EN

"Pilot bəhanə, hədəf urandır" – Tehrandan ABŞ-ın gizli əməliyyatı ilə bağlı şok iddia

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai ABŞ-ın İsfahan yaxınlığında həyata keçirdiyi xilasetmə əməliyyatının əsl məqsədinin vurulmuş pilotu xilas etmək deyil, İranın zənginləşdirilmiş uranını oğurlamaq ola biləcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, İran dövlət teleradio şirkətinə müsahibə verən Baqai, Amerika hərbi aparatlarının endiyi nöqtənin pilotun ehtimal olunan gizlənmə yerindən çox uzaqda olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, pilotun Kohgiluyə və Boyer-Əhməd əyalətində gizləndiyi iddia edilsə də, ABŞ xüsusi təyinatlılarının İsfahanın cənubuna eniş etməsi bu əməliyyatın strateji uran ehtiyatlarını ələ keçirmək üçün bir "yayındırıcı manevr" olduğunu sübut edir.

Bu bəyanat "NBC News" telekanalının Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) pilotun xilas edilməsi üçün genişmiqyaslı "dezinformasiya kampaniyası" apardığı barədə məlumatından dərhal sonra səslənib. Baqai vurğulayıb ki, ABŞ-ın bu "uran oğurluğu" cəhdi iflasa uğrayıb, lakin İranın hava məkanının pozulması beynəlxalq hüququn ağır şəkildə tapdalanmasıdır.

Hazırda İsfahandakı nüvə obyektlərinin ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb və rəsmi Tehran Vaşinqtondan bu "piratçılıq" cəhdinə görə izahat tələb edir.

Musavat.com

Chosen
21
musavat.com

1Sources