Torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın xatirəsi xalqın yaddaşında silinməz iz buraxıb. Onların uyuduğu məkanlar artıq müqəddəs and yerinə çevrilib, adları isə milli qürur və şərəf simvolu kimi yaşayır. Bu müqəddəs irsə sədaqət nümunəsi olaraq şəhid ailələrinə göstərilən diqqət davamlı xarakter daşıyır.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi bu ənənəni yaşadaraq mütəmadi şəkildə Şəhidlər xiyabanını və şəhid ailələrini ziyarət edir. Kollecin direktoru Xosrov Musayevin iştirakı ilə bugünlərdə təhsil ocağının məzunu olmuş şəhid Turqut Zeynalovun ailəsi ilə görüş keçirilib.
Şəhidin valideynləri onun keçdiyi şərəfli döyüş yolundan, Vətənə bağlılığından, qətiyyətindən danışaraq bu ömrün sadəcə illərlə ölçülmədiyini, onun mənəvi dəyərinin daha böyük olduğunu vurğulayıblar. Tələbələrin səsləndirdiyi şeirlər isə görüşə vətənpərvərlik ruhu gətirib. Turqut Zeynalovun əziz xatirəsi dərin ehtiramla yad edilib.
1996-cı il avqustun 20-də Bərdədə dünyaya göz açan Turqut Fikrət oğlu Zeynalov təhsil aldığı illərdən seçilən, məsuliyyətli və vətənpərvər gənc kimi tanınıb. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Turqut ən ağır istiqamətlərdə döyüşərək igidlik nümunəsi göstərib. 27 sentyabr 2020-ci ildə strateji əhəmiyyət daşıyan Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilməsi onun şücaətinin dövlət səviyyəsində təsdiqidir.
Şəhid Samir Şamil oğlu Ələkbərlinin ailəsi də ziyarət edilib.
2002-ci il iyulun 2-də Bərdə rayonunun Qaradəmirçi kəndində dünyaya gələn, əslən Şuşadan olan Samir Ələkbərli təhsilini yarımçıq qoyaraq Vətənin müdafiəsi üçün cəbhəyə yollanıb. Döyüş meydanında cəsarəti ilə seçilən Samir daim ön xəttə can atıb. 10 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunması onun qəhrəmanlığının ən ali qiymətidir.
Vəli VƏLİYEV
XQ