EN

Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti

Mina problemi müasir dövrdə yalnız hərbi münaqişələrin nəticəsi kimi deyil, eyni zamanda, qlobal humanitar çağırış kimi qiymətləndirilir. Dünyanın müxtəlif regionlarında münaqişədən sonrakı mərhələdə minalar və partlamamış hərbi sursatlar insanların həyatına, təhlükəsizliyinə və inkişaf perspektivlərinə ciddi təsir göstərir. Bu baxımdan mina təhlükəsinə qarşı mübarizənin beynəlxalq gündəmdə saxlanılması məqsədilə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2005-ci ilin dekabrında qəbul etdiyi qərara əsasən 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd olunur. Bu günün təsis olunması mina probleminin bəşəri xarakter daşıdığını və onun aradan qaldırılması üçün qlobal səylərin vacibliyini bir daha vurğulayır.

Publika.az Azərbaycan ərazilərinin işğal dövründə genişmiqyaslı mina çirklənməsini, bunun insanların təhlükəsizliyinə və qayıdış prosesinə təsirini, həmçinin problemin həlli üçün görülən tədbirləri təhlil edir.

Azərbaycanın işğal olunmuş ərazilərinin minalarla çirkləndirilməsi

Bildiyimiz kimi, münaqişədən zərər çəkmiş Qarabağda və Şərqi Zəngəzurda minaların geniş şəkildə yerləşdirilməsi uzunmüddətli ciddi təhlükə yaradır. İlkin qiymətləndirmələrə əsasən, işğal dövründə bu torpaqlarda Ermənistan tərəfindən bir milyondan çox mina basdırılıb ki, bu da regionu dünyanın ən çox mina ilə çirklənmiş ərazilərindən birinə çevirib. Minalar və partlamamış sursatlar təkcə müharibə bitdikdən sonra deyil, onilliklər ərzində insanların həyatını təhlükə altında saxlayır. Bu təhlükə sosial-iqtisadi inkişafın ləngiməsinə, mədəni irsin qorunmasına, bərpa və yenidənqurma prosesinə, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi maneələr yaradır. Eyni zamanda, geniş mina çirklənməsi kənd təsərrüfatı fəaliyyətinin bərpasını çətinləşdirir, torpaq resurslarından səmərəli istifadəni məhdudlaşdırır və regionun iqtisadi potensialının reallaşdırılmasını ləngidir. Bu amillər təhlükəsizlik məsələsini yalnız humanitar problem deyil, həm də strateji inkişaf çağırışı kimi aktuallaşdırır.

Chosen
30
3
publika.az

10Sources