BAKI, TurkicWorld, Orxan Qədirzadə
Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK) elektrik və təbii qaz tariflərində ciddi artım olduğunu elan edib.
TurkicWorld xəbər verir ki, aprelin 4-dən etibarən qüvvəyə minəcək yeni tariflərə əsasən, hər iki enerji növünün qiyməti orta hesabla 25 faiz yüksəlib.
EPDK-nın rəsmi açıqlamasında qiymət artımının istehsal və paylanma xərclərinin yüksəlməsi ilə əlaqədar olduğu bildirilir. Yeni qaydalara əsasən, məişət abunəçiləri (əhali) üçün elektrik enerjisi 25 faiz, kənd təsərrüfatı fəaliyyəti üçün isə 24,8 faiz bahalaşıb. Sənaye müəssisələri üçün artım nisbətən aşağı – 5,8 faiz səviyyəsində saxlanılıb. Qurumun hesablamalarına görə, bu artımdan sonra 100 kVt/saat elektrik istehlak edən orta statistik ailənin aylıq ödənişi 323,8 TL təşkil edəcək.
Təbii qaz sektorunda isə qiymət artımı ilə yanaşı, mühüm struktur dəyişikliyi baş verib. Belə ki, əhali üçün qazın qiyməti orta hesabla 25 faiz artırılmaqla bərabər, ilk dəfə olaraq pilləli qiymət tətbiqinə keçilib. Sənaye istehlakçıları üçün qazın qiyməti 18,61 faiz, elektrik enerjisi istehsal edən stansiyalar üçün isə 19,42 faiz yüksəlib. Ekspertlər qeyd edirlər ki, bu artımlar yaxın aylarda digər istehlak mallarının da qiymətinə təsir göstərə bilər.