“Sabah” 2024-cü ilin iyulunda sıralarına qatdığı Pavol Şafranko ilə bağlı yekun qərarını verib.
Premyer Liqanın hazırkı lideri slovakiyalı hücumçu ilə bağladığı 2 illik müqavilənin müddətini uzatmayacaq.
Uzun müddətdir zədəli olan legioner iyunda buradan birdəfəlik yola salınacaq.
31 yaşlı forvard karyerası ərzində Slovakiyanın “Tatran” (2013-2016), “Podbrezova” (2016), “DAC 1904” (2017-2018), Danimarkanın “Olborq” (2019), Şotlandiyanın “Dandi Yunayted” (2018/2019), Rumıniyanın “Şepşi” (2019-2021, 2022-2024) və CAR-ın “Sandauns” (2021-2022) klublarında oynayıb.
Şərqi avropalı ötən ilin noyabrında İspaniyadakı klinikaların birində əməliyyat olunub. Diz oynağındakı menisk yırtığı səbəbindən.
O, sonuncu dəfə 2025-ci ilin sentyabrın 28-də keçirilmiş «Sumqayıt»la ev matçında (1:1) forma geyinib.
İndiyə qədər «bayquşlar»ın heyətində 55 oyuna çıxıb, 18 qol vuran və 3 məhsuldar ötürmə verən hücumçu Slovakiya yığmasında 10 matç keçirib.
SPORTİNFO.AZ