EN

BMT yanında Daimi Nümayəndəlik: Azərbaycan mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir

Azərbaycan müharibənin partlayıcı qalıqları və kustar üsulla hazırlanmış partlayıcı qurğular səbəbindən yaralanma, ölüm və ya əsas xidmətlərə çıxışın məhdudlaşdırılması riski ilə üzləşən milyonlarla insanın qarşılaşdığı təhlükələrdən ən çox əziyyət çəkən ölkələr sırasındadır və ərazisinin 13 %-dən çoxu mina ilə çirklənib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, son otuz il ərzində 3 400-dən çox insan minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olub. Təkcə 2020-ci ilin noyabr ayından bəri aralarında qadın və uşaqların da olduğu 421 mülki şəxs mina partlayışlarının qurbanı olub, onlardan 72-si həlak olub, 349-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və bu rəqəm artmağa davam edir.

Bildirilib ki, genişmiqyaslı mina çirklənməsi digər fəsadlarla yanaşı, iqtisadi dirçəliş, yenidənqurma və reabilitasiya səylərinə mane olur, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tam icrası üçün ciddi maneə törədir.

"Azərbaycan mina təmizləmə fəaliyyətini dayanıqlı inkişafın mühüm amili kimi təşviq və icra edir, yenidənqurmanı dəstəkləyir, icmaların dayanıqlılığı üçün kritik olan torpaqlara və resurslara çıxışı bərpa edir. Mina təmizləmə səylərinin davamlı və qalıcı inkişafla bağlılığını, eləcə də təmizlənmiş ərazilərin əhalinin rifahına, ölkənin tərəqqisinə və inkişafına mühüm təsirini nəzərə alaraq Azərbaycan humanitar mina təmizləməni rəsmən 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib", - bəyanatda qeyd olunub.

Mətndə həmçinin Azərbaycanın BMT-nin mina aksiyasını prioritet məsələ kimi irəli sürməyə və beynəlxalq konfranslar keçirməyə davam etdiyi vurğulanıb.

"Azərbaycan mina təmizləmə fəaliyyətinin gender ölçüsünə də xüsusi önəm verir. Bu baxımdan, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) beynəlxalq tərəfdaşları ilə birgə layihəsi çərçivəsində ölkədə ilk qadın minatəmizləmə komandaları yaradılıb. Bu təşəbbüs nəinki milli minatəmizləmə potensialının gücləndirilməsinə, həm də həyati əhəmiyyət kəsb edən bu humanitar sahədə qadınların mənalı iştirakının təşviqinə töhfə verib", - Daimi Nümayəndəlik vurğulayıb.

Bəyanatın sonunda qlobal mina təhlükəsi ilə mübarizədə beynəlxalq yardımın önəmi qeyd edilib.

Chosen
17
3
ikisahil.az

3Sources