Bakıda son günlər müşahidə olunan güclü leysan yağışları və subasma halları paytaxtda və ətraf ərazilərdə mövcud olan ciddi infrastruktur problemlərini yenidən gündəmə gətirib.
QHT.az xəbər verir ki, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli məsələ ilə bağlı bildirib ki, baş verənlər təkcə təbiətin yaratdığı fəsadlar deyil, həm də şəhər təsərrüfatında illərlə yığılıb qalmış çatışmazlıqların nəticəsidir.
Əkrəm Bəydəmirlinin sözlərinə görə, hava şəraitinin kəskinləşməsi və intensiv yağıntılar mövcud problemləri daha qabarıq şəkildə üzə çıxarıb. O qeyd edib ki, su kollektorlarının, müxtəlif təyinatlı su və qaz xətlərinin üzərində yaşayış evlərinin inşa olunmasına vaxtında nəzarət edilməməsi bu gün acınacaqlı nəticələrə səbəb olub. “Bu yalnız təbiətin şıltaqlığının yaratdığı problemlər deyil, həm də şəhər təsərrüfatında mövcud olan çox ciddi çatışmazlıqdır” – deyə sədr vurğulayıb.
Sədr vurğulayıb ki, təbii fəlakətlər və iqlim dəyişiklikləri cəmiyyət üçün ciddi xəbərdarlıq və çağırış xarakteri daşıyır. Ə.Bəydəmirli bildirib ki, belə hadisələrdən heç kəs sığortalanmayıb və həm vətəndaşlar, həm də məsul qurumlar baş verənlərdən nəticə çıxarmalıdır. Onun fikrincə, qanunsuz tikililərə vaxtında icazə verilməsi və ya buna göz yumulması gələcəkdə daha ağır nəticələr doğura bilər.
Əkrəm Bəydəmirli həmçinin ictimai nəzarət və medianın roluna da toxunub. O bildirib ki, təəssüf doğuran məqam problemlərin yalnız fəsadlar baş verdikdən sonra müzakirəyə çıxarılmasıdır. “Verilən təklifləri özümüz deyib, özümüz eşitməyək” – deyə o, aidiyyəti qurumları və cəmiyyəti daha həssas yanaşmağa çağırıb.
Ə.Bəydəmirlinin sözlərinə görə, Bakı şəhərində urbanizasiya və şəhərsalma məsələləri də xüsusi diqqət tələb edir. O qeyd edib ki, paytaxtda əhali sıxlığı getdikcə artır, şəhər və ətraf qəsəbələr isə həddindən artıq yüklənib. Sədr hesab edir ki, yaşayış məntəqələrinin planlaşdırılmasında etinasızlıq bu kimi problemlərin əsas səbəblərindən biridir.
Sonda Əkrəm Bəydəmirli media və QHT sektorunu geniş miqyaslı araşdırmalar aparmağa çağırıb. Onun sözlərinə görə, yalnız şəhər təsərrüfatı deyil, bütün sahələr üzrə mövcud problemlərlə bağlı hesabatlar hazırlanmalı, ekspert rəyləri və təkliflər cəmiyyət, eləcə də rəsmi qurumlar tərəfindən diqqətlə nəzərdən keçirilməlidir.
Fatimə Nəbiyeva