Amerika kəşfiyyat xidmətlərinin hesabatları göstərir ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatı Tehranın regiondakı nüfuzunun artmasına səbəb ola bilər.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İranın yaxın vaxtlarda Hörmüz boğazını açacağı ehtimalı azdır, çünki Tehran bu boğaz üzərindəki nəzarəti ABŞ-yə qarşı yeganə real təzyiq rıçaqı kimi nəzərdən keçirir. Qeyd olunub ki, İranı zəiflətməyə yönəlmiş müharibə, əksinə, onun mühüm dəniz marşrutunu təhdid etmək qabiliyyətini nümayiş etdirməklə mövqelərini gücləndirə bilər.
Ekspertlər hesab edirlər ki, boğaz vasitəsilə enerji resurslarının tədarükünə nəzarət etmək hətta nüvə silahından da qat-qat effektivdir.
Bununla belə, Ağ Evdən bildirilib ki, ABŞ Prezidenti Donald Tramp boğazın çox tezliklə açılacağına əmindir.
Analitiklər həmçinin xəbərdarlıq edirlər ki, ABŞ-nin boğaz üzərində nəzarəti bərqərar etmək üçün həyata keçirə biləcəyi mümkün əməliyyat ciddi risklər barındırır, çünki İran öz ərazisindən raketlər və PUA-larla Amerika qüvvələrinə zərbələr endirmək iqtidarındadır.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.