EN

Əfqanıstanda daşqınlar və torpaq sürüşmələri: 99 nəfər ölüb

Əfqanıstanda şiddətli yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı son doqquz gündə ən azı 99 nəfərə çatıb, daha 154 nəfər yaralanıb. Bu barədə Amu.tv Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin sözçüsü Yusuf Hammada istinadən məlumat verir.

O, 26 martda başlayan şiddətli yağışların genişmiqyaslı daşqınlara və torpaq sürüşmələrinə səbəb olduğunu, çoxsaylı insan tələfatına və əhəmiyyətli maddi ziyana səbəb olduğunu bildirib. Fəlakət ölkə üzrə 5000 evi tamamilə və ya qismən dağıdıb, 355 kilometr yolu yuyub aparıb və 14405 akrdan çox əkin sahəsini su basıb. Ümumilikdə 8532 ailə zərər çəkib.

Yusuf Hammad əlavə edib ki, təcili yardım paylamaq üçün ən çox zərər çəkmiş ərazilərə xilasetmə və humanitar qruplar göndərilib. Zərərin qiymətləndirilməsi davam edir.

Əfqanıstan Meteorologiya Xidməti (AMD) yaxın günlərdə güclü yağışların davam edəcəyini proqnozlaşdırıb və 34 əyalətin hamısında ucqar və həssas ərazilər üçün yeni daşqın xəbərdarlıqları yayıb.

Əziz MUSTAFA

Chosen
23
oxumeni.az

1Sources