EN

“Yaşıl” gələcəyə doğru...

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı hazırlıqlara start verildi

Nardar BAYRAMLI

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin COP29 miqyası baxımından bu vaxta qədər keçirilmiş tədbirlərdən çox böyük olacaq. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

Prezident İlham Əliyevin yanvarın 7-də imzaladığı Sərəncama əsasən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilib. Sərəncama əsasən Muxtar Babayevə COP29-a, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilib. Sərəncamda, həmçinin Azərbaycanın beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan COP29-un yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görəcəyi də qeyd edilib.

Məlumdur ki, hazırda bütün dünyada ekoloji çağırışların aktuallığı heç vaxt olmadığı qədər artıb. Bu da onunla bağlıdır ki, qlobal istiləşmənin və güclü sənaye inkişafının nəticəsi olaraq atmosferdə tarazlıq pozulub. Artıq dərk olunur ki, bu gün mənfi proseslərə qarşı müvafiq tədbirlər görülməsə, sabah gec olacaq. Burada qlobal təhdidə qarşı qlobal həmrəyliyə böyük ehtiyac var. Gözlənilən ümumi bəlanın qarşısını yalnız səyləri və imkanları birləşdirməklə almaq mümkündür. Meydana çıxan çağırışların əsas mahiyyəti ondan ibarətdir ki, qabaqlayıcı təhdidlər həm beynəlxalq müstəvilərdə, həm də milli səviyyələrdə koordinasiya edilərək davamlı şəkildə həyata keçirilməlidir.

Qlobal istiləşmənin və güclü sənaye inkişafının yaratdığı ekoloji fəlakətlərin qarşısını almaq üçün BMT səviyyəsində həyəcan təbili çalınır. İndiyədək qurum dünya ölkələrinin səylərini əlaqələndirmək məqsədilə bir sıra sənədlər, o cümlədən də İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qəbul edib. Həmçinin Konvensiyanın Kioto Protokolu təsdiqlənib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün Doha əlavəsi qəbul olunub. Eyni zamanda, 22 aprel 2016-cı il tarixində Paris razılaşması imzalanıb. Razılaşmanın məqsədi  Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının “tətbiqini artırmaq”, xüsusən qlobal orta temperatur artımını 2 °C-dən “çox aşağıda” saxlamaq və məhdudlaşdırmaq üçün “səy göstərmək”dən ibarətdir. Razılığa gələn tərəflər SO2 emissiyalarının zirvəsinə “ən qısa müddətdə” çatmalı olduqlarını elan ediblər.

Bəhs etdiyimiz qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada, Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Respublikamız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiqləyib. Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən  ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Paris Sazişi  isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Ümumiyyətlə, COP29-a ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. “Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.

Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını və Naxçıvan Muxtar Respublikasını  “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Beləliklə, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi ölkənin beynəlxalq müstəvidə nüfuzunun daha da güclənməsinə və etibarlı tərəfdaş kimi mövqeyinin daha da yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək.

Chosen
549
50
yeniazerbaycan.com

10Sources