EN

Talış yüksəkliyindən boylanan zəfər: Aprel döyüşlərinin qəhrəmanları danışır

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən biri olan şanlı Aprel döyüşlərindən 10 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirdi. Qısa müddətdə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan artıq ərazisi azad edildi, minlərlə hektar sahə isə ordumuzun nəzarətinə keçdi. Bu qələbə 23 ildən sonra xalqımıza ilk zəfər sevincini yaşatmaqla yanaşı, böyük qayıdışın və sonrakı qələbələrin müjdəçisi oldu.

Döyüşlər zamanı strateji əhəmiyyətə malik Talış yüksəkliklərinin azad edilməsi Naftalan şəhəri və Tapqaraqoyunlu kəndi üçün təhlükəni aradan qaldırdı. Lələtəpə yüksəkliyinin nəzarətə götürülməsi isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və Füzuli rayonunun Arazboyu yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin olunmasına zəmin yaratdı.

Oxuməni.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri döyüşlərin ən qızğın nöqtələrindən biri olan Ağdərə rayonunun Talış kəndi istiqamətində həmin günlərin canlı şahidləri və qəhrəmanları ilə söhbət edib.

Aprel döyüşləri 44 günlük yola gedən başlanğıc idi

Ehtiyatda olan gizir Ziya Təhməzov Aprel döyüşlərini Azərbaycan hərb tarixinin dönüş nöqtəsi kimi qiymətləndirir: “Aprel döyüşləri Azərbaycanın hərb tarixinin qızıl hərflərlə yazılmış zəfəri və 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcıdır. Düşmənin intensiv təxribatlarının qarşısının alınması üçün əks hücum əməliyyatları təşkil olundu. Talış kəndi ətrafındakı yüksəklikləri azad etdik. 2020-ci il Vətən müharibəsində mən yenə bu ərazidə - Çaylı, Suqovuşan və Talış kəndləri istiqamətində döyüşdə oldum. Aprel döyüşləri zamanı azad etdiyimiz strateji yüksəkliklər Vətən müharibəsində döyüş əməliyyatlarının uğurla həyata keçirilməsində mühüm rol oynadı”.

Gizir Təhməzov şəhid olan döyüş yoldaşlarının qəhrəmanlığını da qürurla qeyd edir: "Yoldaşlarım böyük şücaət göstərdilər. “Azərbaycan Bayrağı” ordenli Aslan Hüseynli və Ruslan Şahbazov Talış yüksəkliyində düşmənin tanklarını məhv etdilər. Bu gün alnımız açıqdır. Azərbaycan oğulları sinələrini sipər edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər. Mən fəxr edirəm ki, qəhrəman qardaşlarımla bu yolda çiyin-çiyinə döyüş yolu keçmişəm”.

Keçilməz hesab olunan müdafiə xəttini yardıq

Döyüşlərin digər iştirakçısı, tankçı Rövşən Quliyev bildirir ki, ordunun yüksək əhvali-ruhiyyəsi və xalqın dəstəyi qələbənin əsas rəmzi idi: “Biz tanklar və digər texnikalarla düşmənin mövqelərini məhv etdik. Döyüş vaxtı hərbiçilərin əhvali-ruhiyyəsi yüksək idi. Xalqın dəstəyi bizi daha da ruhlandırırdı. Qısa müddətdə ermənilərin illərlə möhkəmləndirdiyi və keçilməz hesab etdikləri müdafiə xəttini yararaq Talış yüksəkliklərini azad etdik. Qürur hissi duyuram ki, düşmən tapdağından azad edilmiş torpaqlara ilk ayaq basan hərbiçilərdən olmuşam.

Aprel döyüşlərindən sonra 44 günlük müharibədə də Talış istiqamətində iştirak etmişəm. Fəxr ediləm ki, torpaqlarımızın azad olunmasında az da olsa əməyim var. Bu gün işğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlər qayıdır, quruculuq işləri həyata keçirilir. Bütün bunlar bizi sevindirir, qürurlandırır”.

Talış yüksəkliyində bahar nəfəsi

Talış yüksəkliyinin ətraflarına nəzər salırıq. Hər addımda bir qəhrəmanlıq dastanı yazılan bu torpaqlarda boylanan çiçəklər diqqətimizi çəkir. Baş qaldıran hər bir çiçək şəhid qanı ilə suvarılmış Vətən torpağını bəzəməyə, qəhrəmanlarımızın xatirəsini yaşatmağa çalışır, eyni zamanda azad olunmuş torpaqlara həyatın yenidən qayıtdığını səssizcə ifadə edir. Bu mənzərə bir daha göstərir ki, qazanılan qələbə təkcə hərbi uğur deyil, həm də bu torpaqlarda həyatın, ümidin və gələcəyin yenidən bərpasıdır. 10 il əvvəl Aprel döyüşləri ilə atılan o inamlı addımlar bu gün bütöv Azərbaycanın sarsılmaz reallığına, azad yurdumuzun bahar ətrinə çevrilib.

Oxuməni.az

Chosen
38
4
oxumeni.az

10Sources