Türkiyənin Antalya şəhərində TÜRKPA-ya üzv dövlətlərin parlamentlərarası beynəlxalq futbol turniri başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, final qarşılaşmasında Azərbaycan parlamentinin komandası Türkiyə yığması ilə üz-üzə gəlib. Görüş Türkiyə komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 14-cü dəqiqəsində Fatih Şahin hesabı açıb. 26-cı dəqiqədə Oktay Çanak fərqlənərək hesab arasındakı fərqi artırıb. İkinci hissədə Azərbaycan komandası fərqi azaltmağa nail olub. 49-cu dəqiqədə Fərid Məmmədquluzadə komandasının yeganə qolunu vurub. Lakin oyunun əlavə olunmuş vaxtında – 60+2-ci dəqiqədə Türkiyənin gənclər və idman naziri Osman Bak komandasının üçüncü qolunu vuraraq görüşün nəticəsini müəyyənləşdirib.
Qarşılaşma zamanı Azərbaycan komandasının üzvü, deputat Kamran Bayramov zədələnərək oyunu vaxtından əvvəl tərk edib.
Turnirin yekun nəticələrinə əsasən, birinci yeri Türkiyə, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Qırğızıstan parlament komandası tutub.
Qeyd edək ki, parlamentlərarası beynəlxalq futbol turniri ilk dəfə təşkil olunub. Yarışda ümumilikdə altı komanda mübarizə aparıb.
Azərbaycan komandası turnirdə ilk oyunda Qırğızıstana 1:2 hesabı ilə məğlub olsa da, daha sonra Şimali Kipr komandasını 3:0 hesabı ilə məğlub edərək qrup birincisi kimi finala vəsiqə qazanmışdı.