EN

Milyonlarla vəsaiti havaya sovuran məmurlara qarşı niyə sərtlik və prinsipiallıq göstərilmir?



Bəzən etdiyimiz tənqidlər kimlərəsə sərt görünə bilər. Amma həqiqət budur ki, təriflə heç bir problem həll olunmur. Dövlətə sədaqət, vicdan və məsuliyyət tələb edən vəzifələr şəxsi qazanc mənbəyinə çevriləndə nəticə göz önündə olur. Çox zaman yeni təyin olunan məmur haqqında ümidlə danışırıq, düşünürük ki, zaman keçdikcə vəzifəsini ləyaqətlə, xalqın və dövlətin maraqları naminə icra edəcək. Təəssüf ki, bir müddət sonra görürük ki, həmin şəxs öz qohum-əqrəbasını ətrafına toplayaraq yeyintinin miqyasını daha da genişləndirir. Bu sadəcə qanun pozuntusu deyil, dövlətə, Prezidentə və millətə xəyanətdir.

Paytaxtımızda, bütün dövlət qurumlarının cəmləşdiyi, xarici qonaqların iştirak etdiyi beynəlxalq tədbirlərin keçirildiyi bir şəhərdə infrastrukturun bu qədər keyfiyyətsiz qurulması ciddi suallar doğurur. Son günlər qeyri-sabit hava şəraiti bir daha göstərdi ki, yol, kanalizasiya və şəhərsalmaya ayrılan böyük vəsaitlər düzgün istiqamətdə xərclənməyib.

Günlərdir qəsəbələrdə insanlar suyun içində qalıb. Görülən işlər ya yoxdur, ya da nəticəsizdir. Sanki hər şey Allahın ümidinə buraxılıb ki, su öz-özünə çəkilsin. Bu gün Keşlə qəsəbəsində baş verən subasma da bunun növbəti acı nümunəsidir.
Bir neçə gəncin Nizami Kino Mərkəzinin divarını cızmasına görə dərhal cinayət işi açılır və bu, təbiidir qanun hamı üçün işləməlidir. Lakin paytaxtın nəhəng infrastrukturunu “cızma-qara” edən, onu yararsız hala salan, milyonlarla vəsaiti havaya sovuran məmurlara qarşı niyə eyni sərtlik və prinsipiallıq göstərilmir? Cəmiyyət bu sualın cavabını gözləyir.

Ehtiram Mehdiyev,

Milli Cəbhə Partiyasının sədr müavini
Chosen
47
1
newscenter.az

2Sources