Ankara, 4 aprel, AZƏRTAC
2015-ci ildən bəri Türkiyədə 56 milyon kvadratmetrə qədər ərazidə ümumilikdə 228 minə yaxın mina təmizlənib. Minatəmizləmə işləri Türkiyə Milli Müdafiə Nazirliyinin nəzdindəki Milli Minatəmizləmə Mərkəzi (MAFAM) tərəfindən əlaqələndirilir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu məlumatı aprelin 4-də qeyd olunan Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə açıqlayıb.
Nazirlik qeyd edib ki, piyada əleyhinə minalar Türkiyədə ilk dəfə 1956-cı ildə Türkiyə-Suriya sərhədi boyunca qaçaqmalçılığın qarşısını almaq üçün, 1993-cü ildən 1997-ci ilə qədər isə terrorizm təhlükəsi fonunda şərqi və cənub-şərqi Anadoluda hərbi zonaların və dövlət sərhədinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunub. Nazirlik bildirib: “Son illər uğurlu antiterror əməliyyatları fonunda humanitar minatəmizləmə işləri intensivləşib və Türkiyənin bir sıra vilayətlərində kənd təsərrüfatı və heyvandarlıq inkişaf edib”.
Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edib ki, onun və Daxili İşlər Nazirliyinin himayəsi altında olan minatəmizləmə bölmələri hazırda İğdır, Tunceli, Şırnak, Şanlıurfa, Kilis və Hatayda humanitar minatəmizləmə əməliyyatlarını davam etdirir.
Dost və müttəfiq ölkələrlə hərbi əməkdaşlıq müqavilələrinin bir hissəsi olaraq, Azərbaycana göndərilən türk mütəxəssisləri 2020-ci il dekabrın 11-dən bəri Ağdam, Cəbrayıl, Hadrut və Laçında təlimlərə dəstək verirlər.
Bundan əlavə, türk mütəxəssisləri Suriya, Liviya, Litva, Ukrayna, Nigeriya və Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin nümayəndələri ilə minatəmizləmə sahəsində əməkdaşlıq edirlər.
Nazirlik, həmçinin davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə istifadə edilən dəniz minaları təhlükəsini də aradan qaldırıb. “Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya, Hidroqrafiya və Okeanoqrafiya Departamentinin gündəlik məlumatların təhlili əsasında sualtı minaların ehtimal olunan marşrutları müəyyən edilir və onların mövcudluğuna dair gecə-gündüz monitorinq aparılır”, - deyə açıqlamada bildirilir.
“Qara dənizin Türkiyə sektorunda ümumilikdə 275 şübhəli obyekt aşkar edilib ki, bunlardan 10-u mina, 8-i kamikadze dron və 11-i pilotsuz qayıq kimi müəyyən edilib. Müəyyən edilmiş obyektlər uğurla məhv edilib”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edib.
Dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyini təmin etmək üçün girişdə daim ən azı iki hərbi gəminin yerləşdiyi Bosforda təhlükəsizliyə xüsusi diqqət yetirilir.