EN

3 ölkənin veto oyunları ilə bağlı ŞOK DETALLAR

BMT Təhlükəsizlik Şurası aprelin 3-də Bəhreynin Birləşmiş Ərəb Əmirlikləri ilə birgə irəli sürdüyü Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyilə bağlı qətnamə layihəsini nəzərdən keçirməli idi. Lakin qurumun beş daimi üzvündən üçü – Fransa, Rusiya və Çin – sənədin qəbulunun qarşısını alıblar.

Bu qərar beynəlxalq ictimaiyyətdə ciddi suallar doğurur. Çünki Hörmüz boğazı dünyanın ən strateji su yollarından biri hesab olunur və qlobal enerji daşımalarının böyük hissəsi məhz bu marşrut üzərindən həyata keçirilir. Belə bir ərazidə təhlükəsizliklə bağlı təşəbbüsün bloklanması regionda gərginliyin daha da artması ehtimalını gücləndirir.

Qətnamənin detalları tam açıqlanmasa da, onun əsas məqsədinin gəmiçiliyin təhlükəsizliyini təmin etmək, mümkün təxribatların və hərbi risklərin qarşısını almaq olduğu bildirilir. Lakin Fransa, Rusiya və Çinin bu təşəbbüsə qarşı çıxması böyük güclər arasında maraqların toqquşduğunu və məsələyə fərqli geosiyasi prizmalardan yanaşıldığını göstərir.

Bəs Fransa, Rusiya və Çin niyə bu təşəbbüsə qarşı çıxdı? Qətnamənin qəbul edilməməsi regional və qlobal iqtisadi sabitliyə necə təsir edə bilər?

elxan.jpg

Musavat.com-un xəbərinə əsasən, politoloq Elxan Şahinoğlu mövzuya bu cür şərh bildirib:

"Hörmüz boğazındakı mürəkkəb vəziyyət Rusiyanın maraqlarına cavab verir ki, Moskva BMT-də qətnamənin qəbulunun əleyhinədir. Rusiyadan fərqli olaraq Hörmüz boğazındakı gərgin vəziyyət Fransa və Çinin maraqlarına cavab verməməlidir. Ümumiyyətlə, Qərb ölkələrindən hər hansı birinin BMT-də Rusiya və Çinlə birgə mövqedən çıxış etməsi nadir hallarda baş verir. BMT Təhlükəsizlik Şurasında adətən Rusiya-Çin tandemi xoşlarına gəlməyən qətnamələrin qarşısını alır. Bu dəfə onlara Fransa da qoşulub. Məsələ ondadır ki, Fransa prezidenti Emmanuel Makron İrandakı rejimi tənqid etsə də, ABŞ və İsrailin müharibəyə başlaması qərarını pisləyib. Bu səbəbdən Fransa BMT-də Rusiya və Çinlə birgə Körfəz ölkələrinin qətnaməsinin qarşısını alıb.

Hörmüz boğazında sabitliyin bərqərar olması birinci növbədə Çinin maraqlarına cavab verməlidir. Çünki məhz Çin bu bölgədən ona lazım olan neftin idxalını həyata keçirir. Doğrudur, hazırda İran Çinə neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə mane olmur. Ancaq müharibənin davamı bütün hallarda Çinin iqtisadi və enerji maraqlarına zərbə vurur. Buna baxmayaraq, Pekin Hörmüz boğazında sabitliyin bərqərarını İrana qarşı müharibənin dayandırılması vacibliyi ilə əlaqələndirir. Təsadüfi deyil ki, Çinin xarici işlər naziri Van İ deyib ki, İranda müharibə davam etdiyi halda, Hörmüz boğazında sabitlik bərqərar olmayacaq. Tramp Pekinin bu mövqeyinə görə Çinə səfərini təxirə salıb".

Xalidə Gəray
Musavat.com

Chosen
12
43
musavat.com

10Sources