AZ

4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür

Azərbaycan “yeraltı müharibə” ilə üzləşən azsaylı ölkələrdən biridir

 

Aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. BMT Baş Assambleyası 2005-ci ildə 60/97 saylı qətnaməsi ilə aprelin 4-nü belə bir gün kimi müəyyən edib. Bu günün təsis olunması mina probleminin təkcə dünyanın ayrı-ayrı ölkələrinə aid olmayıb, bəşəri xarakter daşıdığını və onun aradan qaldırılması üçün qlobal səylərin göstərilməsinin önəmini nəzərə çatdırır. Azərbaycan hakimiyyəti ərazilərimizin 30 ilə yaxın işğalı dövründə Ermənistan tərəfindən genişmiqyaslı mina çirklənməsinə məruz qalmasını, bunun insanların təhlükəsizliyinə, xüsusilə də son 5 ildə Böyük Qayıdış prosesinə təsirini ən yüksək tribunalardan səsləndirib. BMT Baş Assambleyası problemin ciddiliyini nəzərə alaraq 21 il əvvəl məhz xüsusi gün təsis edib. Bununla təşkilat müharibələrin və silahlı münaqişələrin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu üçün bu təhlükəyə məruz qalmış ölkələrdə minalarla mübarizə imkanlarının yaradılmasına və inkişafına çağırış edir.

 

*

 

Bədnam qonşuların işğalçılıq siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin qiymətləndirmələrə görə, işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırılıb. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın kasetli silahlar koalisiyasının məlumatına görə, Azərbaycan dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənməyə məruz qalmış 10 ölkəsindən biridir. Xüsusilə 44 günlük müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda minaların geniş şəkildə yerləşdirilməsi ciddi təhlükə yaradır. Minalar və partlamamış sursatlar təkcə müharibə bitdikdən sonra deyil, onilliklər ərzində insanların həyatını təhlükə altında saxlayır. Bu təhlükə sosial-iqtisadi inkişafın ləngiməsinə, mədəni irsin qorunmasına, bərpa və yenidənqurma prosesinə, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi maneələr yaradır. Hərbi silah kimi düşünülən minaların qurbanları daha çox mülki şəxslər olur. 

 

ARAYIŞ: 2020-ci il noyabrın 10-dan 2026-cı il aprelin 4-dək 261 min 551 hektar ərazi minalardan təmizlənib. Ümumilikdə 246 min 463 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bugünədək 259 mina partlayışı hadisəsi qeydə alınıb ki, nəticədə 421 nəfər mina qurbanı olub, onların 72-si həyatını itirib, 349 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bu acı statistika münaqişə bitdikdən sonra belə təhlükənin davam etdiyinin əyani  göstəricisidir. Mina hadisələri insanların gündəlik həyat fəaliyyətini məhdudlaşdırır, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün əlavə risklər yaradır. Bu isə sosial-iqtisadi fəallığın bərpasını ləngidən əsas amillərdən biri sayılır. Qurbanlar arasında azyaşlılar, gənclər və qadınların olması mina təhlükəsinin cəmiyyətin ən həssas qruplarına da təsir etdiyini göstərir. Bu, həm də reabilitasiya, sosial müdafiə və psixoloji dəstək kimi əlavə humanitar tədbirlərin vacibliyini ön plana çıxarır.

 

*

 

Oxuculara xatırladaq ki, 1994-cü il mayın 12-də imzalanmış atəşkəs sazişindən sonra Azərbaycan Ordusunun mühəndis istehkam qoşunları Füzuli rayonunun işğaldan azad olunmuş 22 kəndində 15 minalanmış sahədən 19 min tank əleyhinə, 22 min isə piyadalar əleyhinə mina taparaq zərərsizləşdirmişlər. Həmin dövrdə ANAMA mövcud deyildi. Bu işi Müdafiə Nazirliyinin mühəndis-istehkam qoşunları görürdü. Nəzərə almaq lazımdır ki, həmin kəndlər cəmi 3 ay işğal altında qalmışdı. Amma buna baxmayaraq, o dövrdə həmin ərazidən ümumilikdə 41 min ədəd mina aşkar edilərək zərərsizləşdirilmişdi.

 

Mina və partlamamış hərbi sursat təhlükəsi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış, qazıntı və ekshumasiya işlərinin aparılmasına da ciddi maneə yaradır. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə 300-dən çox kəhriz (yeraltı su mənbələri) mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Köndələnçay, Tərtər, Qarqar, Xaçın, Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və ətrafı minalanıb.

