EN

Bu məhsul 120 manata satılır – Sirri nədədir?

Bakı bazarlarında və supermarket şəbəkələrində yazın ilk müjdəçisi hesab olunan Göyçə alçasının kiloqramının 120 manata təklif olunması cəmiyyətdə böyük rezonans doğurub. Bir çoxları üçün bu qiymət sadəcə bir meyvə deyil, sanki lüks bir əşya təəssüratı yaradır. Bəs, cəmi bir neçə qramı manatlarla ölçülən bu meyvənin həm iqtisadi, həm də bioloji sirri nədədir?

Məsələnin iqtisadi tərəfini şərh edən iqtisadçı Əkrəm Həsənov NOCOMMENT.az-a bildirib ki, bu cür qiymətlər klassik bazar iqtisadiyyatının və sərbəst qiymət siyasətinin nəticəsidir: “Burada qeyri-adi bir hal yoxdur. Alça strateji məhsul deyil ki, dövlət onun qiymətinə müdaxilə etsin. Bu, tamamilə tələb və təklif qanunudur. Məhsul azdır, yetişdirilməsi isə yüksək risk və xərc tələb edir. 120 manatlıq qiymət etiketi həm də bir növ marketinq gedişidir; marketlər bu yolla diqqət cəlb edir. İqtisadi nöqteyi-nəzərdən bu qiymət həm də logistika və saxlanma risklərini sığortalayır. Çünki bu qiymətə alçanı hər kəs almır, məhsulun xarab olub atılma ehtimalı yüksəkdir və satıcı həmin riski qalan bir neçə kiloqramın üzərinə qoyur”.

Onun sözlərinə görə, bu qiymətlər süni şəkildə deyil, mövsümi kəskinlik səbəbindən formalaşır: “Bir neçə həftədən sonra təklif artdıqca qiymətin 100 dəfəyədək ucuzlaşacağını görəcəyik. Bu gün 120 manata alınan məhsulun iqtisadi dəyəri onun nadir olmasındadır, qida dəyərində deyil”.

Məsələnin qida təhlükəsizliyi və tərkib hissəsi ilə bağlı danışan qida eksperti Fərid Səfərov isə NOCOMMENT.az-a bildirib ki, bahalı olması onun tərkibinin möcüzəvi olduğu anlamına gəlmir: “Alçanın tərkibi üzvi turşular, C vitamini və antioksidantlarla zəngindir. O, həzm sistemini stimullaşdırır və qışdan çıxmış orqanizmin immun sistemini aktivləşdirir. Lakin unutmaq olmaz ki, istixana şəraitində və ya xaricdən gətirilən erkən meyvələrdə nitratların miqdarı açıq havada yetişənlərə nisbətən yüksək ola bilər. 120 manatlıq alça ilə bir ay sonra 2 manata satılacaq alça arasında vitamin kompleksi baxımından heç bir inqilabi fərq yoxdur”.

Ekspert qeyd edib ki, ilk məhsulu normadan artıq istehlak etmək tövsiyə olunmur: “Bu alçalar adətən hamilə qadınların aşərmə ehtiyacı və ya kiçik dadımlıqlar üçün nəzərdə tutulur. Bioloji olaraq bu meyvənin 120 manatlıq bir faydası yoxdur. İstehlakçılara tövsiyə edirik ki, həm büdcələrinə, həm də sağlamlıqlarına qənaət etmək üçün təbii mövsümü gözləsinlər”.

Tunar,
NOCOMMENT.az

Chosen
45
nocomment.az

1Sources