmiş marşrut, eləcə də Oman limanından BƏƏ-yə və regionun digər ölkələrinə gedən marşrut daxildir.

Görəsən, sözügedən planın reallaşması nə dərəcədə realdır və bu, neftin qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan hərbi-siyasi gərginlik fonunda enerji təhlükəsizliyi məsələsi yenidən qlobal gündəliyin əsas mövzularından birinə çevrilib.

O qeyd edib ki, dünyanın neft və mayeləşdirilmiş qaz ticarətinin 20%-dən çoxunun keçdiyi Hörmüz boğazının potensial risk zonası kimi qiymətləndirilməsi alternativ marşrutların aktuallaşmasını sürətləndirir:

"Məhz bu kontekstdə Türkiyənin təşəbbüsü ilə irəli sürülən və Fars körfəzi regionundan yan keçən beş alternativ enerji nəqli marşrutu həm regional, həm də qlobal miqyasda ciddi strateji əhəmiyyət kəsb edir. Türkiyənin irəli sürdüyü marşrutlar - yəni İraq və Suriya üzərindən quru nəqli, Süveyş kanalı, Qırmızı dəniz xətti, İordaniya və Səudiyyə Ərəbistanı üzərindən inteqrasiya olunmuş logistika sistemi, eləcə də Oman-BƏƏ istiqaməti nəzəri baxımdan mümkün görünsə də, onların praktiki reallaşması bir sıra mürəkkəb geosiyasi və texniki amillərlə bağlıdır. İlk növbədə, İraq və xüsusilə Suriya üzərindən keçən marşrutlar təhlükəsizlik baxımından ən riskli variantlar sırasındadır. Suriyada tam bərpa olunmamış sabitlik və infrastrukturun məhdudluğu bu xəttin qısa müddətdə effektiv işləməsini çətinləşdirir. İraq istiqaməti isə nisbətən daha realdır, lakin burada da daxili siyasi qeyri-sabitlik və infrastruktur problemləri ciddi maneələr yaradır".

Deputat vurğulayıb ki, Süveyş kanalı və Qırmızı dəniz üzərindən keçən marşrutlar artıq mövcud beynəlxalq ticarət yollarına inteqrasiya olunduğuna görə daha real və praktik hesab olunur:

"Lakin bu istiqamətlər də Yəmən böhranı və husilərin hücumları səbəbindən təhlükəsizlik riskləri ilə üzləşir. Bu isə alternativ kimi nəzərdə tutulan marşrutların özü üçün əlavə risklər yaradır. İordaniya və Səudiyyə Ərəbistanı üzərindən qurulacaq inteqrasiya olunmuş enerji dəhlizi daha stabil siyasi mühitə əsaslandığı üçün perspektivli görünür. Bu xəttin inkişafı üçün əsas şərt region ölkələri arasında yüksəksəviyyəli siyasi koordinasiya və irihəcmli investisiyaların cəlb edilməsidir. Oman limanından BƏƏ-yə və digər region ölkələrinə yönələn marşrut isə daha çox regional daşımalar üçün effektiv ola bilər və qlobal miqyasda Hörmüzün alternativi kimi tam funksional rol oynamaq potensialı məhduddur. Ümid Burnu marşrutu isə texniki baxımdan tam mümkün olsa da, məsafənin uzanması səbəbindən iqtisadi cəhətdən səmərəsiz hesab olunur və yalnız fövqəladə hallarda istifadə edilə biləcək ehtiyat variant kimi qiymətləndirilir. Türkiyənin bu təşəbbüsü təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm mesajdır".

