EN

Aprelin 4 ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 4 aprel, AZƏRTAC

Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, 2005-ci il dekabrın 8-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası bu günün elan olunması haqqında qətnamə qəbul edib. Baş Assambleya BMT-nin və müvafiq strukturların dəstəyi ilə minaların və müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə törətdiyi və ya milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə minatəmizləmə fəaliyyətini həyata keçirmək üçün milli potensialın yaradılmasına və inkişafına kömək göstərməyə davam etməyə çağırıb. Artıq 20 ildən çoxdur ki, BMT-nin Minatəmizləmə Xidməti mülki şəxslər, sülhməramlılar və humanitar işçilər də daxil olmaqla, partlayıcı qurğulardan zərər çəkmiş insanların ehtiyacları ilə bağlı məsələlərə reaksiya verir.

BMT-nin Minatəmizləmə Xidməti təşkilatın missiyalarının yerləşdirilməsini asanlaşdırmaqla, humanitar yardım çatdırmaqla, mülki insanları qorumaqla, məcburi köçkünlərin və qaçqınların könüllü qayıtmasını dəstəkləməklə insanların həyatını xilas edir. Xidmətin əməkdaşları beynəlxalq humanitar hüququn və insan hüquqlarının təşviqinə yönəlmiş icmaların yenidən qurulması fəaliyyətlərində və kampaniyalarda iştirak edirlər.

Dünyada mina təhlükəsi

Minalar, partlayıcı sursatlar və əldəqayırma partlayıcı qurğular xüsusilə silahlı münaqişə vəziyyətlərində ölüm və yaralanmaya səbəb olmaqda davam edir. Orta hesabla hər saatda bir nəfər belə partlayıcı qurğunun təsiri ilə ölür və ya yaralanır. Qurbanlar arasında çoxlu uşaq da var. Əldəqayırma partlayıcı qurğuların istifadəsi dinc əhalini qorxudur və humanitar təşkilatları, BMT-nin missiyalarını və şəxsi heyətini təhdid edir.

2026-cı ildə Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü “Sülhə sərmayə qoyun, mina fəaliyyətinə sərmayə qoyun” mövzusunda qeyd olunur. Bu ilin qlobal mövzusu əsas bir həqiqəti vurğulayır: mülki şəxsləri təhlükəyə atan, humanitar və inkişaf səylərini əngəlləyən piyadaəleyhinə minalar, klaster sursatlarının qalıqları və digər partlayıcı sursatlar mövcud olduğu müddətdə sülh davamlı ola bilməz.

Dünyanın bir çox bölgələrində icmalar hələ də partlayıcı təhlükələr qorxusu ilə yaşayır. Ailələr sərbəst hərəkət edə bilməyəndə, əsas xidmətlər əlçatan olmayanda və torpağın altında gizlənmiş təhlükələr səbəbindən yenidənqurma ləngiyəndə sülh kövrək olur. Mina fəaliyyəti isə təhlükəsizliyi, sabitliyi və etimadı bərpa edərək bu çətinlikləri aradan qaldıran sübut olunmuş vasitədir.

Gələcək Paktına əsaslanaraq, BMT-nin minalarla mübarizə iştirakçıları münaqişələrdən təsirlənən əlilliyi olan insanlara dəstək olmaq üçün mikrolayihələrin və əməliyyat təşəbbüslərinin maliyyələşdirilməsinin vacibliyini vurğulayırlar. Bu, mülki şəxslərin müdafiəsi (14-cü Fəaliyyət) və inkişaf etməkdə olan ölkələrdə texnoloji və innovativ potensialın yaradılması (Fəaliyyət 29) üzrə qlobal öhdəliyi gücləndirir.

Minalara qarşı mübarizə

1997-ci ildən “Piyadaəleyhinə minaların istifadəsi, ehtiyatı, istehsalı və təhvilinin qadağan edilməsi və onların məhvi haqqında” Konvensiyanın imzalanmaya açıldığı vaxtdan bəri 160-dan artıq ölkə onu ratifikasiya edib və ya bu sənədə qoşulub. Bu, misli görünməmiş koalisiyanın məlumat kampaniyası piyadaəleyhinə minaların mülki şəxslərə təsiri barədə ictimaiyyətin məlumatlılığını artırıb və ümumi qadağan olunma tədbirləri üçün qlobal dəstəyi səfərbər edib.

