Bu ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin yanvar-fevral ayında yeyinti məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün mart sayına istinadən xəbər verir.
Cari ilin yanvar-fevral aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,3 dəfə, pambıq iplik 2,6 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 2,1 dəfə, alüminium və onlardan hazırlanan məmulatlar 37,4%, pambıq lifi 33,3%, meyvə-tərəvəz 32,7%, spirtli və spirtsiz içkilər 10,9%, çay 5,1%, artıb.
2026-cı ilin yanvar-fevral ayında aqrar məhsullar üzrə ixrac 34,6% artaraq 160,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 22% artaraq 52,5 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2% artaraq 213,4 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (60.7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (57,4 milyon ABŞ dolları) ikinci, mis filizləri (44,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-ci ilin fevral ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında meşə fındığı (28.1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (27.6 milyon ABŞ dolları) ikinci, mis filizləri (24,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-fevral aylarında Rusiya Federasiyasına 149.1 milyon ABŞ dolları, Türkiyəyə 83.4 milyon ABŞ dolları, Gürcüstana 77,2 milyon ABŞ dolları, İsveçrəyə 67,7 milyon ABŞ dolları, Ukraynaya isə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-ci ilin fevral ayında Rusiya Federasiyasına 72.1 milyon ABŞ dolları, Türkiyəyə 52 milyon ABŞ dolları, Gürcüstan 45.6 milyon ABŞ dolları, İsveçrə 29,1 milyon ABŞ dolları, Qazaxıstan isə 13,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2026-cı ilin yanvar - fevral ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,“AGRARCO” MMC, "Prime Cotton” MMC,"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "PRİME LM" Məhdud Məsuliyyətli Cəmiyyəti ,"P-AQRO" MMC,"KHAN-EL" MMC, "MORS TRADİNG" MMC,"STP ALÜMİNİUM" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "SOCAR POLYMER" MMC,"AZƏRALÜMİNİUM" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq Və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Socar Cape" MMC,"Sənayecihaz" EİM,"İstisu" Mineral Su Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Qaradağ Şüşə Zavodu" ASC.
2026-cı ilin yanvar - fevral ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 710,4 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 545.4 min ABŞ dolları ilə Lüksemburq, 374,4 min ABŞ dolları ilə İsveç, 162 min ABŞ dolları ilə Türkiyə, 152,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.