EN

Lənkəranda peşə təhsilinin imkanlarına həsr olunan təhsil forumu keçirilib

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusuna həsr olunan təhsil forumu keçirilib.

AzEdu.az xəbər verir ki, forum iştirakçıları əvvəlcə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan forumun əsas məqsədi regionlarda peşə təhsilinin mövcud vəziyyətinin qiymətləndirilməsi, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, yeni yanaşmaların müzakirəsi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına diqqətin artırılması olub.

Forum çərçivəsində keçirilən müzakirələrdə müvafiq dövlət qurumlarının nümayəndələri, təhsil ictimaiyyəti və digər maraqlı tərəflər iştirak ediblər. Çıxışlarda regionlarda ixtisaslı kadr hazırlığının gücləndirilməsi, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi və peşə təhsilinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin açılışında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış ediblər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, bu cür forumlar artıq davamlı xarakter alıb:

“Bakıdan sonra ölkənin regionlarında da forumlar təşkil etməyə başladıq. İlk olaraq Astarada keçirilən forum uğurlu nəticə verdi. Hazırda isə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzindəyik. Burada yaradılmış şərait yüksək səviyyədədir. Gələcəkdə keçiriləcək konfranslarda bu mərkəzi nümunə kimi göstərəcəyik”. 

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışında ölkədə həyata keçirilən təhsil siyasətinə toxunaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə 3600-dən çox məktəb tikilib və ya əsaslı təmir olunub. O, həmçinin regionlarda peşə təhsilinin inkişafı, perspektivləri və qadınların bu sahədə rolu barədə ətraflı məlumat verib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb, peşə mərkəzlərinin işəgötürənlərlə əməkdaşlığının gücləndirilməsinin və dual təhsil modelinin tətbiqinin əhəmiyyətini qeyd edib.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, Milli Məclisin deputatları Elçin Mirzəbəyli, Elnarə Akimova, Tamam Cəfərova, Mehriban Vəliyeva, Samir Vəliyev, Ceyhun Məmmədov və Vasif Qafarov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov çıxış ediblər.

Tədbirin sonunda regionlarda peşə təhsili sahəsində fəaliyyətlərinə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup əməkdaşına Milli Məclisin Elm və təhsil komitəsinin fəxri diplomu təqdim olunub.

Chosen
21
50
azedu.az

10Sources