EN

Azərbaycanın ali məktəbləri Qazaxıstanda "Study in Azerbaijan"da öz imkanlarını təqdim ediblər

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin "Farabi Hub" innovasiya mərkəzində Azərbaycanın ali təhsil müəssisələrinin "Study in Azerbaijan" beynəlxalq sərgisi başlayıb.

"Far.Az"un Qazaxıstan bürosu xəbər verir ki, tədbir Qazaxıstan və Azərbaycan arasında təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın inkişafına yönəlib.

Açılış mərasimində Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek ilə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, eləcə də hər iki ölkənin akademik icmasının nümayəndələri iştirak ediblər.

Sərgiyə Azərbaycanın 25-ə yaxın aparıcı ali təhsil müəssisəsi cəlb olunub. Abituriyentlər və tələbələr təhsil proqramları, elmi layihələr və akademik mobillik imkanları, o cümlədən ikili diplom proqramları və qrant dəstəyi haqqında məlumatlar əldə edəcəklər.

S. Nurbek bildirib ki, bu təşəbbüs ölkələr arasında təhsil sahəsindəki qarşılıqlı fəaliyyətin davamıdır. Onun sözlərinə görə, daha öncə Azərbaycanda keçirilmiş "Study in Kazakhstan" sərgisinə olan yüksək maraq bu cür əməkdaşlıq formatlarına olan tələbatı təsdiqləyib və onlarla müqavilənin bağlanmasına gətirib çıxarıb.

E. Əmrullayev vurğulayıb ki, təhsil sahəsindəki tərəfdaşlıq iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə kömək edir və gənclər üçün əlavə imkanlar açır. O, Azərbaycanın keyfiyyətli təhsili təmin etməyə və əcnəbi tələbələr üçün proqramları genişləndirməyə hazır olduğunu qeyd edib.

Sərgi 7-8 aprel tarixlərində işini davam etdirəcək, abituriyentlərə birbaşa Azərbaycan universitetlərinin nümayəndələrindən məsləhətlər almaq imkanı yaradılacaq.

Chosen
25
far.az

1Sources