EN

İvan Us: Yaxın Şərqdəki gərginlik Ukraynanın yanacaq bazarına təsir edib

Kiyev, 6 aprel, AZƏRTAC

Yaxın Şərqdəki gərginlik Ukraynaya, ümumilikdə benzin və yanacaq bazarlarına birbaşa və dərhal təsir göstərir. Fevralın 28-də, gərginlik başlamazdan əvvəl Ukraynada A-92 markalı benzinin qiyməti hər litrə görə 60 qrivna, dizel yanacağının qiyməti isə 61 qrivna ətrafında olsa da, qiymətlər o vaxtdan bəri artmağa başlayıb.

Ukraynalı ekspert İvan Us bu fikri AZƏRTAC-a verdiyi şərhdə bildirib.

Agentliyin müsahibi vurğulayıb: “Dizel yanacağının qiyməti kəskin şəkildə qalxıb. Aprelin əvvəlində dizel yanacağının bir litri təxminən 88 qrivnaya çatıb (hazırda 93-95 qrivnadır - red.). Bu o deməkdir ki, Ukrayna bazarında, eləcə də Avropada dizel yanacağının ciddi çatışmazlığı var. Mütəxəssislər bunu da qeyd ediblər: Avropada benzin olsa da, dizel ehtiyatı demək olar ki, yoxdur. Biz bunu Ukraynadakı qiymətlərdə görürük ki, bu da şübhəsiz ki, narahatedicidir. Aprel ayının əkin mövsümü olduğunu nəzərə alsaq, fermerlərin dizel yanacağına ehtiyacı var. Bu, müvafiq olaraq, fermerlərin yetişdirdiyi məhsulların maya dəyərinə də təsir edəcək, yəni, qiymətlər daha yüksək olacaq. Məhsul payızda piştaxtalara gələndə isə bu vəziyyət qiymətlərdə də əks olunacaq və Ukraynada yetişdirilən məhsulların maya dəyərinə təsir edəcək”.

Ekspertin sözlərinə görə, Ukrayna Yaxın Şərqdəki gərginliyin mümkün qədər tez müddətdə dayandırılması və Hörmüz boğazının blokadasından yayınmaqda maraqlıdır, çünki bu marşrutla əsasən neft (20-30%), qaz (təxminən 33%) və müəyyən növ gübrələr daşınır. Bu, Ukrayna üçün çox əlverişsizdir, çünki ölkə idxal olunan neft məhsulları və gübrələr üçün daha çox vəsait ödəməli olacaq.

Ukraynalı ekspert deyib: “Əlbəttə, Ukrayna Hörmüz boğazından yan keçəcək infrastruktur obyektlərinin mümkün qədər tez tikilməsini istəyir. Bunlar dəfələrlə qeyd olunub - Suriyadan, sonra Türkiyəyə və Avropaya neft və qaz boru kəmərləri inşa edilməlidir. Bəlkə də buna görə Ukrayna Prezidenti region ölkələrinə səfər edir. O, Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, Qətərdə və İordaniyada olub və hazırda Türkiyə və Suriyada səfərdədir. Mənə elə gəlir ki, Suriyaya səfər, digər məsələlərlə yanaşı, Yaxın Şərqdən bu ölkə vasitəsilə Türkiyəyə və daha sonra Ukraynaya logistika marşrutu qurmaq məqsədini daşıyır”.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Chosen
21
azertag.az

1Sources