Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Yusif ƏLƏKBƏRLİ
Fevralın 28-dən ABŞ, İsrail və İran arasında formalaşan hərbi-siyasi qarşıdurma zahirən İran ətrafında cərəyan edən böhran təsiri bağışlasa da, bu proses heç vaxt İranla bağlı olmayıb. İctimaiyyətin diqqəti Hörmüz boğazının təhlükəsizliyinə, qlobal neft qiymətlərindəki mümkün artıma və raket hücumlarına yönəlib. Lakin ən vacib məsələ – İran neftinin dövriyyədən çıxmasının qlobal güc balansında kimə daha ağır təsir göstərməsi məsələsi diqqətdən kənarda qalıb. Bu mənada zərbənin əsas hədəfi Çindir.
Məsələ ondadır ki, İran neftinin təxminən 80%-i uzun illərdir Asiya bazarına istiqamətlənib. Bu axının ən iri alıcılarından biri də Çindir. Pekin müxtəlif dolayı mexanizmlər, qeyri-rəsmi kanallar və sanksiyaları neytrallaşdıran ticarət yolları vasitəsilə hər ay İrandan milyonlarla barel neft alaraq öz enerji təhlükəsizliyini təmin edir.
Bu kontekstdə İranın əsas neft ixrac mərkəzi olan Xarq adası və həmin neftin dünya bazarına çıxışı üçün Hörmüz boğazının rolu xüsusi əhəmiyyət kəsb edir. Çinin idxal etdiyi neftin təxminən 45%-ə qədər hissəsi məhz bu dar və riskli marşrutdan keçir. İran, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Oman və Küveyt kimi istehsalçıların ixrac imkanları böyük ölçüdə bu təchizat xəttindən asılıdır. Çinin ümumi neft tələbatının təxminən üçdə biri bu marşrutdan keçən neft hesabına ödənilir. Bu səbəbdən Hörmüz boğazı yalnız regional keçid nöqtəsi deyil, eyni zamanda Çin iqtisadiyyatının xarici enerji təminatında qan damarı funksiyası daşıyır. Əgər bu marşrutda hərbi risk yüksəlirsə və ya İranın ixrac potensialı zəifləyirsə, bunun təsiri ilk növbədə Çin kimi yüksək enerji tələbatı olan istehsal mərkəzində hiss olunur. Məhz bu həssaslıq Vaşinqtonun diqqətinin Xarq adası və Hörmüz boğazı kimi strateji nöqtələr üzərində cəmlənməsini və bu məkanlar üzərində nəzarət imkanlarının ələ alınması istəyini izah edir. Lakin bu, Vaşinqtonun Hörmüz boğazının bağlanmasında maraqlı olması anlamına da gəlməməlidir, əksinə, Vaşinqton boğazın açıq olmasında və Çinə satılacaq neftin qiymətinin dünya bazarına uyğun tənzimlənməsində maraqlıdır ki, bu da Çin mallarının maya dəyərinin yüksəlməsinə və dünya ticarət bazarında hiss olunacaq dərəcədə sıxışdırılmasına səbəb olacaqdır.
Buna görə də müttəfiqlərin İranın neft ixracının 90%-ni həyata keçirən yeganə liman olan Xarq adasına yönələn zərbələri təsadüfi addım deyildi. Çünki bu, Çini qidalandıran əsas xəttin ciddi şəkildə zədələnməsi demək idi. Burada məqsəd bir ölkənin yalnız iqtisadi imkanlarının məhdudlaşdırılması deyil, eyni zamanda enerji dayaq nöqtələrinin sarsıdılmasıdır.
Bu ssenaridə diqqətçəkən digər ən vacib məqam ondan ibarətdir ki, Vaşinqton İranı sıxışdırmadan əvvəl alternativ enerji mənbələrini möhkəmləndirməyə çalışdı. Venesuela Prezidenti Maduro ələ keçirilərək, Venesuelanın sahib olduğu planetin ən böyük neft ehtiyatları əldə edilmiş oldu. Əgər İran nefti qlobal dövriyyədən qismən və ya tam şəkildə sıxışdırılarsa, ABŞ üçün müəyyən əvəzləyici imkanlar artıq formalaşmış oldu. Çin üçün isə bu boşluğu qısa müddətdə və eyni şərtlərlə doldurmaq çox çətindir.
Bunun nəticəsi aydındır: enerji xərcləri yüksəldikcə Çinin istehsal gücü, sənaye çevikliyi və ixrac əsaslı iqtisadi modeli təzyiq altına düşür. Ucuz enerji ilə işləyən zavodlar, istehsal zəncirləri və bütöv iqtisadi mexanizm bahalaşan resurslar fonunda zəifləməyə başlayır. ABŞ isə bu tabloda daha dayanıqlı mövqedən çıxış edir; həm daxili istehsal gücü, həm də alternativ təchizat kanalları ona daha geniş manevr imkanları verir.
Bütün bunlar bir daha göstərir ki, hər görünən cəbhə, əsl savaşın ünvanını göstərmir. Bu gün Tehran üzərində qurulan təzyiq, əslində, Pekinin enerji dayanıqlılığına və iqtisadi davamlılığına yönəlmiş daha böyük bir geosiyasi hesablaşmanın tərkib hissəsisidir. Yaxın Şərqdə alovlanan gərginliyin əsl təsirini yalnız həmin coğrafiyada axtarmaq yanıldıcıdır; çünki tarix çoxdan sübut edib ki, bəzən ən böyük zərbələr mərminin düşdüyü yerdə deyil, onun səsinin çatdığı uzaq məkanlarda hiss olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.