EN

İsveçli bloger Azərbaycan mətbəxini kəşf edib – MÜSAHİBƏ

Stokholm, 6 aprel, AZƏRTAC

Azərbaycan mətbəxi zəngin dadların, aromatik ədviyyatların və əsrlər boyu davam edən qonaqpərvərlik ənənələrinin harmoniyasıdır. O, Şərq və Qafqazın kulinariya təsirlərini özündə birləşdirərək canlı və özünəməxsus qastronomik mədəniyyət yaradır.

Təsdiqlənmiş “Instagram” hesabı “varldensbastamat” (“dünyanın ən ləzzətli yeməyi”) olan İsveçin populyar qida blogeri Erik Nahlen bu zənginliklə tanış olub. O, qarşısına 195 ölkənin mətbəx nümunələrini dadmaq kimi iddialı məqsəd qoyub və Azərbaycan bu qastronomiya marşrutunda 60-cı ölkə olub.

Stokholmdakı “Butaland” uşaq bağçası şəbəkəsinin təsisçisi və direktoru Samirə Hüseynova qonaqpərvər ev sahibi qismində çıxış edib. O, bacısı Nailə və qızı Aysel ilə birlikdə Eriki evində qonaq edib və ənənəvi yeməklərdən ibarət süfrə açıb. Bloger süfrədə badımcan dolmasının və milli mətbəxin əsas yeməyi olan plovun dadına baxıb. Axşam çay süfrəsi - milli şirniyyatlar, ərik mürəbbəsi və nərd oyunu ilə başa çatıb.

Erik AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan mətbəxi ilə bağlı təəssüratlarını bölüşüb, Samirə xanım isə, öz növbəsində, təamların seçimi barədə danışıb.

- Erik, Samirə xanımın acıdığı süfrədə Azərbaycan mətbəxinin kulinariya rəmzlərinin dadına baxdın. Hansı yemək səndə ən güclü təəssürat yaratdı və bunun səbəbi nədən ibarətdir?

- Göstərilən səmimi və səxavətli qonaqpərvərlik çox xoşuma gəldi - bunun Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olduğu aydındır. Həqiqətən, bütün yeməklərdən zövq aldım; dolma delikates idi, amma ən çox toyuq ləvəngisi məni heyran etdi - İsveçdə yediyim heç bir təama bənzəmir.

Yeri gəlmişkən, Azərbaycan və İsveç mətbəxləri arasında bir çox oxşarlıq var. Hər ikisi dad baxımından zəngindir, lakin ədviyyatlı deyil. Biz, həmçinin çoxlu təzə göyərtidən istifadə edirik. Şəkərbura ilə müqayisə edilə bilən oxşar desertimiz olan mandelkubb (badam kubu) var, amma bizim versiyamız, şübhəsiz ki, Azərbaycan variantı qədər dadlı və ya gözəl deyil. Əlbəttə, ətirli çaydan da bəhs etməmək mümkün deyil.

- Kimin hazırladığı yeməyin dadına baxacağınızı necə seçirsiniz?

- Bu, əsasən mənə kimin yazması və tövsiyə etməsindən, eləcə də dəvətnamələrdən asılıdır — məni dəvət edənlərə və mehriban insan təsiri bağışlayanlara baş çəkirəm.

- Azərbaycan mətbəxi ilə tanışlıqdan əvvəl onun haqqında hər hansı təsəvvürünüz vardı?

- Samirə xanım və ailəsini ziyarət etməzdən əvvəl çox şey bilmirdim, amma artıq Azərbaycan kulinariyasına bənzər mətbəxlərlə tanış olmuşdum və onları bəyənmişdim. Düşünürəm ki, Azərbaycan mətbəxi qonşu ölkələrin kulinariya elementlərini özündə birləşdirir.

- Samirə xanım, Erik Nahlenə badımcan dolması və ləvəngili plov təqdim etdiniz. Məhz bu yeməkləri qonağınız üçün təqdim etmək qərarına necə gəldiniz?

- Düşünürəm ki, dolmalarımız sadəcə bir təam deyil, həm də müxtəlif dadları və teksturaları özündə birləşdirən gözəl bir kulinariya konsepsiyasıdır ki, bu da detallara olan sevgimizi dərhal nümayiş etdirir.

Məncə, ləvəngili plov özünəməxsus regional ənənələri, habelə Avropa mətbəxində rast gəlinə bilən şirin və turş notların vəhdətini nümayiş etdirir, amma yenə də eyni yemək deyil.

Qonağı təkcə dadı ilə deyil, həm də təqdimatı ilə təəccübləndirəcək yeməkləri seçdim.

Bu baxımdan, badımcan dolması çox effektiv görünür.

- Qonağın mətbəximizə reaksiyası necə oldu?

- Mətbəximiz qonağa xoş təəssürat bağışladı. Xüsusilə dadların vəhdəti onu heyran etdi. Erik yeməklərin çox zəngin, eyni zamanda harmonik olduğunu qeyd etdi.

O, qida blogeri kimi detallara - teksturaya, ədviyyat balansına, təqdimata diqqət yetirirdi.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Chosen
15
1
azertag.az

2Sources