EN

Deputat: Mina problemi qlobal humanitar çağırış kimi qiymətləndirilməlidir


Mina problemi müasir dövrdə yalnız hərbi münaqişələrin nəticəsi kimi deyil, eyni zamanda qlobal humanitar çağırış kimi qiymətləndirilməlidir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Deputat deyib ki, hər il 4 aprel tarixində qeyd olunan Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü bu problemin bəşəri miqyasını bir daha diqqətə çatdırır və beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edir: “Mina təhlükəsi təkcə münaqişə dövründə deyil, ondan sonrakı onilliklər ərzində də insanların həyatına, təhlükəsizliyinə və rifahına ciddi təsir göstərir. Azərbaycanın işğaldan azad edilmiş əraziləri, xüsusilə Qarabağ və Şərqi Zəngəzur regionları dünyada ən çox mina ilə çirklənmiş ərazilər sırasındadır. İşğal dövründə bu ərazilərdə bir milyondan çox minanın basdırılması regionun təhlükəsizliyinə uzunmüddətli təhdid yaradıb. Bu vəziyyət yalnız insanların həyatına risk yaratmır, eyni zamanda sosial-iqtisadi inkişafı ləngidir, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını çətinləşdirir və kənd təsərrüfatı potensialının reallaşdırılmasına ciddi maneələr törədir”.
Vüqar İskəndərov nəzərə çatdırıb ki, mina təhlükəsi artıq yalnız keçmiş təmas xətti ilə məhdudlaşmır və mülki təyinatlı ərazilərə qədər yayılıb: “Əkin sahələri, bağlar, hətta qəbiristanlıqların belə minalanması problemin humanitar miqyasını daha da dərinləşdirir.Bu cür hallar cəmiyyətin sosial-psixoloji vəziyyətinə təsir göstərir, insanların gündəlik həyat ritmini pozur və ənənəvi dəyərlərin bərpasını çətinləşdirir. Həyata keçirilən minatəmizləmə əməliyyatları problemin real miqyasını açıq şəkildə nümayiş etdirir. Son illərdə yüz minlərlə hektar ərazi minalardan təmizlənsə də, aşkarlanan mina və partlamamış hərbi sursatların sayı bu prosesin nə qədər mürəkkəb və uzunmüddətli olduğunu göstərir. Bu işlər infrastruktur layihələrinin icrası, kənd təsərrüfatının bərpası və iqtisadi aktivliyin artırılması baxımından həyati əhəmiyyət daşıyır”.

Mina qurbanlarının statistikasına diqqət çəkən deputat bildirib ki, 2020-ci ilin noyabrından bu günə qədər yüzlərlə insan mina partlayışlarının qurbanına çevrilib: “statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri hərbçidir. Bu fakt münaqişə başa çatsa belə, təhlükənin davam etdiyini sübut edir.Mina qurbanları arasında mülki şəxslərin, uşaqların və qadınların olması problemin humanitar tərəfinin nə qədər ciddi olduğunu göstərir və bu sahədə reabilitasiya, sosial müdafiə və psixoloji dəstək tədbirlərinin gücləndirilməsini zəruri edir”.
Vüqar Qurbanov vurğulayıb ki, Azərbaycan dövləti minatəmizləmə fəaliyyətini prioritet istiqamət kimi müəyyənləşdirib və bu sahədə genişmiqyaslı işlər həyata keçirilir: “Aidiyyəti qurumlar tərəfindən aparılan əməliyyatlar nəticəsində ərazilərin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm nəticələr əldə edilir. Bununla yanaşı, riskli ərazilərin çəpərlənməsi, xəbərdarlıq nişanlarının yerləşdirilməsi və əhalinin maarifləndirilməsi istiqamətində görülən işlər də xüsusi əhəmiyyət kəsb edir. Minatəmizləmə prosesi yalnız texniki məsələ deyil, həm də strateji və humanitar əhəmiyyət daşıyan kompleks bir fəaliyyətdir. Təhlükəsiz mühit formalaşdırılmadan regionda dayanıqlı inkişafdan, investisiya cəlbindən və sosial rifahın təmin olunmasından danışmaq mümkün deyil. Bu baxımdan, minatəmizləmə işlərinin sürətləndirilməsi və səmərəliliyinin artırılması əsas prioritetlərdən biri olaraq qalır”.

Deputat beynəlxalq əməkdaşlığın vacibliyini də xüsusi vurğulayıb: “Mina probleminin miqyası nəzərə alınaraq bu sahədə beynəlxalq maliyyə və texniki dəstəyin artırılması mühüm əhəmiyyət kəsb edir. Bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi dəstək müsbət nəticələr versə də, mövcud vəziyyət daha geniş tərəfdaşlıq və koordinasiyalı fəaliyyət tələb edir. Minatəmizləmə fəaliyyəti yalnız təhlükəsizliyin təmin olunmasına deyil, eyni zamanda sülhün möhkəmləndirilməsinə, regional sabitliyin gücləndirilməsinə və insanların normal həyata qayıdışına xidmət edir. Bu istiqamətdə milli səylərlə yanaşı, beynəlxalq ictimaiyyətin daha fəal iştirakı mina probleminin aradan qaldırılmasında həlledici rol oynaya bilər”.

Chosen
2
3
apa.az

10Sources