"ABŞ ilə onun müttəfiqləri, həm NATO üzvü olan tərəfdaşları, həm də ümumilikdə Qərb ölkələri arasında fikir ayrılığı getdikcə dərinləşir. Əslində bu fikir ayrılığı təkcə İran məsələsinə və ya İran müharibəsinə münasibətlə bağlı deyil, bu ziddiyyətlər daha əvvəl də Rusiya-Ukrayna mövzusu ətrafında mövcud idi".
Bu fikirləri Redaktor.az-a danışan politoloq Xəyal Bəşirov səsləndirdi. O vurğuladı ki, NATO 1949-cu ildə Sovetlər İttifaqına qarşı yaradılıb və Amerika Birləşmiş Ştatları Soyuq müharibə dövründə bu alyansdan Sovetlərə qarşı uğurla istifadə edib:
"Onlar birbaşa müharibəyə girməsələr də, hərbi qarşıdurma aparmasalar da, siyasi və strateji mübarizə nəticəsində üstünlük əldə ediblər. 1991-ci ildə Sovet İttifaqı süquta uğradı və beləliklə NATO-nun yaradılarkən qarşıya qoyduğu əsas məqsəd yerinə yetirildi. Bu mərhələdən sonra alyansın ideoloji və strateji hədəfləri faktiki olaraq tamamlandı. Bundan sonra isə məntiqə görə NATO-nun fəaliyyətinə yenidən baxılmalı idi. Nizamnaməyə uyğun olaraq qarşıya qoyulan məqsədlər reallaşdığı üçün bu strukturun buraxılması məsələsi gündəmə gələ bilərdi. Lakin bunun əksinə olaraq NATO genişlənməyə başladı. Sovetlər İttifaqının dağılmasından sonra Şərqi Avropada yerləşən və əvvəl Moskvanın təsiri altında olan ölkələrin alyansa qoşulması ilə NATO dəfələrlə genişləndi. Bu genişlənmə nəticə etibarilə Rusiya-Ukrayna müharibəsinə gətirib çıxaran əsas amillərdən biri oldu".

X.Bəşirov qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsinə qədər NATO daxilində ABŞ ilə digər üzvlər arasında ciddi fikir ayrılığı müşahidə olunmurdu:
"1956-cı ildə Misirdə Süveyş kanalının milliləşdirilməsi zamanı ABŞ ilə Fransa və Böyük Britaniya arasında müəyyən fikir ayrılığı yarandı. Hər üç ölkə NATO üzvü olsa da, bu, alyans səviyyəsində deyil, ayrı-ayrı dövlətlər arasında baş verən ziddiyyət idi. ABŞ həmin məsələdə Fransa və İngiltərəni dəstəkləmədi, sonradan isə bu ölkələr Vyetnam müharibəsi zamanı ABŞ-yə eyni münasibəti göstərdi".
NURİYYƏ