EN

Sərhəd açılır, balans dəyişir, Bakı ilə koordinasiya həlledici olacaq

Türkiyə ilə Ermənistan arasında olan iki sərhəd keçid məntəqəsi (Əlincə və Akyaka) bir neçə ay ərzində fəaliyyətə başlayacaq. Ermənistan tərəfi artıq bütün lazımi hazırlıqları tamamlayıb, Türkiyə tərəfində isə proses yekun mərhələdədir.

Ermənistan mediası “Deutsche Welle” yayım şirkətinə istinadən xəbər verir ki, 1993-cü ildən bağlı olan sərhədin açılması ilə ölkələr uzun illərdən sonra bir-birinə yaxınlaşır. Sərhədin açılması Ermənistan Baş naziri Nikol Paşinyan üçün böyük siyasi uğur olacaq. Əgər keçidlər iyun ayında keçiriləcək parlament seçkilərinə qədər fəaliyyətə başlayarsa, bu onun lehinə ciddi arqument hesab olunacaq çünki Paşinyan illərdir Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və Qərblə inteqrasiyanı təşviq edir. Hazırda ölkələr arasında ticarət Gürcüstan üzərindən aparılır və ildə təxminən 300-350 milyon dollar təşkil edir. Türkiyə-Ermənistan Ticarət Şurasının rəhbəri Kaan Soyakın fikrincə, birbaşa əlaqə ilə ticarət həcmi bir milyard dollara qədər arta bilər. “Deutsche Welle” in məlumatına görə, Türkiyənin şərq vilayətləri, ölkənin ən kasıb bölgələri kimi sərhədin açılmasından böyük ümidlər bəsləyir, yerli biznes ticarət və turizmin, o cümlədən Ermənistandan gələn turistlərin artmasını gözləyir. Əlavə stimullaşdırıcı amil isə “Tramp dəhlizi” adlanan avtomobil və dəmiryolu marşrutudur ki, bu, Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirəcək.

Bildirilib ki, İran ilə müharibə prosesi ləngidib: yeni miqrasiya dalğası ilə bağlı narahatlıqlar sərhədin açılması üzrə danışıqları yavaşladıb.

Hikmət

Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a şərhində bildirib ki, bu məsələdə Azərbaycanla koordinasiyalı fəaliyyət qurulub:

“Ermənistanla münasibətlərin qurulması, Türkiyə-Ermənistan sərhədinin tam, yaxud qismən açılması, kommunikasiyaların bərpa olunması məsələləri Azərbaycan və Türkiyə arasında sinxronlaşdırılmış qaydada tənzimlənir. Hər iki ölkənin müvafiq komissiyaları görülən işlər barədə bir-birini məlumatlandırır. Buna görə də sərhədlərin tam yaxud qismən açılması məsələsi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilməli olacaq. Hazırda bu məsələ aktuallığını itirib. Nəzərə almaq lazımdır ki, regionda nə zaman bitəcəyi bəlli olmayan böyük müharibə gedir. Şübhəsiz ki, bu, region dövlətlərinin davranışlarına təsir edir. Digər tərəfdən iyunun 7-də Ermənistanda seçkilər keçiriləcək. Bu seçkilərin nəticəsi də Türkiyə və Azərbaycanın Ermənistana münasibətdə davranışlarını şərtləndirəcək. Buna görə də indiki mərhələdə prosesin bir qədər arxa plana keçməsi müşahidə edilməkdədir. Ancaq bütün hallarda hər hansı fəallıq olacaqsa, bu, koordinasiyalı şəkildə mümkün olacaq”.    

Nigar Həsənli
Musavat.com

Chosen
381
1
musavat.com

2Sources