AZ

Mina təhlükəsinin aradan qaldırılması ölkə üçün strateji prioritetdir - QHT sədri

"Azərbaycan mina təhlükəsinin aradan qaldırılmasına çox yüksək səviyyədə prioritet yanaşır. Bu, artıq sadəcə texniki və ya lokal problem kimi deyil, dövlətin təhlükəsizlik, humanitar və inkişaf siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul olunur."
 

Bu fikirləri QHT.az-a açıqlamasında “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyinin sədri Jalə Teymurlu bildirib.

"İlk növbədə, insanların təhlükəsizliyi məsələsi ön plandadır. İşğaldan azad olunmuş ərazilərdə geniş mina çirklənməsi mövcuddur və bu, mülki əhali üçün real təhlükə yaradır. Məhz buna görə mina təmizləmə prosesi paralel olaraq maarifləndirmə tədbirləri ilə birlikdə həyata keçirilir ki, insanlar risklər barədə məlumatlı olsunlar.
Digər tərəfdən, bu məsələ məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə birbaşa bağlıdır. Dövlət tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramının əsas şərtlərindən biri təhlükəsiz mühitin yaradılmasıdır və bu da mina təmizlənmədən mümkün deyil.
Eyni zamanda, mina problemi ətraf mühitə də ciddi təsir göstərir. Çirklənmiş torpaqlar uzun müddət istifadəyə yararsız qalır. Ona görə də mina təmizləmə prosesi həm də ekoloji bərpanın vacib mərhələsi hesab olunur.
Ümumilikdə, Azərbaycan bu məsələyə kompleks yanaşır – həm operativ mina təmizləmə işləri aparılır, həm beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir, həm də yeni texnologiyaların tətbiqi genişləndirilir. Bu da göstərir ki, mina təhlükəsinin aradan qaldırılması ölkə üçün strateji prioritetdir."

QHT sədri qeyd edib ki, mina təhlükəsizliyi ilə bağlı maarifləndirmə məsələsinə gəldikdə isə qeyd etməliyəm ki, Azərbaycanda bu istiqamətdə işlər kifayət qədər sistemli və geniş şəkildə təşkil olunub.
"İlk növbədə, dövlət qurumları – xüsusilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən mütəmadi olaraq risk maarifləndirmə proqramları həyata keçirilir. Bu proqramlar çərçivəsində işğaldan azad olunmuş ərazilərə yaxın yaşayan əhali ilə görüşlər keçirilir, məktəblərdə və icmalarda təlimlər təşkil olunur, vizual vəsaitlər, xəbərdarlıq nişanları və sosial kampaniyalar hazırlanır."

 

Jalə Teymurlu bildrib ki, bu yanaşma təsadüfi deyil – çünki mina təhlükəsi ilə mübarizədə təkcə təmizləmə deyil, insanların davranışının düzgün yönləndirilməsi də həlledici rol oynayır.
"QHT-lərin roluna gəldikdə isə, onların fəaliyyətini çox önəmli və tamamlayıcı hesab edirəm. Qeyri-hökumət təşkilatları bu sahədə yerli icmalarla daha yaxın işləyir, həssas qruplara (uşaqlar, kənd əhalisi və s.) daha effektiv çıxış əldə edir, maarifləndirməni daha çevik və bəzən daha yaradıcı üsullarla həyata keçirirlər.


Eyni zamanda, QHT-lər beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək həm təcrübə mübadiləsinə, həm də əlavə resursların cəlb olunmasına töhfə verirlər.
Ümumilikdə qiymətləndirsək, Azərbaycanda mina təhlükəsizliyi üzrə maarifləndirmə işi yaxşı qurulmuş və davamlı inkişaf edən bir sahədir. Dövlət və QHT əməkdaşlığı isə bu prosesin effektivliyini artıran əsas amillərdən biridir"

Seçilən
41
qht.az

1Mənbələr