EN

Nizami Kino Mərkəzinin divarları üzərində qrafiti çəkilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə hörtmətsizlikdir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 aprel, AZƏRTAC

Bakı şəhərində tarixi binalardan birinin - Nizami Kino Mərkəzinin divarları üzərində qrafiti çəkilməsi ilk belə hallardan biri kimi hər kəsin diqqətini çəkib, mübaliğəsiz desək şoka salıb və cəmiyyətdə ciddi narahatlıq doğurub. Əlbəttə, ilk baxışda bu, sadə bir “rəsm” və ya “gənclərin şıltaqlığı, dəcəlliyi” kimi görünə bilər, ən pis halda xuliqanlıq hesab edilə bilər. Lakin məsələni daha dərindən, bir neçə prizmadan araşdıranda, təhlil edəndə ciddi nəticələr əldə etmək olar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli bildirib.

Bu hərəkəti hüquqi, mənəvi, mədəni, tərbiyəvi, beynəlxalq təcrübə və sair nöqteyi-nəzərdən təhlil edən Ə.Abbasbəyli deyib: “Nizami Kino Mərkəzi Bakının ən məşhur və tarixi-memarlıq abidəsi kimi tanınan tikililərdən biridir. Həm mədəniyyət obyekti, həm də memarlıq abidəsi kimi dəyərə malik, memarlıq üslubu klassik elementlərlə zəngin olan bina sovet dövründə, 1940-cı illərdə tikilib və hazırda Azərbaycanın mədəni irs obyektlərindən biri kimi qorunur. Bu cür tarixi binalar, mədəniyyət obyektləri, sadəcə daş və divardan ibarət deyil. Onlar xalqımızın tarixini, memarlığını və mədəni kimliyini özündə daşıyır. Nizami Kino Mərkəzi də yalnız bir bina deyil, həm də ölkənin mədəni yaddaşının bir hissəsidir. Bu mədəniyyət abidəsinin divarları üzərində icazəsiz qrafiti çəkilməsi, yöndəmsiz yazılar və görüntülərlə çirkləndirilməsi, binanı fiziki və mənəvi zədələmək onun tarixi dəyərini azaltmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək irsi də təhlükə altına qoyan vandalizmdir. Xalqımız üçün yad olan “mədəniyyəti” sırımaq cəhdi, əsrlər boyu formalaşmış, dünyada tanınmış, şöhrət və rəğbət qazanmış Azərbaycan mədəniyyətinə, incəsənətinə hörtmətsizlikdir”.

Siyasi şərhçi, bunu hüququ baxımından ölkə qanunverciliyinin tələblərinə zidd olan, məsuliyyət yaradan ciddi bir qanun pozuntusu adlandıraraq əlavə edib: “Tarixi abidələr, sadəcə bina deyil, onlar dövlət tərəfindən qorunan irsdir. Azərbaycan qanunvericiliyi də bu məsələyə ciddi yanaşır. Yəni Azərbaycan Konstitusiyasının 77-ci maddəsində ölkə vətəndaşların əsas vəzifələrindən biri kimi, açıq və dəqiq qeyd olunur ki, “tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunun 1-ci və 28 maddələri də bu barədə konkret tələblər qoyur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və digər normativ aktlara əsasən, tarixi abidələrin zədələnməsi hüquqi məsuliyyət yaradır, tarixi və mədəni əhəmiyyətli binaların zədələnməsi cinayət hesab olunur. Bəzi “ağzıgöyçəklər”in mümkün iradlarına, ittihamlarına, cavab olaraq xüsusi vurğulamaq lazımdır ki, divar qrafitisi (icazəsiz yazı və rəsmlər) bir çox ölkələrdə qanun pozuntusu sayılır və buna görə müxtəlif cəza tədbirləri tətbiq olunur. Bu, xüsusilə tarixi abidələrdə və ictimai mülkiyyətdə edilərsə, daha ciddi yanaşılır. Belə ki, Türkiyədə ictimai əmlaka zərər vermək kimi qiymətləndirilir, cərimə və ya həbs cəzası nəzərdə tutulub, Almaniyada qrafiti “əmlaka zərər” hesab edilir, böyük cərimələr və hətta həbs cəzası nəzərdə tutulub, ABŞ-da ştatdan asılı olaraq dəyişsə də, ümumiyyətlə, qadağan edilib, bəzi ştatlarda, xüsusilə də Nyu-Yorkda ciddi cinayət sayılır, Böyük Britaniyada, xüsusilə Londonda antisosial davranış hesab edilir, cərimə, ictimai işlər və bəzən həbslə cəzalandırlır. Bu məsələyə ən ciddi yanaşan və dünyada ən sərt qanunlardan birinə malik ölkə isə Sinqapurdur. Burada icazəsiz qrafitə görə cərimə, həbs və hətta qamçı cəzası tətbiq oluna bilər”.

Ə.Abbasbəyli gənclərin tərbiyəsi və müəyyən vərdişlərin aşılanması baxımından da bəzi məqamlara diqqət çəkib: “Maraqlıdır, görəsən bəzi gənclər niyə Qərbdən Avropadan müsbət, qabaqcıl, proqressiv dəyərləri, vərdişləri deyil, mənfi, cəmiyyətə, mənəviyyata, əxlaqa, mədəniyyətimizə zidd olan, gənc nəslin tərbiyəsinə xələl gətirən əməlləri əxz eləməyə, onu yaymağa meyllidirlər? Mütəxəssislər bunu bir neçə amillərlə - “asan və bəsid” olanın tez yayılması, sosial media təsiri, təhsil və maarifləndirmədə mümkün boşluqların olması və insan psixologiyası ilə izah edirlər”.

Siyasi şərhçinin sözlərinə görə, qrafiti bir sıra ölkələrdə düzgün istiqamətləndirildikdə incəsənət forması kimi qəbul edilsə də, lakin onun həm mədəni, həm də sosial səviyyədə bir çox mənfi təsirləri olduğu birmənalıdır. Belə ki, tarixi və memarlıq dəyərinə zərər vurur, orijinal görünüş pozulur, mədəni irsə və şəhər mühitinə mənfi təsir edir, şəhərin görkəmi pozulur, turizm potensialına ziyan vurur, sosial və mədəni mənada cəmiyyətə “qayda pozuntusu normaldır” mesajı verir, başqaları üçün nümunə yarada bilər, gənclərin davranışına və gələcək nəsillərə təsir edir, onlar arasında məsuliyyətsiz davranış nümunəsi yaradır, hüquqi və iqtisadi təsirlərə malik ola bilər.

“Ümumiyyətlə tarixi və mədəniyyət abidələri üzərində icazəsiz, xüsusilə də eybəcər, söyüş təhqir, şərəf və ləyaqəti alçaltmaq və əxlaqsızlığın təbliği məqsədilə istifadəsi vandalizm kimi qiymətləndirilməli və ictimai qınaq olmalıdır, qanunun sərt qaydaları tətbiq edilməlidir. Eyni zamanda, problemin həlli üçün yalnız cəza tədbirləri kifayət deyil, gənclər arasında maarifləndirmə işlərinin aparılması, istedadlı gənclərin həvəsləndirilməsi, onların incəsənətə yönəldirilməsi, yaradıcılığın stimullaşdırılması və s. daha səmərəli nəticə verə bilər”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
22
azertag.az

10Sources