 

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Ermənistanın Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etməsi sübuta yetirilmiş faktdır. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 23 saatlıq lokal xarakterli antiterror tədbirindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması isə düşmənin “yeraltı müharibəsi”nin miqyasını göstərir.

 

Reallıq ondan ibarətdie ki, minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır. Bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən dəstək məhduddur. Ölkəmiz erməni işğalını təkbaşına aradan qaldırdığı kimi, təcavüzkarın mənfur qalıqlarını da ərazilərindən özü təmizləyir. Ümumiyyətlə, humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Məhz onun uzaqgörənliyi sayəsində 1998-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) (əvvəlki adı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) yaradılıb. Vətən müharibəsində əldə edilən Zəfərdən sonra həmin ərazilərdə geniş quruculuq işlərinin sürətli həyata keçirilməsini və sakinlərin öz yurd-yuvalarına təhlükəsiz dönməsini təmin etməkdə aparıcı rol ANAMA-ya, başqa sözlə desək, Azərbaycan dövlətinə məxsusdur.

 

*

 

Yeri gəlmişkən onu da qeyd edək ki, hər zaman ölkəmizin yanında olan Türkiyə dünyada və regionda həm quru, həm də dəniz minalarına qarşı mübarizəyə konkret töhfələr verən ölkədir. Türkiyə XİN Milli Minalardan Təmizləmə Mərkəzi vasitəsilə piyada əleyhinə minaların istifadəsi, tədarükü, istehsalı və köçürülməsinin qadağan edilməsi, eləcə də zərərsizləşdirilməsi ilə bağlı Ottava Konvensiyasını və bu çərçivədə yaradılmış beynəlxalq əməkdaşlığı dəstəklədiyini bildirib. Türkiyə XİN-in müraciətində deyilir: “Minalarla çirklənməyə görə uzun müddətdir ciddi təhlükə ilə üzləşən Əfqanıstan kimi ölkələr, eləcə də işğaldan azad etdiyi torpaqlarında aşkar edilməmiş çox sayda mina olan Azərbaycanın təhlükəsizlik qayğılarını bölüşürük. Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana verməyə çağırırıq. Mina riskləri ilə mübarizə aparan ölkələrə yerində və beynəlxalq səviyyədə güclü dəstəyimizi davam etdirəcəyik”.

 

Yuxarıda qeyd etdiyimiz kimi, respublikamız dünyada minalar və partlamamış hərbi sursatlardan əziyyət çəkən, müharibənin “mirası” ilə təqib olunan  ölkələrdəndir. Birinci və İkinci Qarabağ müharibəsində bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün ölkəmiz dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrdən biri hesab olunur.

 

Minatəmizləmə uzunmüddətli və yüksək maliyyə tələb edən proses olduğundan, bu fəaliyyətin əsasən milli resurslar hesabına həyata keçirilməsi beynəlxalq maliyyə və texniki dəstəyin vacibliyini bir daha ortaya qoyur. Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi minatəmizləmə proseslərinin sürətlənməsinə, əməliyyatların təhlükəsizliyinin artırılmasına və risklərin azaldılmasına töhfə verə bilər. BMT Baş katibinin xüsusi təşəbbüsü ilə elan edilmiş Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə ANAMA yanında İctimai Şuranın, mina qurbanları və onların ailə üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk qadın minaaxtaranları layihəsinin əməkdaşları Qarabağda mütəmadi tədbirlər həyata keçirirlər. Bu tədbirlərin sayəsində Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, hökumətin “yeraltı müharibə” ilə apardığı mübarizə beynəlxalq ictyimaiyyətin diqqətinə çatdırılır. 

 

Bu gün Azərbaycanın milli prioriteti Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Fəqət bu ərazilərin ermənilər tərəfindən minalanması bərpa-quruculuq işlərinə ciddi maneə olaraq qalmaqdadır. Azərbaycan təkbaşına bu çətinliklə mübarizə aparmaq əzmindədir. Amma bu mübarizə həm də bütün bəşəriyyətin sınağıdır. Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi mina terrorundan bütün dünya xəbər tutmalı, beynəlxalq təşkilatlar təcavüzkar ölkənin qanlı əməllərini görməzdən gəlməməlidir.  

 

XQ

 

 

Seçilən
13
33
xalqqazeti.az

10Mənbələr