E.Mirzəbəyli vurğulayıb ki, Ankara özünü enerji tranzit mərkəzi kimi möhkəmləndirmək və Avropa ilə Asiya arasında strateji körpü rolunu gücləndirmək niyyətindədir:

"Bu isə Türkiyənin regional güc statusunu artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində alternativ aktor kimi rolunu genişləndirə bilər. Bununla yanaşı, bu marşrutların reallaşması İranın regional təsir imkanlarını qismən zəiflədə və Hörmüz boğazı üzərindən geosiyasi təsir alətinin effektivliyini azalda bilər. Bu isə regionda yeni güc balansının formalaşmasına səbəb ola bilər. Əgər alternativ marşrutlar qismən də olsa reallaşarsa, bu, ilk növbədə qlobal enerji bazarında risklərin diversifikasiyasına gətirib çıxarar. Hazırda neft qiymətlərinə ciddi təsir edən əsas amillərdən biri təchizatın coğrafi cəhətdən məhdud marşrutlara bağlı olmasıdır. Hörmüz boğazında yaranan istənilən gərginlik dərhal qiymətlərin artmasına səbəb oldu. Bu, hazırda davam edən müharibənin nəticəsindən asılı olmayaraq, gələcəkdə də özünü büruzə verə bilər. Alternativ marşrutların işə düşməsi isə bazarda psixoloji sabitlik yaradaraq qiymətlərin kəskin sıçrayışlarının qarşısını ala bilər. Bu, xüsusilə böhran dövrlərində qiymət sıçramalarını azalda və enerji bazarını daha proqnozlaşdırılan edə bilər".

Onun sözlərinə görə, burada mühüm bir məqam da nəzərə alınmalıdır:

"Alternativ marşrutların əksəriyyəti daha uzun məsafə və daha yüksək logistika xərcləri tələb edir. Bu isə daşınma xərclərinin artmasına və nəticə etibarilə neftin son qiymətinə müəyyən qədər təzyiq göstərməsinə səbəb ola bilər. Yəni qısamüddətli perspektivdə qiymətlərin sabitləşməsi ilə yanaşı, uzunmüddətli dövrdə müəyyən artım meyilləri də istisna edilmir. Türkiyənin Hörmüz boğazına alternativ enerji marşrutları təşəbbüsü strateji baxımdan aktual və zəruri addım kimi qiymətləndirilə bilər. Lakin bu layihələrin tam miqyasda və qısa müddətdə reallaşması real görünmür. Ən optimal ssenari alternativ marşrutların mərhələli şəkildə inkişaf etdirilməsi və mövcud nəqliyyat xətlərinin təhlükəsizliyinin paralel olaraq gücləndirilməsidir. Bu təşəbbüsün uğurla həyata keçirilməsi qlobal enerji bazarında risklərin azalmasına, qiymətlərin daha sabit olmasına və yeni geosiyasi balansın formalaşmasına səbəb ola bilər. Bununla belə, yüksək xərclər və regional risklər alternativ marşrutların effektivliyini müəyyən edən əsas faktorlar olaraq qalacaq".

İqtisadçı Akif Nəsirli isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, Türkiyənin Hörmüz boğazından yan keçərək alternativ marşrutlar yaratmaq təşəbbüsü texniki və siyasi baxımdan mümkündür:

"Amma tam reallaşması çətinliklərlə bağlıdır. Quru yolu, digər dəniz marşrutları infrastruktur və təhlükəsizlik məsələlərinə görə tədricən tətbiq edilə bilər, lakin eyni vaxtda böyük həcmlərin daimi daşınması üçün əlavə investisiya və koordinasiya tələb olunur. Əgər bu alternativ yollar uğurla işə düşsə, qlobal neft təchizatının daha sabit olmasına və İran ətrafındakı gərginlikdən yaranan risklərin azaldılmasına kömək edə bilər. Bu, xüsusilə Fars körfəzi ilə bağlı potensial kəsintilərin qiymətə təsirini bir qədər yumşalda, yəni neft qiymətlərində ani və böyük sıçrayışların qarşısını ala bilər. Eyni zamanda, əlavə xərclər və marşrutların uzunluğu nəzərə alınarsa, qiymətlərdə ciddi düşüş yox, daha çox sabitləşmə effektinin olması ehtimalı yüksəkdir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
hurriyyet.az

1Sources