AZ

Memar Cahid Həsənov: Tarixi memarlıq binalarında rəssamlıq üçün yer ayrılması qanunsuzdur

ain.az, Bizimyol saytına istinadən bildirir.

Biz illərdir şəhərin divarlarına, yaşayış binalarına, daşlarına çəkilən rəngli rəsmləri, müxtəlif tipli yazıları görmüşük. Qrafiti sənət əsəri sayılırsa, çox zaman başqa “mənzərə”lərə rast gəlirik. Bəzən maraq kəsb etdiyinə görə ayaq saxlayıb baxmışıq və bizi narahat edən məqamlar da çox olub. Xüsusilə, tarixi abidələrin və dövlət əhəmiyyətli mərkəzlərin fasadlarında bunu görmək daha ürəkağrıdıcıdır.

Bu yaxınlarda Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarına qrafiti çəkilməsinə görə cinayət işi açılıb. Dövlət əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Dövlət əhəmiyyətli memarlıq abidələrinin, o cümlədən Nizami Kino Mərkəzinin fasadlarının qrafiti və digər qeyri-qanuni yazılardan qorunması üçün memarlıq və şəhərsalma baxımından hansısa tədbirlər görülürmü?

Ümumdünya Reklamçılar Birliyinin üzvü, memar Cahid Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qərb ölkələrində xüsusilə mövcuddur və bir dəbdir: “Mən müşahidə edirəm ki, cəmiyyətdə bu mövzu ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzi insanlar hesab edirlər ki, açıq məkan rəssamlığı - rəssamlığın bu janrı - bu gün dünya ölkələrində, xüsusilə qərb ölkələrində mövcuddur və bir dəbdir, bizdə niyə olmasın. Lakin deyə bilərəm ki, paytaxt Bakı şəhərinin mərkəzi prospekt və küçələrində, tarixi memarlıq binalarında, milli üslublu, inzibati və ya yaşayış binalarının fasadlarında, 1-ci mərtəbələrində, hasarlarında, darvazalarında və dəhlizlərində rəssamlığın genişləndirilməsi, onlara bu sahədə şərait yaradılması düzgün deyil. Memarlıq və şəhərsalmanın öz qanunları var.

Bakı şəhəri tarixi və memarlıq abidələri ilə zəngin, böyük bir salnaməyə malik şəhərdir. Bu binaların fasadlarında rəssamlıq üçün yer ayrılması, eləcə də alqı-satqı, kirayə və ya iş elanlarının vurulması qanunsuzdur və qanuna uyğun deyil. Belə olan halda, o zaman dünya şöhrətli rəssamlarımıza şərait yaradılardı, dünya şöhrətli əsərlərini bu divarlarda çəkərdilər.

Belə halların şəhərin ümumi vizual görünüşünə və estetik tərtibatına mənfi təsir göstərməsi mümkündür və reallığa uyğun olmayan təsvirlər irealiz yarada bilər.

Digər məsələ isə budur ki, bu janrla məşğul olan rəssamlar öz əsərlərini harada nümayiş etdirə bilər? Rəssamların digər janrlarında iş otaq şəraitində aparıla bilər. Lakin bu janr açıq məkanda olmalıdır və otaq şəraitində işləmək mümkün deyil. Bu məqsədlə Azərbaycanda 10 il əvvəl yaradılmış Azərbaycan Dövlət Reklam Agentliyi fəaliyyət göstərir və açıq məkan reklamına nəzarət edir. Hər rayonda, Baş şəhər İcra Hakimiyyəti ilə birlikdə razılaşdırılma əsasında, ən azından qapalı məkanlarda belə yerlər ayrılmalıdır ki, rəssamlıqla məşğul olanlar əsərlərini gündəlik, həftəlik və ya aylıq sərgiləsinlər, ictimaiyyətə təqdim etsinlər və sosial şəbəkələrdə yayımlasınlar. Çox gözəl olardı ki, belə qapalı sərgi məkanları yaradılardı. Təəssüf ki, indiyədək Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb”.

Cahid Həsənov vurğulayıb ki, tarixi binaların 1-ci mərtəbələrində elan məqsədli reklamların vurulması qanunsuzdur: “İkinci məsələ də budur ki, şəhərdə minlərlə kommersiya reklamı olan tablolar mövcuddur, lakin bu qurum tərəfindən sosial reklamlar təqdim edilmir ki, tarixi binaların 1-ci mərtəbələrində, fasadlarında, hasarlarında və darvazalarında rəssamlıq üçün, həmçinin alqı-satqı, kirayə və ya elan məqsədli reklamların vurulması qanunsuzdur. Həm maarifləndirmə aparılmalı, həm də məsuliyyət dərk etsinlər. Təəssüf ki, bu barədə məlumat rəssamlara çatdırılmayıb. Qeyd etdiyim bu iki nüans üzrə Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən müvafiq tədbirlər görülməlidir.

Ümumilikdə, belə halların qarşısı alınmasa, şəhərin estetik tərtibatına ciddi və mənfi təsir göstərə bilər. Eyni zamanda əgər boş divarlar sərbəst buraxılsa, orada qeyri-peşəkar təsvirlərin çəkilməsi məqsədəuyğun deyil və yolverilməzdir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
15
bizimyol.info

10Mənbələr