EN

Qarabağın mina problemi: Ermənistan niyə xəritələri gizlədir? – ŞƏRH – ÖZƏL

BMT Baş Assambleyasının qərarı ilə bu gün dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd olunur. Hazırda bu problem Azərbaycan üçün xüsusi aktuallıq kəsb edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılması regionu dünyanın ən təhlükəli ərazilərindən birinə çevirib. Bu kütləvi çirklənmə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını ləngidir, bərpa-quruculuq işlərinə və kənd təsərrüfatının bərpasına ciddi maneələr yaradır.

"Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisini 30 il işğal altında saxlamışdır. Bu işğal dövründə həmin ərazilərin bütün bölgələrində saysız-hesabsız mina basdırılmışdır. Bu minaların əksəriyyəti Ermənistanda istehsal olunmuş minalar idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan işğalçı qüvvələri öz torpaqlarından uzaqlaşdırdıqdan sonra, 10 noyabr bəyanatının müddəalarına əsasən Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməli idi. Təəssüf ki, Ermənistan bu öhdəliyi yerinə yetirmədi. Bu səbəbdən Azərbaycan uzun müddətdir ki, öz daxili imkanları hesabına işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi ilə məşğuldur. Qeyd etmək lazımdır ki, minalar həmin ərazilərdə sosial infrastrukturun bərpasına, eləcə də əhalinin doğma torpaqlarına geri qayıdışına ciddi maneə yaradır. Mina xəritələrinin təqdim olunmaması nəticəsində minlərlə Azərbaycan vətəndaşı mina terrorunun qurbanına çevrilmiş, çoxsaylı insanlar həlak olmuş və ya müxtəlif dərəcəli xəsarətlər almışdır. Bu gün də Azərbaycan dövləti Ermənistan tərəfindən basdırılmış minaların fəsadlarını aradan qaldırmaq üçün ciddi çətinliklərlə üzləşir. Beləliklə, Ermənistanın mina xəritələrini təqdim etməməsi mina terrorunun davam etməsinə səbəb olur. Mina partlayışlarından zərər çəkmiş şəxslərə görə Ermənistan dövləti təzminat ödəməlidir və Azərbaycanın bu tələbi irəli sürməsi tam haqlıdır.

Ekspert əlavə edib ki, Azərbaycan mütəxəssisləri bu illər ərzində kifayət qədər böyük təcrübə qazanmışdır və bu gün mina təmizləmə sahəsində dünya miqyasında ön sıralarda yer alırlar. Çünki Azərbaycan mütəxəssisləri illərdir praktiki şəkildə mina ilə mübarizə aparır və bu sahədə ciddi təcrübə toplayıblar. Təəssüf ki, bu prosesdə onlarla, hətta yüzlərlə mütəxəssis zərər görmüşdür. Birləşmiş Millətlər Təşkilatının mina ilə mübarizə üzrə qəbul etdiyi yanaşmalar isə özünü tam doğrultmur. Ümumilikdə, BMT artıq daha çox siyasi müzakirə platformasına çevrilmişdir və onun qərarları bir çox hallarda real hüquqi öhdəlik yaratmır. Xatırlatmaq yerinə düşər ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsi mövcud idi. Lakin nə həmin dövrdə, nə də sonrakı mərhələlərdə bu qətnamələr icra olunmadı. Nəticədə Azərbaycan öz gücü hesabına ərazilərini işğaldan azad etdi. Eyni vəziyyət mina problemi ilə bağlı qəbul olunan qərarlarda da müşahidə olunur. Bu qərarlar əsasən deklarativ xarakter daşıyır və ayrı-ayrı dövlətlər üçün hüquqi öhdəlik yaratmır. Bu isə BMT-nin beynəlxalq nüfuzunun zəiflədiyini göstərir. Əgər bu təşkilat öz qərarlarının icrasında israrlı olsaydı, Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Xüsusilə də Ermənistanın mina xəritələrini təqdim etməməsinə görə beynəlxalq təzyiq artırılmalı, zərərçəkmiş şəxslərə təzminat ödənilməsi təmin olunmalı idi. Bu addımlar atılmadıqca, BMT qərarlarının real təsiri məhdud olaraq qalır.

"Ümumilikdə, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də ondan sonrakı mərhələdə Azərbaycan mina terroruna qarşı mübarizəni əsasən təkbaşına aparır. İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi, infrastrukturun bərpası və əhalinin geri qayıdışının təmin edilməsi dövlətin daxili imkanları hesabına həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələləri daim diqqət mərkəzində saxlayır. İstər quruculuq işləri, istər əhalinin geri qayıdışı layihələri, istərsə də mina ilə mübarizə sahəsində texniki imkanların genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi birbaşa dövlət nəzarətindədir. Prezident mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, həm mülki əhali, həm də həmin bölgələrdə fəaliyyət göstərən qurumların nümayəndələri ilə görüşərək mövcud problemlərlə yaxından tanış olur və onların həlli istiqamətində tapşırıqlar verir. Hesab edirəm ki, Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını viran qoymasına baxmayaraq, qısa müddətdə həyata keçirilən bərpa və quruculuq işləri dövlət siyasətinin uğurlu nəticəsidir. Nəticə etibarilə, mina terroruna qarşı mübarizə bu gün də dövlətimizin əsas prioritet istiqamətlərindən biri olaraq qalır", - deyə siyasi şərhçi A. Məsiyev sonda vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
48
olaylar.az

10Sources