EN

Deputat: Minatəmizləmə sahəsində əməkdaşlıqda beynəlxalq təşkilatların marağı qane etmir

BAKI, 4 aprel. TELEQRAF

Bu gün - 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür. Azərbaycanın işğal olunmuş ərazilərinin işğal dövründə minalarla çirkləndirilməsi hər birimizə məlumdur. Münaqişədən zərər çəkmiş Qarabağ və Şərqi Zəngəzurda minaların geniş şəkildə yerləşdirilməsi uzunmüddətli ciddi təhlükə yaradır. Bu da regionu dünyanın ən çox mina ilə çirklənmiş ərazilərindən birinə çevirib.

Müharibənin bitməsinə və üzərindən illər keçməsinə baxmayaraq, hələ də minalar və partlamamış sursatlar insan həyatını təhlükə altında saxlayır. Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək məqsədilə yaşayış məntəqələri, nəqliyyat və enerji infrastrukturu, kənd təsərrüfatı sahələri kimi prioritet istiqamətlərdə genişmiqyaslı humanitar minatəmizləmə işləri aparılır. Buna görə bu gün bu məsələ daha da aktualdır.

Maraqlıdır, ümumiyyətlə, mina təhlükəsi ilə bağlı hansı təhlükəsizlik tədbirləri, maarifləndirmə işləri görülməlidir? Burada beynəlxalq əməkdaşlığın rolu necə qiymətləndirilir?

Mövzu ilə bağlı Teleqraf-a danışan deputat Ceyhun Məmmədov bu gün Azərbaycan dövlətinin öz gücü hesabına işğaldan azad edilmiş ərazilərimizin minadan təmizlənməsi üçün çox böyük işlər gördüyünü vurğulayıb:

“Bu gün plan üzrə ərazilərimizin çoxu təmizlənib. Eyni zamanda, dövlətimiz tərəfindən quruculuq, abadlıq işləri də ən yüksək səviyyədə həyata keçirilir. Maarifləndirmə istiqamətində də böyük işlər görülür. Amma biz bu maarifləndirməni daha da gücləndirməliyik. Daha geniş maarifləndirmə işləri həyata keçirilməlidir. Çünki təəssüf ki, bir sıra hallarda insanlar verilən tövsiyələrə, məsləhətlərə qulaq asmırlar və mina ilə çirklənmiş əraziyə daxil olurlar. Beləliklə, onlar həyatlarını itirirlər. Bu, çox önəmli məsələdir. Maarifləndirmə həm insanlar arasında aparılmalı, həm də televiziyada, sosial mediada da olmalıdır. Təhlükəsizlik tədbirlərinə dövlət qurumları nəzarət etsə də, vətəndaşlar özləri də daha məsuliyyətli və diqqətli olmalıdırlar”.

Deputat bu gün Azərbaycanın beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq etdiyini bildirib:

“Bu əməkdaşlığın daha da möhkəmlənməsinə, güclənməsinə Azərbaycan birmənalı olaraq maraqlıdır. Azərbaycan bu istiqamətdə proseslərə öz töhfəsini verir. Amma təəssüf ki, ümumilikdə beynəlxalq təşkilatların bu məsələlərə münasibəti heç də tam qane etmir. Bunu açıq-aydın görürük. Bu prosesdə beynəlxalq təşkilatlar öz rollarını yetəri qədər oynamırlar və prosesə töhfə vermirlər. Düzdür, bir sıra qurumların, ölkələrin dəstəyi var və prosesdə iştirak edirlər. Amma xüsusi qeyd edilməlidir ki, bu, yetərli deyil. Daha çox işlərin görülməsinə, daha çox dəstəyə ehtiyac var. Arzu olunan idi ki, beynəlxalq təşkilatlar Azərbaycana və bu sahədə gördüyü işlərə daha çox dəstək versinlər, daha çox Azərbaycanın yanında olsunlar. Ümid edirik, növbəti mərhələdə dəstək daha çox olacaq. Azərbaycana bu istiqamətdə töhfə vermək istəyən dövlətlərin, beynəlxalq qurumların sayı və töhfəsi çoxalacaq. Onlar fəal olaraq Azərbaycana dəstəklərini ifadə etməlidirlər. Azərbaycan bu prosesdə fəal iştirak edir və iştirak etməkdə maraqlıdır”.

Chosen
6
17
teleqraf.com

10Sources