Piyadaəleyhinə minaların qadağan edilməsi üzrə sənədin 6-cı maddəsi Konvensiyaya üzv olan dövlətləri mina qurbanlarına qulluq, reabilitasiya və sosial və iqtisadi reinteqrasiyanı təmin etmək öhdəliyi qoyan “qurbanlara yardımı” nəzərdə tutur. Orada bildirilir ki, bu yardım minadan zərər çəkmiş insanların, onların ailələrinin, icmalarının, habelə əlillərin təcili və uzunmüddətli ehtiyaclarını ödəməyə yönəldilməlidir.

“Əlillərin hüquqları haqqında” Konvensiya və onun Fakültətiv Protokolu 2006-cı il dekabrın 13-də BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında qəbul edilib və 2007-ci il martın 30-da imzalanmaq üçün açılıb. Minaların qadağan edilməsi üzrə Konvensiyaya istinad edən bu sənəd əlilliyi olan bütün insanlara şamil edilir.

Təkcə piyadaəleyhinə minalar deyil, həm də müharibənin bütün digər partlayıcı qalıqları ilə bağlı problemlər hələ də qalmaqdadır. 2006-cı il noyabrın 12-də BMT-nin Baş katibi “Bəzi adi silahlar haqqında” Konvensiyaya əlavə olan “Müharibənin partlayıcı qalıqlarına dair” V Protokolun qüvvəyə minməsini alqışlayıb və onun universallığını vurğulayaraq həyata keçirilməsinə çağırışını təkrarlayıb. 2008-ci ilin dekabrında Baş katib 108 dövlətin qoşulduğu kaset silahları haqqında Konvensiyanın imzalanmaya açılmasını da alqışlayıb.

On iki departamentdən, agentlikdən, fondlardan və proqramlardan ibarət BMT-nin Minalarla Mübarizə Qrupu özünün qurumlararası siyasətini rəhbər tutaraq təşkilatın Tərksilah Tədqiqatları İnstitutu və Dünya Bankı kimi müşahidəçi strukturlarla əməkdaşlıq şəraitində minalarla mübarizə üzrə bütün əhəmiyyətli sahələr və fəaliyyətlər üzrə sistem miqyasında ahəngdarlığı təmin etməyə davam edir.

BMT-nin Minatəmizləmə Strategiyası onun sistemi və iştirakçı təşkilatlar üçün hesabatlılıq çərçivəsini təmin edir, silahlı münaqişə zamanı və ondan sonra partlayıcı sursatdan yaranan təhlükələrin qarşısının alınması və aradan qaldırılması üçün səyləri istiqamətləndirir və təsirə məruz qalmış icmalara dəstək verir. 2023-cü ilin iyun ayında BMT-nin Minatəmizləmə Qrupu tərəfindən əldə edilmiş razılaşmaya uyğun olaraq, bu Strategiyada artıq vaxt məhdudiyyəti olmayacaq və Baş katibin minatəmizləmə fəaliyyətinə yardımı üzrə ikiillik hesabatı ilə üst-üstə düşməklə, hər iki ildən bir dövri olaraq nəzərdən keçiriləcək. BMT-nin strategiyası 2023-cü il dekabrın 13-də təsdiq edilib və 2024-cü il yanvarın 1-də qüvvəyə minib.

İşğal altında olmuş Azərbaycan əraziləri minalardan təmizlənir

Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir. Respublikamız mina və müharibənin digər partlayıcı qalıqları ilə ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. Rəsmi məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 11 min 667 kvadrat kilometr sahə mina və digər partlayıcı qalıqları ilə çirklənib. Bu, ölkə ərazisinin 13 faizindən çoxu deməkdir. Həmin ərazilərdə təxminən 1 milyondan çox minanın mövcud olduğu bildirilir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə 261 min 551 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində xəsarət alan və yaxud həlak olan şəxslərin statistikası aparılır. Belə ki, 2020-ci il noyabrın 10-dan 2026-cı il aprelin 3-dək 421 nəfər mina qurbanı olub. Onlardan 72-si həlak olub, 349-u müxtəlif dərəcəli xəsarət alıb. Son 30 ildə isə Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfərdir. Onların 362-si uşaq, 38-i qadındır.

Müxbir - Nailə Həsənova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
50
azertag.az

10Sources